EN

Biz gəldi, gedərik, təki VƏTƏN yaşasın!

44 günlük VƏTƏN müharibəsində bu şüarla haqq savaşına qatılaraq şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də İmaməddin Muxtar oğlu Hümbətovdur.

İmaməddin 5 sentyabr 1998-ci ildə Babək rayonu, Payız kəndində anadan olub. Orta təhsilini 2005-ci ildə Payız kənd tam orta məktəbində almağa başlayıb. Təhsilini başa vurduqdan sonra 2016-cı ilin oktyabr ayında vətən borcunu yerinə yetirməyə yollandı. Hərbi mundir formasını fəxrlə üzərində daşıyan İmaməddin hələ yeniyetmə yaşlarında olarkən vətən torpaqlarının keşiyini çəkməyi arzulayırdı. Bu arzusu onu xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qaytardı. Bir çox maneələrlə rastlaşsa da sonunda arzusuna çatdı. Xüsusi Təyinatlı Qüvvələrin 3 aylıq kursunu uğurla keçdikdən sonra silahlı qüvvələrin müddətdən artıq həqiqi hərbi qulluqçusu oldu.

Qəhrəmanımız daşıdığı formanın mahiyyətini yaxşı dərk edirdi. Hərbçilərin "kəfən" bilib geydikləri formada qanının son damlasına dək vuruşub can vermək onun çoxdankı arzusu idi.

İmaməddin 44 günlük Vətən müharibəsinə Hadrut qəsəbəsindən qatıldı. Şərəfli döyüş yolu keçən qəhrəmanımız Hadrutun işğaldan azad edilməsindən sonra Şuşaya doğru irəliləyərək kənd və şəhərlərin azad edilməsi ilə döyüşü davam etdirmişdi. O, Qarabağın göz bəbəyi olan Şuşada üç rəngli bayrağımızı dalğalandırmağı çox istəyirdi. Bu istəyinə nail olmasa da Suşaya gedən yolun açılmasında fədakarlıq edən qəhrəmanlarımızdan oldu.

Qəlbi vətən eşqiylə vuran İmaməddinin son döyüşü oktyabrın 19 da oldu. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənən İmaməddin Hümbətov Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu.

Bir daha döyüşməmək üzrə susan o böyük qəhrəmanın qəlbi vətən sevgisi ilə də dayandı. Lakin bu qəlb sahibi öz qəhrəmanlığı ilə zəfər tarixinə düşüb, ailəsinin, vətənin fəxrinə çevrildi.

Oktyabrın 24-də böyük bir izdihamla uğrunda canından keçdiyi Babək rayon Payız kəndində torpağa tapşırıldı.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Qəhrəmanımızın şəhadətə qovuşmasından 4 il ötür. Hər il olduğu kimi bu dəfə də elimizin vətənpərvər vətəndaşları igid el oğlunun məzarını ziyarət edərək ruhuna dualar oxudular. Bu əlamətdar gündə də Hümbətovlar ailəsinin yanında oldular.

Bu dəfəki toplanışımızın daha bir əlamətdar səbəbi şəhidimizin xatirəsinə ucaldılmış bulağın açılışı idi. Açılış mərasimində çıxış edən iştirakçılar cəsur döyüşçünün hayatından, döyüş yolundan, qəhrəmanlığından və dostluğundan qürurla danışırdılar.

Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Diyarımızın şəhər və rayonlarının, kənd və qəsəbələrinin ən gözəl və ən uca yerində qərar tutan Şəhidlər xiyabanı vardır. Hətta sadə vətəndaşlarımızın dəfn edildiyi qəbiristanlıqlarda belə torpağa tapşırılan el oğullarımızın məzarları şanlarına layiq şəkildə ucaldılıb, ətrafları gözəlləşdirilib və bütün azərbaycanlıların, vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.

Bütün bunlar insanların şəhidlərin xatirəsinə ehtiramlarının, həssas münasibətlərinin ifadəsidir. Şəhidlərin davamçıları varsa, arzulanan həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.

Böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə şəhidlərin adı verilib, küçə, park şəhid bacı və qardaşlarımızın adını daşıyır. Yolların kənarlarında, məhəllələrdə, gediş-gəliş gur olan yerlərdə onların xatirəsinə ehsan bulaqları tikilib. Gənc ailələrdə yurdumuzun neçə-neçə Çingizi, Mübarizi, Poladı, Seymuru, İmaməddini böyüyür...

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi: “Biz gəldi-gedərik, təki Vətən yaşasın!”.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin Üzvü

 



Chosen
46
herbiand.az

1Sources