EN

Rusiya Türkiyənin Akkuyu AES-nə yanğın təhlükəsizlik sistemini niyə vermir?..

Image

Moskva Akkuyu AES-in tikintisini Turkiyəni təsir altında saxlamaq məqsədilə qəsdən uzadır

Akkuyu Atom Elektrik Stansiyası (AES) Türkiyənin Aralıq dənizi sahilindəki Mersin vilayətinin Gülnar kəndində tikilməkdə olan nüvə elektrik stansiyasıdır. Bir blokun vahid gücü 1200 MVt olan VVER-1200 tipli reaktorlu dörd enerji bloku tikilir. Ümumi layihə gücü 4800 MVt-dır. 

Birinci blokun fiziki işə salınması 2024-cü ilə, istismara verilməsi isə 2025-ci ilə planlaşdırılırdı. Layihənin icrasına 3 aprel 2018-cü ildə başlanılıb. İlkin razılaşmaya görə, AES 2023-cü ildə istismara verilməli idi. Lakin müxtəlif səbəblərdən AES-in tam gücü ilə işə düşmə tarixi 2028-ci ilə qədər uzadılıb.

AES-in tikintisinin başa çatması müxtəlif səbəblərdən layihədə nəzərdə tutulduğu ilkin tarixdən bir il gecikdirilir. Hələ tikintinin 2028-ci ildə başa çatacağı bildirilir. Hazırda Rusiyanın Saratov şəhərində qeydiyyatdan keçən "Rubej" şirkəti Akkuyu AES-in yanğın təhlükəsizliyi sistemleri ilə təhcizatından imtina edib.

Akkuyu AES-i üçün yanğınsöndürmə sistemlərinin tədarükündən imtina etmək Saratov “Rubej” şirkətinə 352 milyon rubla başa gələ bilər. "Rubej" bu məbləği müqavilənin uğursuzluğundan 5,4 milyon dollar (və ya Mərkəzi Bankın məzənnəsi ilə 525 milyon rubl) məbləğində itkiləri sübuta yetirilən Sankt-Peterburq "Elektropult"  ASC zavoduna ödəməlidir. "Rubej" isə 1,8 milyon dollar (172 milyon rubl) məbləğində cərimə ödəməyə nail olub. Bu qərarı oktyabrın 26-da Sankt-Peterburq vilayətinin Arbitraj Məhkəməsi qəbul edib.

"Elektropult" zavodu Akkuyuya avadanlıq və müxtəlif elektron sistemlər təqdim etməli idi. 2020-ci ilin dekabrında "Elektropult" AES-in  dörd bloku üçün yanğından mühafizə monitorinqi və idarəetmə sistemlərinin istehsalı və təchizatı üçün "Rubej" şirkəti ilə müqavilə bağlayıb. Saratov mütəxəssisləri isə avadanlığı quraşdırıb istismara verməyi, sertifikatlaşdırma ilə bağlı məsələlərin həllini və xüsusi proqram təminatından istifadə hüquqlarının təmin edilməsini öhdəsinə götürmüşdü. Müqavilənin ümumi dəyəri 18,2 milyon dollar təşkil edib. 

"Rubej" AES üçün lazım olan avadanlıqları Yanğın Avtomatlaşdırma Dizayn Bürosunun obyektlərində istehsal etmək niyyətində idi. Müqavilə üzrə bütün işlərin 2023-cü ilin dekabrına qədər tamamlanacağı gözlənilirdi. Avadanlığın ilk tədarükünə isə 2021-ci ildə başlanılmalı idi. 

2021-ci ilin iyun ayına qədər tərəflər texniki nüansları müzakirə edərək yazışiblar. Heç tədarüklər başlamadan - 2022-ci ilin martında "Rubej" müqaviləyə xitam verildiyini elan etdi və bu layihə ilə bağlı bütün danışıqları dayandırdı.

"Elektropult" zavodu "Rubej"in layihədən çıxması ilə razılaşmadı. Zavodun iddiasına əsasən, 2022-ci ilin sentyabrında Sankt-Peterburq vilayətinin Arbitraj Məhkəməsi Saratov zavodunun müqaviləni birtərəfli qaydada yerinə yetirməkdən imtinasını etibarsız elan etdi. Üstəlik, müqavilənin özü 2023-cü ilin sentyabrında məhkəmə qərarı ilə ləğv edilib.

Avadanlıqların təhvil verilməsi baş tutmadığı üçün "Elektropult" zavodu "Rubej"dən cərimə tələb edib. "Rubej" isə "Elektropult" müəssisəsinin iddiaları ilə razılaşmayıb.

“Rubej”in baş direktoru Anna Qusarova “Mashnews”un sorğusuna cavab olaraq bildirib ki, şirkət cərimənin ödənilməsi ilə bağlı məhkəmənin qərarına etiraz edəcək.

Məhkəmə “Rubej” şirkətinin layihəni tərk etməsi səbəbindən "Elektropult" zavodunun birbaşa itkilərini 2,14 milyon dollar qiymətləndirib. Sankt-Peterburq müəssisəsi Rosatom Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (RACS) ilə müqavilə əsasında Akkuyuya avadanlıq tədarük edəcəkmiş. "Rubej" ilə bağlı vəziyyətə görə, "Elektropult" nümayəndələrinin məhkəmə iclaslarında açıqladığı məlumata görə, RASU ilə müqavilənin dəyəri azaldılıb. Hətta sonradan Akkuyu AES üçün yanğından mühafizə sistemləri quraşdırmalı olan "Rubej" şirkətinin qalib olduğu tenderin nəticələri belə ləğv edilib.

Bununla yanaşı, AES-in tikintisinin və onun yanğından mühafizə sisteminin quraşdırılmasında gecikmələrə bir çox digər bəhanələr də gətirilib. Məsələn, bildirilir ki, bu, Türkiyədə ilk AES olduğu üçün ölkədə bu tip stansiyaların standartları olmadığından, layihə Rusiya standartlarına uyğun icra edilib. Sonradan isə Türkiyə öz standartlarını qəbul edərək, layihəni həmin standartlara uyğunlaşdırmağı tələb edib. Halbuki, layihənin icraçı şirkəti onun sifarişçisi - Türkiyə hökuməti ilə bu standartları əvvəlcədən müəyyən etməli, ya da layihənin Rusiya standartlarına uyğun icrasını razılaşdırmalı idi. Ruslar çox güman ki, qəsdən AES-i rus standartlarına uyğun tikməyə başlayıb. Sonradan Turkiyə hökumətinin standartlar barədə tələbləri layihə müddətinin uzanmasina səbəb olub.

Bununla yanaşı, yanğından mühafizə sisteminin quraşdırılması üçün istehsal edilən avadanlıqların standartlarının razılaşdırılması üçün guya rusyalı mütəxəssislər pandemiya səbəbindən Turkiyəyə səfər edə bilməyiblər və bu səbəbdən avadanlıqlar rus standartlari ilə istehsal edilib. Hazırda isə həmin avadanlıqlar türk standartlarına uyğun gəlmədiyi üçün yararsız hesab edilir.

AES tikintisində gecikmələrin bir səbəbi kimi də Rusyaya tətbiq edilən sanksiyalar göstərilir.

Göstərilən səbəblərin ən ağlabatanı da elə yalnız sanksiyalardır. Digər səbəblər - məhkəmə çəkişmələri, pandemiya və standartlar fərqi və s.-nin AES-in işini süni şəkildə ləngitmək üçün bəhanə olduğu açiq-aşkar görünür. Bu, rus şirkətlərinin xaricdə icra etdiyi ilk layihə deyil. Lap ilk layihə olsa belə, onlar dəqiq bilir ki, bu cür dövlət səviyyəli layihənin standartlari hökumətlə mütləq razilaşdırılmalı idi. Bu razılaşma üçün səfərlərin qarşısını heç bir pandemiya kəsə bilməzdi.

O ki qaldi Rusiya məhkəmələrinin qərarlarına, həmin məhkəmələrin müstəqil olması, dövlət qurumlarının istəklərini yerinə yetirməməsi inandırıcı deyil.

Fikrimizcə, Akkuyu AES-nin tikintisində rus standartlarından istifadəyə cəhd və tikintinin vaxtının uzadılması Rusiya hökumətinin siyasi sifarişidir. Rusiya hökuməti həm AES-i öz standartları ilə tikməyə cəhd göstərməklə, həm də tikintinin vaxtını uzatmaqla Türkiyəni daha uzun müddətə özünə bağlı, bir növ özündən asılı vəziyyətdə saxlamaq istəyir. Çünki  Rusiya dəqiq bilir ki, Turkiyə ilə onun əməkdaşlığı yalnız strateji maraqlar üzərində qurulub. İndiki dönəmdə çox surətlə dəyişən dünyada, surətli geosiyasi dinamika şəraitində Turkiyə ilə əməkdaşlığa zərbə dəyə bilər. O halda Türkiyə bu tikinti müqaviləsinə görə Rusiyaya güzəştə getməyə məcbur qalacaq. Fikrimizcə, Akkuyu AES-in istifadəyə verilmə müddətinin uzanmasının əsl səbəbi məhz budur. AES-in istismara verilməsi vaxti hazırda 2028-ci il göstərilsə də, ay və gün kimi dəqiq tarixi ortada yoxdur. Bu da sübhə doğurur ki, hazirda göstərilən tarix yenidən uzadila bilər.

Akif NƏSİRLİ





Chosen
20
baki-xeber.com

1Sources