EN

Bişkek Zirvəsi bir fürsətdir

TDT ölkələri həm qlobal, həm də regional miqyasda ekoloji və iqtisadi problemlərə birgə cavab vermək potensialına malikdirlər

  Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə görüşü keçiriləcək.
TDT-nin məlumatında bildirilib ki, “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Sammit təşkilatın gündəmində olan məsələlərin müzakirəsi baxımından mühüm platforma rolunu oynayacaq. Liderlər əsas mövzularda qərarlar qəbul edəcək, anlaşmalar imzalayacaq, iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiqləyəcəklər.
  Görüşdə təşkilata üzv və müşahidəçi ölkələr arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regional və qlobal siyasi-iqtisadi inkişaf prosesləri ilə bağlı müzakirələr də yer alacaq. Liderlər Türk dünyasının birliyini və tərəqqisini daha da gücləndirmək üçün çətinliklərin öhdəsindən birgə gəlmək və imkanlardan yararlanmaq mövzularında fikir mübadiləsi aparacaqlar.
  Toplantının yekunu olaraq dövlət başçıları tərəfindən Bişkek Bəyannaməsinin qəbul edilməsi və bəzi mühüm qərarların imzalanması gözlənilir. Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək. Görüşdən əvvəl Bişkekdə toplaşan TDT Xarici İşlər Nazirləri Şurası gündəmdəki məsələləri və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin yekunlarını müzakirə edəcək.
  Bu barədə “Sherg.az"a danışan siyasi şərhçi Aqil Məmmədovun fikrincə, COP29 Azərbaycan sammitinə sayılı günlər qaldığı ərəfədə Türk Dövlətləri Təşkilatı noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində bir araya gəlməsi olduqca əhəmiyyətli bir addımdır: “Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan prezidentlər səviyyəsində bu zirvə görüşündə iştirak edəcəklər.

TDT-nin 11-ci Bişkek Zirvəsi strateji əhəmiyyətli bir tədbir kimi diqqət çəkir. TDT ölkələri geniş bir coğrafiyada yerləşməklə, həm qlobal, həm də regional miqyasda ekoloji və iqtisadi problemlərə birgə cavab vermək potensialına malikdirlər.
  COP29 ərəfəsində bu zirvənin baş tutması, təşkilatın iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsələlərlə bağlı mövqeyini  möhkəmləndirmək, vahid mövqe ilə dünya arenasına çıxarmaq üçün mühüm fürsət yaradır. Zirvə çərçivəsində  enerji təhlükəsizliyi, su resurslarının qorunması, karbon emissiyalarının azaldılması və "yaşıl iqtisadiyyat" strategiyalarının müzakirə oluncağı gözlənilir.
  COP29 öncəsi bu cür diplomatik səylər, üzv dövlətlərin qlobal ekoloji tədbirlərə daha fəal və effektiv inteqrasiyasını sürətləndirəcək.
Bişkek sammiti TDT üzvləri üçün həm regional əməkdaşlıq, həm də qlobal iqlim məsələlərində birlikdə daha güclü çıxış etmək baxımından əhəmiyyətlidir”.

Chosen
53
50
sherg.az

10Sources