Şimali Koreyadan 11-12 min əsgər artıq Rusiyaya gəlib, onlardan ən azı 10 mini Kursk vilayətindədir. Bunu Pentaqonun sözçüsü general-mayor Pat Rayder bazar ertəsi brifinqdə bildirib.
"Forbes"in yazdığına görə, onun çıxışı departamentin Youtube kanalında yayımlanıb.
Rayder deyib ki, Pentaqonun onların artıq döyüşdə olub-olmaması barədə heç bir məlumatı yoxdur, lakin Müdafiə Nazirliyi bu hərbçilərin tezliklə Ukrayna qüvvələri ilə toqquşmasını və onları qanuni hərbi hədəflərə çevirəcəyini gözləyir.
Bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat məlumatlarına istinad edərək, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna qarşı döyüşdüyü Kursk bölgəsində olan 11 min Şimali Koreya əsgərinin olduğunu açıqlamışdı.
Moskva Şimali Koreya qoşunlarının Rusiyada olmasını inkar etmir, lakin onlardan necə istifadə etməyi planlaşdırdığını açıqlamır. Qərb Şimali Koreya hərbçilərinin iştirakını Rusiya və Ukrayna arasında münaqişənin gərginləşməsi kimi qiymətləndirir.
Ülviyyə, Hurriyet.az