Yapon tədqiqatçıları tərəfindən hazırlanmış və "LignoSat" adlı dünyanın ilk taxta peyki bu gün ABŞ-ın “SpaceX” şirkətinin missiyası çərçivəsində kosmosa buraxılıb. Bu barədə “Reuters” xəbər verir.
Məhsul maqnoliya ağacından hazırlanıb, onun ölçüsü 10 sm-dir, alimlərin fikrincə, bu material davamlıdır və aqressiv kosmik mühitə tab gətirə bilir. Peyk yapışqan və vintlər olmadan ənənəvi Yapon texnologiyalarından istifadə edilməklə yaradılıb. Ekoloji cəhətdən təmiz komponentlərdən ibarətdir. Onun yaradılmasında Kioto Universitetinin alimləri və yapon ağac kəsmə şirkətinin əməkdaşları iştirak ediblər.
Tədqiqatçılar izah edirlər ki, kosmosda ağac Yerdəkindən daha davamlı ola bilər, çünki yanğına və çürüməyə səbəb ola biləcək oksigen və su yoxdur. Onun istifadəsi kosmik zibil problemini də həll etməyə kömək edə bilər - istismardan çıxarıldıqda, taxta peyklər atmosferdə yanaraq kül olacaq.
Peykin Beynəlxalq Kosmik Stansiyaya çatdırılması və daha sonra Yerdən 400 km yüksəklikdə orbitə çıxarılması planlaşdırılır. O, altı ay orbitdə qalacaq. Elektron komponentlər ağacın ətraf mühit şəraitinə necə reaksiya verdiyini qeyd edəcək: materialın daxili temperaturu və maqnit xassələrinin necə dəyişdiyini və aşağı qravitasiya ilə nə qədər genişləndiyini və büzüldüyünü.
Yapon taxta peyki “LignoSat” Kyoto Universiteti və tikinti şirkəti “Sumitomo Forestry” tərəfindən hazırlanıb, layihə Kyoto Universitetində kosmosda insan fəaliyyətini öyrənən “Space Shuttle” astronavtı Takao Doi tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, komandası ağacın kosmos üçün uyğun material olduğunu sübut etmək üçün “NASA” tərəfindən sertifikatlı taxta peyk hazırlamaq qərarına gəlib.
Almaz Həsənli