EN

Qiymətləndiricilərin növbəti ixtisas imtahanı keçiriləcək

Qiymətləndirmə fəaliyyəti üzrə növbəti ixtisas imtahanına qeydiyyat elan edilib.

18 dekabr 2024-cü il tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün 9 istiqamət üzrə növbəti ixtisas imtahanı keçiriləcək.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müavini Fərid Rüstəmov məlumat verib.

F.Rüstəmov bildirib ki, imtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Dövlət İmtahan Mərkəzinin internet saytında “Şəxsi kabinet” yaratmalı və 4 noyabr saat 17:00 tarixindən 4 dekabr saat 23:59 tarixinədək qeydiyyatdan keçməlidirlər:

“İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim ediləcək”.

Qeyd edək ki, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün 27 oktyabr 2024-cü il tarixində ilk ixtisas imtahanı baş tutub. İxtisas imtahanına 142 nəfər namizəd qatılıb, onlardan 106 namizəd imtahandan müvəfəqiyyətlə keçərək ixtisas şəhadətnaməsi əldə edib.

“Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin formasının verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. İxtisas imtahanını uğurla vermiş, ali təhsilə və 3 ildən az olmayan ümumi iş stajına malik şəxslər Qiymətləndiricilər Palatasının üzvü olmaq hüququ qazanır.

İxtisas imtahanlarının keçirilməsi ilə bağlı ətraflı məlumatı Dövlət İmtahanın Mərkəzinin internet saytından əldə etmək mümkündür.

Chosen
7
3
tribunainfo.az

4Sources