EN

Rusiyaya qarşı sanksiyalar LƏĞV EDİLİR? – Təzminat məsələsi GÜNDƏMDƏ

“Qərbin Rusiya-Ukrayna arasında başlanan müharibənin nəticəsində Moskvaya qarşı indiyə qədər misli görünməmiş sayda olan sanksiyalarını birdən-birə ortadan qaldırmaq mümkün deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi Avropa Parlamentinin Fransadan olan üzvü Tierri Marianinin Rusiya qarşı sanksiyalarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, fransalı rəsmi açıqlamasında bəyan edib ki, müharibə qurtarsa belə Aİ Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək.

R. Bayramovun fikrincə isə hər şey müharibənin hansı şərtlərlə bitməsindən asılı olacaq:

“Əgər Ukrayna və Rusiya bir masa arxasında oturub hər iki ölkənin maraqlarına uyğun gələn bir sazişə razılıq verəcəklərsə, təbii ki, həmin sazişdə ayrı-ayrı beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin mövqeləri də nəzərə alınacaq. Daha doğrusu, onlar da bu və ya digər şəkildə müharibənin davam etməməsi ilə bağlı zəmanət verə bilərlər. Bu baxımdan, sözügedən danışıqlar, əgər özündə sülhü təmin etməyə imkan verəcəksə, orada şərtlər də olacaq. Məsələn, orada Rusiya tərəfindən müvafiq ərazi reallıqları nəzərə alınmaqla sazişin imzalanması kimi şərtlərdən hansısa formada geri çəkilmə ola bilər. Lakin bu zaman Rusiya mütləq şəkildə beynəlxalq birlik tərəfindən tətbiq olunan sanksiyaların ləğvi istiqamətində də müvafiq addımların atılmasını tələb edəcək”.

Onun sözlərinə görə, hər şey sazişin hansı şəkildə bağlanmasından asılı olacaq:

“Əgər bu gün Rusiyaya qarşı sanksiyaları tətbiq edən ayrı-ayrı güclər və təşkilatlar Ukraynanın artıq müharibədən çıxmasında maraqlı olacaqlarsa, habelə Rusiyanın da sanksiyaların ləğvi ilə bağlı tələbi ortada olacaqsa, o zaman mümkündür ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Lakin düşünürəm ki, bu müharibənin əsas səbəblərindən biri də Rusiyanı tükəndirmək, iqtisadi və hərbi cəhətdən onu çökdürməyə hesablanmışdısa, o zaman uzun müddət ərzində Rusiyanı çökdürmək planını təmin etmək üçün Qərb ayrı-ayrı istiqamətlərdə sanksiyaların ləğv edilməməsi mövqeyini də ortaya qoya bilər”.

Analitik əlavə edib ki, Qərb üçün böyük ölçüdə Ukraynanın maraqları yerinə, əslində, öz maraqları daha önəmlidir:

“Əgər onların maraqları bundan sonra belə sanksiyaların qalmasından ibarət olacaqsa, onda, təbii ki, adıçəkilən proses davam edəcək. Şərtlərdən biri isə ondan ibarət ola bilər ki, sülh sazişinin imzalanmasından sonra Ukraynanın dağılmış infrastrukturunun və şəhərlərinin bərpasının həyata keçirilməsi üçün Rusiya hansısa təzminat ödəsin. Bu təzminat ödənilmədiyi halda da sanksiyaların qüvvədə qalma ehtimalı yenə də ortada ola bilər”.

“Odur ki, Avropa Parlamenti təmsilçisinin verdiyi bəyanatda, əslində, qeyri-adi heç nə yoxdur. Çünki ortada iki məqam var. Bunlardan biri odur ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi imzalanır və bunun müqabilində sanksiyalar götürülür. İkinci variant isə budur ki, saziş imzalansa, hətta bu saziş Kiyevin maraqlarına cavab versə belə, Qərb öz maraqlarını təmin etmək üçün həmin sanksiyaların icrasını dayandırmayacaq və bunlar davam edəcək. İstənilən halda, Qərb burada öz maraqlarını əsas götürəcək. Rusiyanın sanksiyalar altında qalması Avropanın maraqlarına cavab verəcəksə, davam edəcək, yox, gərə Rusiya ilə ticarət dövriyyəsi vacib olacaqsa, bu zaman, təbii ki, həmin sanksiyalar aradan götürüləcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
43
yenicag.az

1Sources