EN

Murmanskda doğuldu, Şuşada şəhid oldu, döyüşə gedəndə bunları dedi...- FOTO

Image

Pəri Məhərrəmova: “Noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”

Şuşaya uzanan yollara analar-bacılar çox baxıb köks ötürür indi. O yollardan göz yaşları axıb gedib çaylara qarışır. Anaların, bacıların gözləri qaynayan çeşmədir. 

Göz yaşım bulaq oldu

Gəlmədin qardaş, gəlmədin

Ürəyim içi yaradır

Bilmədin qardaş, bilmıədin.

Neçə-neçə bacının ürəyinin yarasından, qardaş həsrətindən soraq verir bu misralar...Qaysaq tutmayan yaralarını sarımağa bacılar qardaş istəyir. Qardaş isə şəhid olub, Vətənə canını fəda edib. Getdiyi yerdən qayıda bilməz. 

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı!

Bu bayatını Pəri və Alsu neçə dəfə ürəklərində oxuyublar Allah bilir. Bircə qardaşları nakam Şamonun şəkillərini oxşaya-oxşaya nə qədər yanıb-yaxılıblar, kül olublar. 

Vətən müharibəsi şəhidi Şamo Məhərrəmovun anası və bacıları hələ də onun yolunu gözləyirlər...

Qardaşlarının uğrunda şəhid olduğu Şuşanı görməyə Pəri də, Alsu da çox can atırdı. Oğul həsrətindən qəlbi yanıb kösövə dönən Ruhiyyə ana da o yerləri görmək istəyir, amma getməyə taqəti yoxdur, ayağının gücü qalmayıb.  

Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasının təşkilatçılığı ilə baş tutan  Şuşa səfərinə övladları və yaxınları Şuşada şəhid olan bir qrup şəhid ailəsi üzvləri də qoşulmuşdu. 

44 günlük Vətən müharibəsinə ordumuzun əsgəri olaraq qatılan Vətən müharibəsi şəhidi Məhərrəmov Şamo Mətləb oğlunun bacısı Pəri Məhərrəmova ilə 

oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Qardaşından danışdıqca Pərinin üzünü kədər bürüyür. Bircə qardaşı, ata evinin çırağı Şamodan danışmaq, onu xatırlamaq gözəl olsa da, eyni zamanda kədərli olduğu da gizlin deyil.   

“Qardaşım Şamo 1997-ci il aprel ayının 26-sı Rusiyanın Murmansk şəhərində anadan olub. Əslən Qax rayonunun Ləkit kəndindən olduğumuz üçün ailəmiz kəndə qayıdıb və Şamo 1-ci sinfə Ləkit tam orta məktəbinə gedib. Amma sonra Bakıda təhsilini davam etdirib. Belə ki, o, tam orta təhsilini Bakı şəhəri Suraxanı rayonu 279 nomrəli məktəbdə başa vurub. Qardaşım uşaq vaxtından çox ağıllı, səlis danışığı ilə hər kəsi valeh edib, hamının hörmətini qazanaraq hər zaman diqqət mərkəzində  olub. Şamonun hələ uşaq yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Özü jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailəmizin imkanına görə ali təhsil ala bilməyib. 

Şamo uşaq vaxtından zəhmətkeş, ailəsini başa düşən bir oğlan olub. Ən böyük arzularından biri ev tikdirmək və maşın almaq idi. 9-cu sinifdən restoranlarda, kafelərdə ofisant kimi işləyib  ki, məqsədlərinə çata bilsin. 

Gəncə və Qazax zonasında həqiqi hərbi xidmətdə olub.  Əsgərliyini bitirdikdən sonra maşına olan böyük həvəsinə görə rəngsaz (malyar) sənətinə meyl saldı, həmin sənətin sirlərini öyrənməyə başladı. Bir müddət Rusiyada işlədikdən sonra   yenidən Vətənə qayıtdı və öz işlərini davam etdirdi”.

Pəri deyir ki, qardaşı kənddən uzaqda işləyirdi, evə vaxtı olanda gəlirdi. Şamo o qədər vətənpərvər olub ki, müharibə başlayanda işini yarımçıq qoyub kəndə gəlib. “2020-ci ilin sentyabr ayının 27-də, müharibə başlayan gün kəndə gəldi. O günün səhərisi  Gəncəyə yola saldıq. “Vətən uğrunda şəhid olmağa gedirəm” dedi. Onun bu sözündən anam qorxdu və ağladı. Anam narahat olmasın deyə “qayıdacağam, indi hamı gedir mən də gedəcəm, amma qayıdacam” dedi. Qardaşım şəhid olacağını sanki əvvəlcədən hiss etmişdi. Bu sözü də qeyri-ixtiyari dilinə gətirmişdi. Bəlkə də anamı, atamı, bizi öz şəhidliyinə hazırlayırdı, kim bilir. 

Anamla, bacımla və mənlə sonuncu dəfə noyabrın 3-də danışdı, dedi ki, hər şey yaxşıdır, üç-dörd günə gələcəyəm. Düz yarım saat evlə danışdı. Sonra da dedi ki, adyal paylayırlar, gedim mən də götürüm. Anamla və bizimlə sağollaşdı. Sonra noyabrın 4-də atama zəng vurub deyib ki, bizi aparırlar, narahat olmayın. Bu, onun sonuncu zəngi oldu. 

Aradan vaxt keçdi, amma nə zəngi gəldi, nə də ondan bir soraq ala bildik. Axtarmağa başladıq.  Qardaşım noyabrın 7-də Şuşada əlbəyaxa döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bu xəbər bir müddət sonra ailəmizə də gəlib çatdı. Qapımızı qara xəbər döydü, heç kəsin qapısını qara xəbər döyməsin. Qardaşım noyabrın 17-də Qax rayonunun Ləkit kəndində torpağa verildi”. 

Pəri deyir ki, qardaşından çox gözəl, əziz xatirələr qalıb və  bu xatirələr heç zaman yaddan çıxmayacaq. 

“Şamo həmişə ailədən kənarda olurdu deyə, biz onun nə vaxtsa gələcəyini, bir gün qapıdan sağ-salamat içəri girəcəyini ümidlə gözləyirik. Anam da, bacım da, mən də ümidimizi kəsməmişik. Hey yol gözləyirik, hey gələcəyinə inanırıq.  Atam-anam Şamonun yolunu çox həsrətlə gözləyiblər. Şamo şəhid olandan bir il sonra atam onun həsrətinə dözməyib oğul nisgili ilə həyatdan köçdü. Qardaşımın bütün arzuları yarımçıq qaldı. Ata-anamızın da onunla bağlı arzuları çin olmadı. Şamo ilə bağlı o qədər gözəl arzularımız vardı ki...” 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Məhərrəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəsi Şamonun Vətən uğrunda şəhid olmasını özlərinə təsəlli bilirlər. Deyirlər ki, o, bir cəsur əsgər kimi canını Vətən yolunda fəda edib, ermənilərlə əlbəyaxa döyüşdə hünərini göstərib və qəhrəmancasına şəhid olub, özündən sonra igid adı qalıb Şamonun. İgid ölər, adı qalar deyib ulularımız. Şamo şəhid olsa da, adı, xatirəsi yaşayır, şəhid olduğu əziz Şuşa şəhərində onun da izi qalıb...  

Pəri Məhərrəmova qardaşının şəhid olduğu Şuşaya doğma qardaşı kimi baxır, deyir ki, Şamonun və başqa oğullarımızın qanının töküldüyü torpaq bütün Azərbaycan xalqı kimi onun üçün də əzizdir. Ruhiyyə ana şəhid anasıdır, Pəri və Alsu isə şəhid bacılarıdır...Bu yüksək adı onlara Şamo verib...

İradə SARIYEVA
Şuşa-Bakı






Chosen
23
1
baki-xeber.com

2Sources