EN

Bələdiyyə torpaqları hansı hallarda satıla bilər? - AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycanda bir sıra rayonlarda bələdiyyələrə məxsus müxtəlif təyinatlı torpaq sahələri hərrac yolu ilə satışa çıxarılır.

Bəs bələdiyyə torpaqları hansı hallarda satıla bilər? 

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, qanunvericiliyə əsasən, Bakı şəhəri istisna olmaqla, ölkənin kənd, qəsəbə və digər bölgələrində bələdiyyələr öz balanslarında olan torpaqları hərraca çıxararaq satışını həyata keçirə bilirlər:

"İlk olaraq həmin torpaqlar bələdiyyə çıxarışı alır, daha sonra isə alqı-satqı prosesi əsasında vətəndaşların mülkiyyətinə keçir. Bələdiyyə torpaqlarının satışı ilə bağlı ərazi üzrə qiymətlər müəyyənləşir. Həmin qiymətlərə uyğun olaraq vətəndaşlar ödəmə həyata keçirərək bələdiyyə torpaqlarını özünüküləşdirə, yəni öz adlarına rəsmiləşdirə bilirlər. Bələdiyyə yaranan zaman dövlət tərəfindən onlara torpaq satmaq səlahiyyəti verilir və bələdiyyələr həmin torpaqları sataraq büdcə təyin edir, daha sonra həmin torpaqlardan əldə etdikləri vergilərlə növbəti büdcələri formalaşdırır".

 

Ekspert qeyd etdi ki, Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac vasitəsilə satılması mümkün olmadığına görə, paytaxt ərazisində çıxarışsız mənzillərin sayı yetəri qədər çoxdur:

"Buna da əsas səbəb bələdiyyələr tərəfindən satılmış torpaqların təyinatlarının bəlli olmamasıdır. Bakıda bələdiyyə xəritəsinin olmaması səbəbindən hansı ərazilərin bələdiyyəyə məxsus olub-olmaması hazırda əksər ərazilərdə bəlli deyil. Çünki həmin torpaqların təyinatı zamanında dəyişilməyib, yəni kənd təsərrüfatı və digər təyinatlı torpaqlar bələdiyyələr tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün ayrılıb, həmin torpaqlar üzərində əmlaklar tikilsə də, torpaqların fərqli təyinatlı olması səbəbindən bu günə qədər 100 minlərlə insan öz əmlaklarına çıxarış ala bilmir".

Qeyd edək ki, torpaq hərracları dekabrın 5-də keçiriləcək. Ərizələr isə 4 noyabr - 3 dekabr 2024-cü il tarixlərində qəbul edilir.

Sevinc İBRAHİMZADƏ

Chosen
33
redaktor.az

1Sources