EN

Meksika səfirliyində Ölülər Günü qeyd edilib

Meksikanın Azərbaycandakı səfirliyində Ölülər Günü keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri xanım Mariya Viktoriya Romero Kabalyero qonaqları bu xüsusi bayram haqqında məlumatlandırıb. “Meksikanın kolonizasiyadan öncəki dövrünün mədəniyyətinə xas olan bu bayramda meksikalılar dünyasını dəyişən yaxınlarının xatirəsini yad etmək üçün qurbangahlar qururlar. Bu xüsusi gün Meksikada bayram kimi qeyd olunur və bu ənənənin qorunub saxlanılması bizim üçün çox önəmlidir. Bu gün biz məşhur meksikalı rəssamlar - Frida Kahlo və Dieqo Rivieraya həsr edilmiş qurbangah hazırlamışıq”, - deyə səfir qeyd edib.

Sempasuçitl (Nahuatl dilində “iyirmi çiçək” və ya “dörd yüz ləçək” deməkdir) gülləri ilə bəzədilmiş qurbangahda mərhumların şəkilləri, şəxsi əşyaları, vaxtilə sevdikləri yeməklər, kəllə formasında hazırlanmış şəkər məmulatı, “Pan de Muerto” (ölülər çörəyi - hər il Meksikada noyabrın 1-2-də keçirilən Ölülər Günündə əcdadları yad etmək məqsədilə bişirilir) və xüsusi kəsilmiş kağızlar yer alır. Hazırda bu adət-ənənə günümüzə uyğunlaşdırılaraq bir sıra dini elementləri də özündə birləşdirir.

Tədbirə gələn qonaqlara “Pan de Muerto” və Meksika kakaosu təqdim edilib. Həmçinin qonaqlar üçün vorkşop təşkil edilib, uşaqlar orada şəkər kəllələrini rəngləyərək Meksika mədəniyyəti ilə yaxından tanış olublar.

Xanım səfir qurbangahın qarşısında yerləşdirilmiş qeyri-adi bir xalçadan da bəhs edib. O, meksikalı sənətkarın istifadəyə yararsız və ovulmuş taxta parçalarından hazırladığı bu rəngli xalçanın Bakıda keçiriləcək COP29-a həsr edilən bir əsər olduğunu vurğulayıb və buna bənzər digər nümunənin Azərbaycan Milli Xalça Muzeyində sərgiləndiyini bildirib.

Qeyd edək ki, bu tədbir Meksika adət-ənənələrinin tanıdılması və ölkələr arasındakı mədəni əlaqələrin inkişafı yolunda mühüm bir addımdır.

Ölənlər Günü 2008-ci ildə ümumbəşəri irs kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Chosen
44
1
sia.az

2Sources