EN

Qərb Gürcüstanda yeni antirusiya ssenariyə başladı, müxalifət gündəlik mitinq rejiminə keçdi, Borrel hədələdi...

Image

Gürcüstanda parlament seçkilərinin başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, ictimai-siyasi müstəvidə gərginlik səngimir. Bunun əsas səbəblərindən biri isə Qərbin hələ də bu ölkədə öz məkrli məqsədlərini həyata keçirmək niyyətidir. Elə bundan irəli gəlir ki, hakim “Gürcü Arzusu”nun parlament seçkilərini qazanmasından sonra gərginlik hələ də davam edir.

Hazırda bu gərginliyi şərtləndirən məqamlardan biri də geosiyasi rəqabətdir. Beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İqbal Dürrə hesab edir ki, Qərb Rusiyanın Qafqaz siyasətinə qarşı planlar qurur: “Gürcüstanda baş verənlər Ukraynadakı siyasətin davamıdır”. Xarici siyasət üzrə mütəxəssis digər türkiyəli Səid Yılmaz isə bildirib ki, Gürcüstan Rusiyanın iki “yumşaq qarnı”ndan biridir: “Digəri isə Ukraynadır. Gürcüstan üzərindən Rusiyaya qarşı “ikinci cəbhəni” açmaq planları var. Bu, Qafqazın yeni poliqon olması deməkdir”. Proseslər göstərir ki, Qərb gürcü müxalifətindən istifadə etməklə öz məqsədinə nail olmağa can atır. Bu arada bəlli olub ki, Gürcüstan müxalifətinin aksiyaları gündəlik olacaq. “Dəyişikliklər uğrunda Koalisiya”nın liderlərindən biri Nika Meliya Gürcüstan parlamentinin binası qarşısında keçirilən mitinqdə deyib ki, onlar rejimi devirəcək bir güclü etiraz hərəkatı yaratmaq niyyətindədirlər: “Hər gün küçədə olacağıq. Heç kimin parlamentə girə bilməyəcək qədər çox olmalıyıq, ancaq yalnız Rustavelidə dayanmaq kifayət deyil, biz bütün prospektlərdə dayanmalıyıq”. Ehtimallara görə, müxalifət şəhərin əsas nəqliyyat arteriyalarını bağlamağı planlaşdırır. Artıq müxalifətçilər xəbərdarlıq aksiyası keçiriblər. Onlar Tiflisin mərkəzindəki Barataşvili körpüsündə nəqliyyatın hərəkətini dayandırıblar, daha sonra Marcanişvili meydanına doğru yürüş ediblər. Etirazçılara Tiflisə gələn isveçli ekofəal Qreta Tunberq dəstək verib. O, Gürcüstan parlamentinin binası qarşısındakı aksiyaya qoşulub. Bundan əvvəl parlamentə keçən dörd müxalifət partiyasının hamısı “Gürcü Arzusu”nun 54 faizə yaxın səs toplayaraq qalib gəldiyi seçkilərin nəticələrini tanımaqdan imtina edib. Bir çox müxalif siyasətçilərin fikrincə, nəticələr saxtalaşdırılıb. Gürcüstan prezidenti Salome Zurabişvili də səsvermənin nəticələrini tanımadığını bildirib. Zurabişvili mitinqdə toplaşanlar qarşısında çıxış edib. O, Qərb liderləri ilə danışdığını və onların da seçkilərin qeyri-legitim olması ilə razılaşdıqlarını söyləyib: “Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq. İndi bədbinlik vaxtı deyil, indi vacib olanı sakit və başımızı qaldıraraq səslərimizi qorumaqdır. And içə bilərəm ki, bu Avropa yolunun sonuna qədər və biz Avropanın qapılarına çatana qədər sizinlə olacağam. Bu, təkcə arzumuz deyil, reallıq və gələcəkdir, bizim alternativimiz yoxdur”.

Müxalifət nümayəndələri təkrar seçkilərin keçirilməsini tələb edirlər. “Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze hesab edir ki, seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir. Təbii ki, Qərb də müxalifəti dəstəkləməklə yanaşı həm də rəsmi Tiflisə təzyiqlərini davam etdirir. Nəzərə alaq ki, Avropa İttifaqının 13 üzvü 26 oktyabr seçkilərinin nəticələrini tanımaqdan imtina edib. Bundan əlavə,  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib: “Mən bu məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə Şurasının gündəliyinə də daxil etmişəm”. Onun sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir. Tiflis isə Qərblə münasibətdə konstruktiv mövqe sərgiləyir.  Gürcüstanın baş naziri İrakli Kobaxidze İtalyanın “Sky” telekanalına verdiyi son müsahibəsində deyib ki, Avropaya inteqrasiya Gürcüstan Konstitusiyasında öz əksini tapıb. Hökumətin xarici siyasətində də bu məsələ prioritet kimi müəyyən edilib: “Hökumət də Konstitusiyaya uyğun olaraq ölkənin Avropaya inteqrasiyası istiqamətində mühüm işlər görür. Bizim Rusiya ilə heç bir siyasi əlaqəmiz yoxdur, əlaqələrimiz əsasən humanitar məsələlər, ticarət və iqtisadiyyatla bağlıdır. Əgər kimsə bizə deyərsə ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun və ya digər hər hansı qanun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun deyil, biz hər hansı bir qərarı yenidən nəzərdən keçirməyə hazırıq”. Moska ilə münasibətlər toxunan baş nazir burada Qərbin istəyi əsasında fəaliyyət olmayacağını bildirirb: “Tiflis ilə Moskvanı ticarət, iqtisadiyyat və humanitar mövzular birləşdirir. Bizim ünsiyyətimiz əsasən humanitar məsələlərə, ticarətə və iqtisadiyyata aiddir”.Kobaxidze Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin olmadığını bildirib. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili  isə vurğulayb ki, Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək: “Gürcüstanın maraqlarına görə, Rusiya əleyhinə sanksiyaların tətbiqi yoxdur və olmayıb. Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək. Əgər buna görə Avropa İttifaqından aşağı qiymət alsaq belə, bu, olmayacaq”. Bu da Qərbi narazı salan əsas məqamlardan biridir.

Tahir TAĞIYEV





Chosen
41
2
baki-xeber.com

10Sources