Deyəsən tennisdə türkiyəli yeni ulduz peyda olur.
Zeynəb Sönməz bu günlərdə Meksikanın Merida şəhərində keçirilən ''WTA 250'' seriyalı turnirin qalibi olub. 22 yaşlı Sönməz ilk mərhələdə argentinalı Mariya Lurdes Karleni, ikinci mərhələdə fransalı Elza Jakmonu, 1/4 finalda ev sahibi ölkədən olan və turnirin 1 nömrəli favoriti sayılan Renata Zarazuanı yenərək yarımfinala yüksəldi. Yağış üzündən 1 günlük fasilə yarandı və nəticədə yarımfinal ilə final eyni gündə keçirildi. 1 saat 41 dəqiqə davam edən yarımfinalda rusiyalı Alina Korneevanı üstələyən Zeynəb 1 saat 10 dəqiqə davam edən finalda isə amerikalı Enn Lini iki setdə məğlub etməyi bacardı.
Zeynəb Sönməz bununla da tarixdə WTA seriyalı turniri qazanan ikinci türkiyəli tennisçi oldu. Daha öncə bunu 2016-nın aprelində ''İstanbul Cup''u qazanan Çağla Büyükakçay bacarmışdı. Bu zəfərdən sonra göz yaşlarını saxlaya bilməyən Zeynəb reytinqdə birdən-birə 36 pillə irəliləyərək 91-ci pilləyə yerləşdi və karyerasının hələ ki, ən yaxşı göstəricisinə nail oldu. Hətta Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da Zeynəbi bu tarixi uğur münasibətilə təbrik etdi.
ƏLİ