EN

Radio və televiziya işçilərinin peşə bayramı günüdür

Radio
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 1news.az-ın məlumatına görə, 6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı.
Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. 1953-cu ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün 1981-ci ildə yeni teleqüllənin tikintisinə start verilib və 1996-cı ildə teleqüllə istismara verilib. 2008-ci ildə isə teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb. Bu məqsədlə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2,5 milyon manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.

1news.az kollektivi olaraq radio və televiziya işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayırıq.

Chosen
20
17
1news.az

10Sources