- Qüdrət bəy, ABŞ-də seçkilər başa çatdı.Trampın qələbəsi Azərbaycana nə vəd edir?
- ABŞ-də güclü erməni diasporası, həm də xristian həmrəyliyindən çııxış edən böyük mərkəzlər var. Ona görə Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə nə respublikaçılar, nə də demokratlar onları işğalçı kimi tanımadı və Ermənistandan işğala son qoymağı tələb etmədi. Bütün dövrlərdə ABŞ Qarabağdakı işğalçı, əli qanlı separatçı rejimin liderlərini açıq və dolayısı yolla dəstəklədi, onlara humanitar kömək adı altında maliyyə yardımı ayırdı, o cümlədən işğalçı Ermənistana.Trampın prezidentliyi dövründə biz işğala son qoyduq. Bu baxımdan Harrisdənsə onun seçilməsi bizim üçün daha əlverişlidir. Onun yaxından tanıdığı və münasibətlərdə olduğu azərbaycanlılar, bizimlə dostluq edən yəhudi diasporasının nümayəndələri var ki, bu da onun qərarlarına təsirsiz olmayacaq. Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil və digər güc mərkəzləri ilə hesablaşmalıdırlar. O seçkidə verdiyi vədlərin 20%-ni də yerinə yetirə bilməyəcək, amma ən azından Ukraynada savaşı dayandırmağa cəhd edəcək. O bilərəkdən özünü dəlisov siyasətçi adlandırır, özünü Putinə oxşatmağa, onun kimi görünməyə çalışır, çünki dünya liderlərinin Putindən necə qorxduğunu görür. Azərbaycana münasibətə gəldikdə o, bizi ədalətsiz sülhə, Qarabağ ermənilərini birtərəfli qaydada Qarabağa qaytarmağa məcbur edə bilməz.
- COP 29-un başlanmasına sayılı günlər qaldi. Ermənistanın tədbirə qatılması naminə həbsdə olan bəzi erməni hərbçilərini azad edə bilərikmi?
- Separatçı rejimin əli qana batmış liderlərini yox, digərlərini azad etmək olar. Amma Ermənistanın tədbirə qatılması naminə yox, sülh prosesinə töhfə vermək üçün. Ona görə bu kimi məsələlərdə danışıqları aparan prezidentə güvənmək lazımdır. O bu qənaətə gələcəksə ki, kimlərisə azad etmək lazımdır, deməli ölkəmizin maraqları bunu tələb edir və biz də onun qəbul etdiyi qərarları dəstəkləməliyik.