EN

Bələdiyyə seçkilərinin elan edilməməsi qanun pozuntusudur - Müsavat Partiyası

Müxalif Müsavat Partiyası hakimiyyətin bələdiyyə seçkilərinin elan edilməsini yubadması faktını pisləyib və vətəndaşların hüquqlarının pozulması ilə bağlı açıqlama tələb edib.

Bələdiyyə seçkilərinin Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə elan edilməməsi noyabrın 5-də Müsavat Partiyasının İdarə Heyətinin iclasında tənqid olunub.

"Hazırkı çağırışı bələdiyyə şuralarının səlahiyyətləri dekabrın 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən, növbəti bələdiyyə seçkiləri ən gec oktyabrın 24-nə qədər elan edilməli idi", deyə partiyanın məlumatında bildirilir.

Müsavat Partiyası hakimiyyətdən "qanunlara riayət etməyi və vətəndaşların seçki hüquqlarının kobud pozuntusu ilə bağlı açıqlama verməyi" tələb edib.

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə qeyd edib ki, qanunvericiliyə əsasən, seçkilər dekabrda keçirilməlidir, lakin MSK seçkilərin tarixini elan etməyib. Seçki Məcəlləsinə əsasən, seçkinin tarixi səsvermə günündən azı 60 gün əvvəl elan edilməlidir.

"Dekabrda keçirilməli olan seçkilər üçün qərar oktyabrda verilməlidir. Seçki prosesilə bağlı müddətin pozulması vətəndaşların Konstitusiyanın 56-cı maddəsilə nəzərdə tutulan seçmək və seçilmək hüququnun pozuntusudur. Bu, eyni zamanda Seçki Məcəlləsinin bir sıra maddələrinin pozuntusu kimi də qiymətləndirilə bilər", deyə o qeyd edib.

Məmmədzadə hesab edir ki, MSK seçkilərin vaxtında keçirlməməsinin səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verməlidir.

MSK seçkilərin elan edilməməsi ilə bağlı tənqidlərə dair şərh vermir.

Chosen
24
turan.az

1Sources