EN

Amorim “Mançester Siti” üzərində möhtəşəm qələbəni şərh etdi

Lissabon “Sportinq”inin baş məşqçisi Ruben Amorim Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Siti” üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, “şirlər” 4-cü tur çərçivəsində qəbul etdikləri “şəhərlilər” üzərində 4:1 hesablı əzmkar qələbə qazanıblar.

“Daha yaxşı bir mənzərə təsəvvür etmək mümkün deyil. Bu gün həqiqətən bəxtimiz gətirdi, hansı ki, bəzən əskik idi. Birinci hissə bizim üçün kifayət qədər çətin keçdi: topa nəzarət edə bilmədik və hamı əsəb içində idi. Amma fasiləyə qədər birinci qolu vurduqdan sonra, oyun yaxşılaşdı.

Əlbəttə, sözsüz ikinci hissənin əvvəlində vurulmuş iki qol əsas məqamlardır – onlar oyunun gedişini tamamilə dəyişdi. Stadiondakı ab-hava da heyrətamiz idi. Mənə elə gəlir ki, qismət elədir ki, mənim vidam məhz bu yolla baş verməli idi”, – UEFA-nın mətbuat xidməti portuqal mütəxəssisdən sitat gətirir.

4 turdan sonra “Sportinq” 10 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Mançester Siti” isə 7 xalla 6-cı sıradadır.

Xatırladaq ki, noyabrın 11-dən etibarən, Ruben Amorim “Mançester Yunayted”in yeni baş məşqçisi olaraq işə başlayacaq.

Chosen
14
arena.az

1Sources