EN

Donald Tramp əvvəlki səhvləri buraxmamalıdır - RƏY

Donald Trampın hakimiyyətə qayıdışı gözlənilən idi. Çünki bu 4 il ərzində o və onun az saylı komandası çox fədakarlıqla çalışdı ki, o, yenidən öz qələbəsini əldə etsin. Buna səbəb, o, son prezident seçkilərinin nəticələri ilə razılaşmadı və onun iddiası ondan ibarət idi ki, Bayden onun səslərini oğurlayıb.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tofiq Abbasov deyib.

Politoloq hesab edir ki, Azərbaycanla bağlı Bayden və onun administrasiyasının buraxdığı səhvlərdən Tramp çalışacaq uzaqlaşsın. Çünki, həqiqətən də, Azərbaycan-Ermənistan, Gürcüstün münasibətlərinə Bayden administrasiyası çox kobud şəkildə, "tikanlı" formada müdaxilə edir. Ancaq onların əldə etdikləri boşluqdan ibarətdir. Tramp bu məsələlərdə, daha səliqəli xətt yürütməlidir, ona qadirdir.

“Mən elə başa düşürəm ki, Donald Tramp artıq yeni prezident kimi ilk növbədə özünün birinci dönəmində buraxdığı səhvlərdən uzaq olsun. Birincisi, Yaxın Şərqdə onun çox böyük yanlışlıqları oldu. Sonra o, Yaxın Şərq münaqişəsi çərçivəsində birtərəfli selektiv mövqe tutmuşdu. Digər tərəfdən, onun dövründə müharibələr demək olar, yox səviyyəsində idi. Faktiki olaraq, ABŞ dünya siyasəti baxımından, özünü bir qədər yığcam şəkildə apardı. Çünki, hegemon olmaq əlbəttə ki, bütün yerlərdə mövcud olmaq deməkdir və Tramp işgüzar insan kimi anladı ki, bütün dünyanın açarlarını bir əldəcə birləşdirmək, bir az həm təhlükəli, həm də baha başa gələn məsələdir.

ABŞ-ın belə bir yanaşması var ki, “biz birinci dövlət olduğumuza görə, hər yerdə mövcud olmalıyıq, hər yerdə iştirakımız olmalıdır, hər yerdə əlimizi cibimizə salmalıyıq”. Tramp isə bu məsələdə fərqli mövqe tutdu”.

Politoloq vurğulayıb ki, Tramp birincisi, Amerikanın imicinə əl gəzdirsin. Çünki, ABŞ öz nüfuzunu demək olar ki, əldən verib və təsadüfi deyil ki, Amerikanın bir çox yerlərdə də iştirakında səhvlər, boşluqlar yaranırdı. Digər tərəfdən də, dünyanın müxtəlif yerlərində, Afrikada, Cənubi Amerikada, Avrasiya məkanında Amerikanın siyasəti ilə bağlı narazılıqlar var.

Tofiq Abbasov hesab edir ki, evə sığınmaq məsələsi, indiki Amerika üçün çox vacib olar. Birincisi, dünya siyasətindən bir qədər uzaqlaşar və milli zəmində olan problemlərlə bilavasitə məşğul olar. Digər tərəfdən isə, biz Yaxın Şərq problemini görürük ki, orada gərginlik durmadan artır.

Siyasətçinim fikrincə, Donald Tramp İsrailin baş naziri Benyamin Netenyahunun yanlış siyasətinə birmənalı dəstək verməyəcək. Çünki, bu siyasət çox təhlükəli və sonu olmayan bir siyasətdir. Hər şeyi silah gücü ilə ölçmək, düzgün deyil.

Aminə Nəzərova

Chosen
31
operativmm.az

1Sources