EN

Yeni ingilisdilli kanalda nələr görəcəyik?

Xəbər verdiyimiz kimi, noyabrın 4-də Azərbaycanda beynəlxalq televiziya kanalı fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, bu gün Bakıda yeni kanalın fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub. Kanalın icraçı direktoru Rüfət Həmzəyev
bildirib ki, ANEWZ kanalı həftənin 7 günü, 24 saat yayımlanır: "Kanalımızı 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izləmək mümkündür. Moskva, Kiyev, Tbilisi, Ankara, Brüssel, Vaşinqton, Pekin, Astana, Almata, Daşkənd, Kabulla yanaşı, Tehranda büro nümayəndəmiz fəaliyyət göstərir. Bu, kifayət qədər ambisiyalı layihədir. Ümumiyyətlə, orta və uzun müddətli inkişaf planlarımız var".

Kanalın baş redaktoru Qay Şoun isə kanalın xəbərləri tərəfsiz və qərəzsiz çatdıracağını bildirib: "Çox çətin anlarda belə xəbərləri tərəfsiz və qərəzsiz çatdıracağıq. Ambisiyalarımız böyükdür. Lakin gələcəklə bağlı planlarımız o qədər də bəlli deyil ki, harada şöbə açacağımızı dəqiqliklə deyə bilim. Dünyada 12-dən çox büromuz var. Ermənistan barədə isə qərar veriləcək".

Kanalın gələcəklə bağlı planları genişdir.

Mətbuat konfransında ingilis dili bilən yerli jurnalistlərin kanalda fəaliyyət göstərməsi ilə bağlı suallara da aydınlıq gətirilib:

"Yerli jurnalistlərlə birgə fəaliyyət göstəririk. Sözügedən əməkdaşlar dil bacarıqlarını qısa vaxtda sürətli şəkildə inkişaf etdirirlər. Biz bu regionda yaxşı bir iz buraxmaq istəyirik. Dost və partnyor olmaq niyyətindəyik. Biz "Anewz" olaraq Azərbaycanda ingilisdilli jurnalistikanın mərkəzinə çevrilməyi hədəfləyirik. "Euronews" və digər aparıcı media subyektləri ilə treninqlər keçirilib. Hazırda bizimlə çalışan və Azərbaycandan olan jurnalistlərin ingiliscə peşə və jurnalistika metodlarının tətbiqinin təkmilləşdirilməsi üçün bütün imkanlar səfərbər olunub. Bu, davamlı prosesdir", deyə cənab Şoun qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
29
musavat.com

1Sources