EN

Avropa Parlamentinin tarixi antiazərbaycan qətnamələri tarixidir- 2 ildə 8 qətnamə...

Image

Heç kimə sirr deyil ki, erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti COP29 ərəfəsində Azərbaycana qarşı düşmənçilik mövqeyinin miqyasını daha da genişləndirir. Elə bu fonda oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə “Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri”, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələrin aparılması təşkilatın ölkəmizə qarşı qərəzinin daha bir göstəricisinə çevrildi. 

Bunun ardınca Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi Azərbaycanın suverenliyinə və daxili məsələlərinə yönəlik ciddi bir hücum oldu.

Sənədin mətnində ölkəmizin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalması, mədəni və dini irsimizin məhv edilməsi kimi məsələlərin nəzərə alınmaması Avropa Parlamentinin reallıqları görməzlikdən gəlməsinin daha bir təzahürü oldu. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Sonuncu qətnaməsində isə Avropa Parlamenti erməni hərbi cinayətkarları və separatçıları azad etməyə ğağırış edir. Bu da qurumda ciddi deqradasiyadan xəbər verir. Belə vəziyyətdə ümumən Avropa İttifaqı nüfuzunu, cəzbediciliyini itirir. Bunu Moldovadakı hadisələr də təsdiqlədi.   Düzdür, Moldovanın qərbpərəst prezidenti Maya Sandunun qələbəsi Avropa rəsmilərinə rahat nəfəs almaq imkanı verib. O, seçkilərin noyabrın 3-də keçirilən ikinci turunda rəqibi Aleksandr Stoyanoqlodan 10 faiz çox səs toplaya bilib. Amma Moldovada baş verənlər  Avropa İttifaqına həm bəlli dərəcədə ölüm-dirim həyəcanı yaşadıb, həm də xeyli buna bənzər suallar doğurub: qurumun cazibə qüvvəsimi zəifləyir? Avropa İttifaqı nəyi düz etmir? Bəlkə də, ən önəmli sual budur: Rusiya ilə ortaq qonşuluq məkanında rəsmi Moskvamı üstünlük qazanır?  Xatırladaq ki, Moldova 2022-ci ilin iyununda Avropa İttifaqına namizədlik statusu alıb. Gələn ilin əvvəlindən quruma qoşulmaqla bağlı danışıqlar başlanmalıdır. Son vaxtlar Avropa İttifaqı Moldovada həmişəkindən daha fəaldır. Namizəd olandan bugünədək Avropa İttifaqı ölkəyə 2.2 milyard avro, seçkilər ərəfəsində isə daha 1.8 milyard avro ayırıb.   Avropa ilə bütünləşməyi istəməyən müxaliq siyasətçilər İlan Şor ilə Vlad Plaxotnyuka qarşı sanksiyalar tətbiq edilib. Avropa İttifaqının 10-dan çox lideri, prezident Maya Sanduya dəstək əlaməti olaraq, bu yay Kişinyova baş çəkib.

Rəsmi Brüssel avropapərəst və rusiyapərəst düşərgələrinə bölünən Moldovanın taleyinə biganə deyil. Di gəl, seçkilərin birinci turunda Maya Sandunun Avropa İttifaqına  mümkün inteqrasiyasına “hə” deyənlərin referendumda cüzi fərqlə qələbə qazanmaları Brüsseli həyəcan təbili çalmağa məcbur edib. İndi Avropa İttifaqının bütün diqqəti gələn yay Moldovada keçiriləcək parlament seçkilərinə yönəlib. Sandunun ikinci prezidentlik dönəmində ölkə Avropa İttifaqı üzvlüyünə daha da yaxınlaşacaq. Amma bu, uzun və çətin yol olacaq, axı hökumət öz vətəndaşlarına Avropa İttifaqına qoşulmanın konkret faydalarını göstərməlidir. Əks halda, Moldova Şimali Makedoniya və Serbiya kimi illərlə namizədlik statusunda qalan ölkələrin birinə çevriləcək. Üstəlik, Avropa İttifaqını düşündürən başqa önəmli məsələlər də var. Məsələn: ABŞ-ın yeni administrasiyası, Ukrayna və Yaxın Şərqdə sürən savaşlar. Bunlar fonunda Avropa Parlamentində baş verənlər ümumən Avropa İttifaqına ciddi zərbə vurur.  Üstəlik, Avropa İttifaqıözü ilə daha yaxın bağlantıların faydasını inandırıcı şəkildə aşılaya bilmir. Bəzi müşahidəçilərin fikrincə, Avropa İttifaqı rəsmiləri paytaxt Kisinyovdan kənara tək-tək hallarda səfər edir. Digərləri Avropa İttifaqını Moldovada daha fəal olmağa, diplomat və məmurların sayını artırmağa, ölkənin regional və yerli hakimiyyət orqanlarına yetki verməyə çağırır. Moldova hökuməti də siravi vətəndaşlar üçün önəmli sonuclara çatmalıdır. Özəlliklə ədliyyə sisteminin təkmilləşdirilməsinə ehtiyac duyulur. Görünən odur ki, Avropa İttifaqıilə Rusiya arasında növbəti qarşıdurma Moldovanın daxili cəbhəsində gerçəkləşəcək. Bu halda Moldovada böyük əksəriyyət Avropa İttifaqına güvənmir. Xüsusən də qurumun Gürcüstana münasibətdə sərgilədiyi mövqe belə vəziyyət yaradıb. Bundan əlavə, Avropa Parlamentin qərəzli yanaşmaları da Avropa İttifaqına etimadı sarsıdıb. Digər tərəfdən, bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri  görməzlikdən gəlməklə onsuz da yerlə-bir olan nüfuzuna əlavə böyük zərbələr vurur. “Avropa Parlamentinin riyakarlığı o qədər böyükdür ki, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır. Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti ilə qarşılaşmasına baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və ölkəmizdən qazın alınmasının dayandırılmasını tövsiyə edirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Bu baxımdan Avropa Parlamenti son addımları ilə Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağa və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu hal da Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir.

Tahir TAĞIYEV





Chosen
22
baki-xeber.com

1Sources