EN

“Anasına deyirdi səni şəhid anası edəcəm”- Gizir Cahan Məmmədzadənin bacısı...

Image

Zərifə Məmmədzadə: “Cahan noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub”

Aşıq illər ayrısı, 

Şana tellər ayrısı

Bir gün sənsiz qalmazdıq

Olduq illər ayrısı.

Bu bayatının neçə yaşı var bilmirəm, amma onu bilirəm ki, bu bayatını əzizindən ayrı düşənlər, həsrət, hicran atəşində qovurlanlar oxuyurmuş. Zərifənin də yaralı ürəyinə yazılıb bu bayatı. Azərbaycan Ordusunun giziri, Vətən müharibəsi şəhidi Məmmədzadə Cahan Saleh oğlunun bacısı Zərifə Məmmədzadə qardaşının həsrətindən qovrulur. Cahan Zərifənin yeganə qardaşı idi, elə Zərifə də Cahanın bircə bacısı idi. Saleh kişinin halal ocağında böyüyüb Vətənə layiq oğul oldu Cahan. Taleyinə Şuşanın azadlığı uğrunda son damla qanına kimi vuruşub şəhidlik zirvəsinə ucalmaq yazıldı igid Cahanın. Hər şəhidin ömrü bir dastandır. Bu dastanlar el-el, oba-oba gəzib dolaşır, insanların yaddaşına həkk olunur. Cahanın da öz dastanı var. O bu qəhrəmanlıq dastanını Şuşada yazdı, Şuşanı işğaldan azad edən oğullarla çiyin-çiyinə yaratdı. 

“Qardaşım bir dəfə anama “Səni şəhid anası edəcəyəm” demişdi...”

Şəhid Cahan Məmmədzadənin bacısı Zərifə xanımla oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Zərifə xanım da qardaşının şəhid olduğu Şuşaya gedirdi. Gedirdi ki, özü boyda həsrətə çevrilən qardaşının döyüş yolunun keçdiyi yerləri dünya gözü ilə görsün, yaddaşına köçürsün...Orada Cahanın da, neçə-neçə onun kimi oğulların da ruhu dolaşır. 

Şuşanı gəzdim gəldim

Daşların düzdüm gəldim

Qardaş, səni görmədim

Əlimi üzdüm gəldim. 

Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 2000-2011-ci illərdə İsmayıllı rayonunun Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. Cahan barədə müxtəlif kitablarda və məqalələrdə gedən məlumatlara görə, o, 2012-ci ilin aprel ayından iyunun 2-nə qədər İsmayıllı rayon Məşğulluq Mərkəzinin göndərişi ilə Göyçay Regional Peşə-Tədris Mərkəzində ofisant kursunda oxuyub. 

2012-2014-cü illərdə Qazax hərbi xidmətdə olub. 2014-cü ilin noyabr ayında 2015-ci ilin 21 yanvarına qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “motaatıcı tağım komandirinin müavini” – “Gizir hazırlığı” kursunu bitirib. Baş Qərargah rəisinin  əmri ilə "gizir" hərbi rütbəsini alıb. Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Qazax rayonu “N” saylı hərbi hissəsinin Quşçu Ayrım kəndində hərbi xidmətini ləyaqətlə yerinə yetirib. O, 2016-cı il dekabr ayının 7-dən Gədəbəy rayon Novosaratovka qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə hərbi xidmətini davam etdirib, sonra isə Gədəbəyin adsız yüksəkliklərində xidmət edib. Cahanın xidmət etdiyi hərbi hissə döyüş bölgəsindən uzaq olsa da, o yerində dayanmayıb və könüllü olaraq Vətən müharibəsinə qatılıb. O 2020-ci ilin 24 oktyabrında ön cəbhəyə gedib, döyüşlərə qatılıb. Məlumatlara görə, Cahan xüsusi təyinatlılarla çiyin-çiyinə döyüşüb. Ən son danışığında deyib ki, Şuşaya 5 kilometr yol qalıb, Şuşanı azad edib qayıdacağam. 

Z.Məmmədzadə bildirir ki, qardaşı vətənə, torpağa çox bağlı idi. “Cahan mənim yeganə qardaşım idi. Şuşanı azad etsə də, salamat qayıtmadı, evimizə şəhid olaraq qayıtdı. Axı söz vermişdi ki, mütləq qayıdacaq. Nişanlı idi. Toyunu təxirə salıb döyüşə yollandı. Qardaşım üçün çox darıxırıq. Elə bil dünyamız tamamilə boşalıb. Çox vətənpərvər, çox cəsur oğlan idi. Qardaşım gizir idi və 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmək onun ən böyük arzusu idi. 44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Cahan noyabrın 5-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub”.

Zərifə xanım deyir ki, qardaşı torpaqların azad edilməsini öz canından əziz bilirdi. Onun sözlərinə görə, Cahan düşməndən qisas almaq hissi ilə yaşayırdı, şəhidlərimizin qanını yerdə qoymamaq, torpaqlarımızı azad etmək onun ən böyük arzusu idi. “Qardaşım bir dəfə anama  “Səni şəhid anası edəcəyəm” demişdi. Çox qəribədir ki, şəhid olacağı qardaşımın ürəyinə dammışdı. Anam yeganə oğlunu itirdiyi üçün çox yanıb-yaxılır, kədərlənir, eyni zamanda da  şəhid anası olmaqdan qürur hissi keçirir. Qardaşımın itkisi bizi çox sarsıdıb. Amma təsəllimiz odur ki, Vətən uğrunda şəhid olub. Şəhid olmaq onun arzusu idi. Baxmayaraq gözü yolda qalanı vardı, amma Vətən sevgisi ona hər şeydən əziz oldu”.

Zərifə xanım deyir ki, atası Saleh kişi, anası İlhamə xanım və o özü hər zaman Cahanın yolunu gözləyirlər. Gözləməkdən gözlərinin kökü saralır, amma Cahan qayıtmır ki, qayıtmır. Bir də yadlarına düşür ki, o, hərbi xidmətdə deyil, şəhid olub, məzarı Təzəkənd kəndindədir. Bu gün bütün şəhidlərimiz kimi onun da məzarı xalqımızın, xüsusən də gənc nəslin ziyarət yeridir...
 Bildirək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cahan Məmmədzadə xalqımızın unudulmaz oğullarından biridir. Adı nəsillərdən nəsillərə keçib yaşayacaq, heç nə, heç kim qəhrəmanımızı tarixin, başlıcası isə ana Vətənin yaddaşından silə bilməyəcək. 

İradə SARIYEVA
Şuşa-Bakı






Chosen
29
baki-xeber.com

1Sources