EN

Polkovnik-leytenant TTM-dən oğurlanan 9 milyon 369 min manatın bir hissəsini qaytardı - maliyyəçi zabitlərin işi

Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com  xəbər verir ki, prosesdə Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov çıxış edib.

O bildirib ki, Rəşad Məlikzadəyə məxsus üzərindən həbsi götürülmüş əmlak satılıb və əldə olunmuş 698 min manatlıq vəsait dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət büdcəsinə köçürülüb.

Daha sonra hakimlər son söz demək üçün Rəşad Məlilzadəyə müraciət ediblər.

Rəşad Məlikzadə səhhəti ilə bağlı çxışa hazır olmadığını deyib. O, hakimlərdən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib. Hakim Rafiq Abbasov deyib ki, bundan əvvəl də ona çıxışa hazırlaşmaq üçün vaxt verilib. Rəşad Məlikzadəyə sonuncu dəfə çıxışa hazırlaşmaq üçün vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.

Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.

Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb.

General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi ayrı icraatda davam edir.

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Proses noyabrın 25-də davam etdiriləcək.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Chosen
17
3
musavat.com

4Sources