EN

Tramp keçmiş prezidentləri, sabiq dövlət katibini və bir neçə məşhur şəxsi həbs etdirə bilər

Tramp

ABŞ-dakı prezident seçkilərində qalib gələn Donald Tramp Ağ evə qayıtdıqdan sonra siyasi rəqiblərindən qisas almağa cəhd edə bilər.

Reyting.az
xəbər verir ki, “Politico” nəşri ABŞ-nın yaxın tarixində ilk siyasi məhbus ola biləcək məşhur siyasətçilərin siyahısını da tərtib edib.

Bildirilir ki, Tramp illərdir öz çıxışlarında və sosial şəbəkələrdəki yazılarında siyasi rəqiblərinin, onu tənqid edən media mənsublarının mühakiməsi, həbsi, deportasiyası, hətta edamı kimi qisas xarakterli çağırışlar edib. 2024-cü il kampaniyasının son həftələrində isə qisas çağırışını təkrarlayıb.

Trampın bir çox tərəfdarları təhdidləri kampaniya ritorikası kimi rədd etsə də, başqaları, o cümlədən Trampın ən yaxın məsləhətçiləri onun bu təhdidlərə əməl edəcəyinə dair qorxunc xəbərdarlıqlar səsləndiriblər. Axı, indi o, reytinqlərdən narahat deyil, çünki o, artıq yeni prezidentlik müddətinə namizəd ola bilməyəcək. Və ABŞ Ali Məhkəməsinin prezidentlərə vəzifədən getdikdən sonra belə cinayət məsuliyyətindən geniş toxunulmazlıq verən maneələrlə bağlı qərarı onu repressiyaya başlamağa cəsarətləndirə bilər.

Trampın özünə görə, indi öz azadlıqları və bəlkə də həyatları üçün narahat olmalı olan insanların siyahısı aşağıdakı kimidir:

Hazırkı prezident Co Bayden. Tramp Baydeni korrupsioner hesab edir və iyun ayında onun “vətənə xəyanətə görə həbs edilməli olduğunu” deyib.

Hazırkı vitse-prezident Kamala Harris. Tramp Harrisin ABŞ-dakı qaçqın böhranına görə birbaşa məsuliyyət daşıdığını və insanların “onun sərhəddəki hərəkətlərinə görə öldürüldüyünü” iddia edib.

Keçmiş prezident Barak Obama. 2020-ci ildə Tramp Obamanı Rusiya ilə şübhəli əlaqələrdə ittiham edib. Bu ilin avqustunda Tramp sosial mediada Obamanın “ictimai hərbi tribunallarına” çağırış mesajını yenidən yayımlayıb.

Keçmiş dövlət katibi Hillari Klinton. 2016-cı il seçkiləri zamanı Tramp dəfələrlə Klintonun e-poçt hesabından məxfi məlumatların sızması ilə bağlı qalmaqala görə onu həbsə atmağa çağırıb. Bu ilin iyununda Tramp mövqeyini təkrar edib.

Keçmiş spiker Nensi Pelosi. Sentyabr ayında Tramp Pelosinin mühakimə olunmalı olduğunu söyləyib.

Hunter Bayden və Bayden ailəsinin qalan üzvləri. Tramp deyib ki, Bayden ailəsi ilə bağlı korrupsiya faktlarını araşdırmaq üçün xüsusi prokuror təyin edəcək. O, kimi və nə üçün araşdıracağını açıqlamayıb, lakin bəzən Baydenin oğlu Hunterin Çin mənbələrindən aldığı pullardan danışıb.

Facebook qurucusu Mark Zukerberq. Tramp və onun bəzi müttəfiqləri 2020-ci ildə həyat yoldaşı Prişilla Xan və seçki infrastrukturunu yaxşılaşdırmaq üçün 420 milyon dollar ayırdıqdan sonra Zukerberqi kəskin tənqid ediblər. Tramp tərəfdarlarının iddiasına görə, bu pul onun yenidən seçilməsinə xələl gətirmək üçün bir hiylə olub.

Bundan başqa, potensial siyasi məhbusların siyahısına ABŞ-nın hüquq-mühafizə sisteminin Trampa qarşı təhqiqatlarda iştirak edən bir sıra nümayəndələri, həmçinin müxtəlif dövlət qurumlarının digər keçmiş rəsmiləri və hətta jurnalistlər də daxildir.

Y. QACAR
Chosen
10
1
reyting.az

1Sources