EN

Bəlkə atalar dörddən deyib?! - YENİLƏNİR

Bu gün növbəti dəfə bütün yerli futbol ictimaiyyətinin qəlbi “Qarabağ”la döyünəcək. Hər birimizin yeganə istəyi yalnız qələbə olacaq. Bəli-bəli, söhbət “köhlən atlar”ın “Bude/Qlimt” ilə qarşılaşacağı matçdan gedir.

Komandanı tribunalardan dəstəkləmək üçün Norveçə yollananlar öz yerində. Qalanları matçı “CBC Sport”la izləyəcək.

Avropa Liqası
əsas mərhələ, 4-cü tur
Bude/Qlimt – Qarabağ

Bodo, “Aspmyura” stadionu. Saat 21.45.

Düzdü, yenə ümidliyik. Lakin barışmalı olduğumuz reallıqlar da var ki, hər kəsi çəkindirir. Hər halda, “Qarabağ”ın böhran yaşadığını düşünənlər az deyil. Ona görə ki, indiyə qədər yalnız avrokubokları əhatə etdiyini düşündüyümüz uğursuzluqlar cümə günü premyer-liqada da hiss edildi. “Köhlən atlar” “Turan Tovuz”un meydanında nə qol vurdu, nə də baxımlı oyunla yadda qaldı. Belədə bəzilərinin “Bude/Qlimt”lə oyun haqda danışarkən naratlıq keçirməsi anlaşılandı. Artıq Juninyonun məhsuldarlığı, Romao və Medinanın keçilməz sədd olması kimi qəliblər parçalanmağa doğru gedir.

Təbii ki, vacib matçdan əvvəl neqativ enerji saçmaq, ümidsizliylə qapılmaq doğru deyil. Lakin “fincanın dolu tərəfi” yox səviyyəsindədi. Elvinlə Romaonun “Ayaks”la oyunda “qırmızı” alaraq cəzalı vəziyyətə düşdüklərini bilirik. Qurban Qurbanov Tozuda Romaoya şans vermədi, Cəfərquliyevə isə sona yaxın meydana buraxdı. Deməli, o, “Bude/Qlimt”lə oyunun modelini sınayırdı.

Yaxşı ki, zədəlilərlə bağlı xəbərlər xoşdu. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə, Şahruddin Məhəmmədəliyev və Amin Ramazanovdan başqa bütün futbolçular meydana çıxmağa hazırdı. Həmçinin Qurban bəyin cəzalı köməkçisi Çudomir Çakarovun da Norveçə yollanacağı bəllidi. Baxmayaraq ki, bolqar mütəxəssis texniki zonada əyləşə bilməyəcək. Onu da bildirək ki, “Bude/Qlimt” 8300 yerlik stadionda keçiriləcək oyun üçün “Qarabağ”a 400 bilet ayırıb.

Bəs rəqibin düşərgəsində nə var, nə yox? Komanda bu mövsüm Norveç çempionu olmaq istəyir. Özü də Skandinaviya ölkəsində mövsümün bitməsinə cəmi üç tur qalıb. Düzdü, kollektiv srağagün iddialı rəqiblərindən sayılan “Molde”nin meydanından bir xalla qayıtdı (3:3). Lakin bu, budelilər üçün ciddi itki deyil. Hər halda, növbəti rəqiblərlə sınağın favoriti məhz “Bude/Qlimt”di. Komandanın Avropa Liqasındakı “səma”sı da aydındı. Norveçlilər ilk 3 turda “Porto” və “Braqa”nı məğlub edibsə, “Yunion”la qolsuz “sülh”ə razılaşıb. Maraq üçün qeyd edək ki, komandanın dəyəri 42,8 milyon avrodu. Heyətdəki 33 futbolçudan 9-u legioner, 6-sı milli üzvüdü. Bir məqamı da vurğulayaq ki, “Bude/Qlimt”in hazırda 8 oyunçusu zədəlidi. Norveçli Kyetil Knutsenin rəhbərlik etdiyi komanda indiyə qədər üç dəfə ölkə çempionu olub. Onların ev oyunlarını keçirdiyi “Aspmyura” 8300 tamaşaçı tutumuna malikdi. Ümumiyyətlə, komandanın 2021-ci ildən bəri yüksəliş dövrünü yaşadığını deyə bilərik. Həmin mövsümdə Çempionlar Liqasında debüt edən budelilər ötən “futbol ili”ndə Konfrans Liqasının qup mərhələsindən “sağ çıxmaqla” pley-offa qədər irəliləyib. Burda norveçlilərin məhz “Ayaks” dayandırıb (1:2, 2:2).

KƏNAN BAHADIR

Chosen
69
football-plus.az

1Sources