EN

Bakıda zəhərlı paltarlar satışa çıxarılır! - “Azad İstehlakçılar” İctimai Birliyi həyacan təbili çaldı

"Sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər!" 

Musavat.com xəbər verir ki, bu həyacan doğuran fikirlər “Azad İstehlaçkılar” İctimai Birliyinin(AİİB) açıqlamasından götürülüb. AİİB qeyd edir ki, biznes qurumları arasında olan heç bir mübahisə əsla maraqlandırmır! Və bu kimi məsələlər istehlaçkı hüquqlarına aid deyildir. Lakin aşağıda bəhs olunan bu məsələdə, son nəticədə istehlakçılar sağlamlıq baxımından ciddi zərər çəkə bilərlər. Ona görə də bu məsələyə biganə qalmaq olmur və istehlkçılara, dövlət orqanlarına öncə məlumat vermək qərarına gəldik!

Belə ki, “Azur” Ticarət Mərkəzinin sahibləri ilə “FB COMPANY” MMC-nin direktoru Qəribov Anar Əli oğlu(0552200022) və fərdi sahibkar Əliyev Ağa Ələmdar oğlu(0555554777) arasında mövcud olan qarşıdurma artıq insanların həyat və sağlamlığına ciddi təhlükə yaradacaq mərhələyə qədəm qoyub. Bir milyon manatdan çox zərərin əvəzini qarşılamaq üçün sahibkarlar insan orqanizmi üçün son dərəcə zərərli maddələrlə zəhərlənmiş paltarı anbardan çıxarıb satmaq qərarına gəliblər!

“Azur”un rəhbəri olan Fuad Rzayev ( “Azərenerji”nin rəhbəri Baba Rzayevin oğlu) və Babək Babayev (“Yeni Həyat” şirkətlər qrupunun rəhbəri) ilə Anar Qəribov və Ağa Əliyev arasında mübahisə 2020-ci ildə başlayıb. O zaman ticarət mərkəzinin rəhbərliyi aralarında bağlanan müqavilənin şərtlərini pozaraq sahibkarlara məxsus 20 min ədəddən artıq paltarı, o cümlədən uşaq geyimlərini “Azur”da icarəyə götürdükləri mağazadan icazəsiz şəkildə çıxararaq, “Grand Hayat” Yaşayış Kompleksinin zirzəmisinə aparılması barədə göstəriş veriblər.

“Azad İstehlaçılar”İctimai Birliyi tərəfindən əldə olunan materiallar göstərir ki, mağazadan çıxarılan mallar uzun müddət rütubətli, baxımsız şəraitdə, müvafiq qulluq göstərilmədən saxlanıldığından xarab olub, kiflənib, çürüyüb, üzəri müxtəlif qurd və həşəratların təsirinə (parazit, helment yumurta izi) məruz qalıb. Qeyd edək ki, 08.04.2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanov (050 2000902) da satış üçün nəzərdə tutulan geyim əşyaların yararsız, avadanlıqlarda isə qüsurların olmasına dair 9-8081 nömrəli 07 fevral 2022-ci il tarixli rəsmi ekspert rəyini təqdim etməklə bildirib.

Amma “Azur” rəhbərləri başladığı işi sona çatdırmaq və sahibkarlara vurduqları ziyanı ödəməkdən yayınmaq üçün paltar və avadanlıqları “təmizləmək” qərarına gəliblər. Bunun üçün isə insan orqanizminə son dərəcə təhlükəli olması səbəbindən 2004-cü ildə beynəlxalq razılaşma əsasında dünyanın 7 ölkəsi istisna olunmaqla(Mozambik Zimbabve, daha 5 ölkə) istifadəsinə qadağa qoyulan DDT (DUST) preparatından istifadə edilib. Təhlükəli maddədən (DDT) istifadə edildiyini Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında cəlb edilmiş “Az-Ekspertiza” MMC -nin götürdüyü nümunələri təqdim etdiyi Azərbaycan Akkreditasiya Mərkəzində akkreditasiya olunmuş “Chemlab” laboratoriyası 01.06.2023-cü il tarixdə 0613 saylı sınaq protokolu ilə təsdiq edib (Sənəd mövcuddur).

Zəruri qeyd: “təmizlənməsi” zamani istifadə edilən DDT və onun metobolitləri insan orqanizminə son dərəcə təhlükəli, kansoregen, hormonal, dermatoloji, allergik, nevroloji, həzm sistemi pozğunluğu kimi problemlər yarada bilir.

Bu faktdan sonra növbəti mərhələyə əl atılıb. Eyni təşkilatın, yəni Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin digər eksperti Kamran Dünyamalıyev (070 3431819) növbəti ekspertiza rəyində, nədənsə növbəti məhkəmə baxışında, öz kollegiyası Elvin Qəhramanovun öncə verdiyi ekspert rəyini təksib edərək, həmin mallarının 85%-nin satışa yararlı olması dair 8.08.2023-cü il tarixli 9/2015 saylı ekspert rəyi verib(Sənəd mövcuddur). Məhkəmə Ekspertiza Mərkəzinin iki ekspertinin bir birinə zidd olan iki rəsmi sənədi təəccüb və sual dogurur!?

Nəticədə, Bakı Apellyasiya Məhkəməsi laboratoriyanın sınaq protokolunun nəticəsini sübut kimi qəbul etməyib və kanserogen tərkibli geyimlərin (o cümlədən uşaq geyimləri ) 85 faizinin satışa yararlı olması barədə 14.09.2023-cü il tarixində 2-2(103)-141/2023 saylı qətnamə çıxarıb. Sonradan 01.03.2024-cü il tarixində 2-2(102)-44/2024 saylı qərarı ilə Ali Məhkəmənin Kommersiya Kollegiyası da həmin qətnaməni dəyişdirmədən qüvvədə saxlayıb.

“FB COMPANY”MMC-nin AİİB-in tələbi əsasında təqdim etdiyi məlumatda qeyd olunur ki, paltarların istifadə üçün tam yararsız olduğunu sübut edən və məhkəmə iclası zamanı məhkəmə zalında quraşdırılmış nəzarət kamerası altında təqdim edilən yüzlərlə foto və videomaterial (692 sayda fotoşəkil və 2 ədəd elektron daşıyıcı flaşkart) məhkəmə işinin materialları arasından yoxa çıxıb! AİİB-ə təqdim olunan məlumata görə, bu foto və videomateriallarda paltarların sonradan sağlamlıq üçün son dərəcə təhlükəli olan kimyəvi maddələrlə” təmizlənməklə” onların kif bağlaması, üzərində qurdların olması faktları olub. Əks olunan faktların izinin itirilməsinə yönəlmiş hərəkətlər bu əməllərin qəsdən törədildiyinə dəlalət edir.Bu faktların yox olması kimin marağındadır?!

Verilən məlumatda qeyd olunur ki, bu işdə yeni fiqurant ortaya çıxıb. Məlum olub ki, zəhərli maddələrlə “təmizlənmiş” paltar və avadanlıqların saxlanıldığı anbar bir xanımın adına sənədləşdirilib. Qəribov və Ağayev yeni sahibkar haqqında indi xəbər tutublar. Xanım sahibkar paltar və avadanlıqların 4 il ərzində onun anbarında saxlanmasına etiraz etməyib, hüquqları ilə bağlı iddia qaldırmayıb. Amma indi o sahibkarların malları tez bir zamanda anbardan çıxarılması və daşınma xərclərinin “FB COMPANY” MMC tərəfindən ödənilməsi ilə bağlı Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Ortaya suallar çıxır: Laboratoriya tərəfindən təhlükəli maddələrlə təmizlənməyə məruz qaldığı təsdiq edilən paltarlar hara aparılmalıdır? Onların daşınmasında iştirak edəcək şəxslərin sağlamlığına zərər dəyməyəcəyinə kim zəmanət verəcək? Paltarların satışa çıxarılacağı təqdirdə onları alaraq geyinən insanların, o cümlədən azyaşlı uşaqların kütləvi şəkildə müxtəlif onkoloji və sair xəstəliklərə tutulmasına biganə qalan insanların məqsədi necə olursa-olsun pul qazanmaqdırmı?!

Yəqin ki, dəymiş zərəri kompensasiya etmək üçün təhlükəli malların sahibi bu geyimləri bazara çıxarıb istehlakçılara satacaqlar. Nə üçün Azərbaycan istehlakçıları müxtəlif, təzadlı ekspert rəyləri verilmiş malları xəbərsizlikdən almalıdırlar!?

Təəssüf ki, istehlakçılara səhih məlumat vermək üçün satışa çıxarılması istisna olunmayan bu təhlükəli paltarların harada satılacağı və tanıdılması üçün əlimizdə heç bir material yoxdur!

Bu malların bazara çıxarılmasının qarşısını almaq üçün AİİB mediaya müraciət etməklə bərabər, İqtisadiyyat Nazirliyi yanında Antiintisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Səhiyyə Nazirliyinə rəsmi müraciətlər göndərib.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Chosen
4
21
musavat.com

10Sources