EN

“Vətən sevgisindən Zəfər marşına” FOTOLAR

8 Noyabr - Zəfər Günü münasibətilə AMEA-nın Azad Həmkarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının və YAP Yasamal rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir keçirilib. Tədbirə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyi və Rəyasət Heyətinin üzvləri, alimlər, ictimai xadimlər, Vətən müharibəsi qaziləri və şəhid ailələri qatılıblar. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ilə qazanılan Qələbəni ölkəmizin minillik tarixinin zirvə nöqtəsi adlandırılaraq bildirdi ki, “Ordumuzun göstərdiyi qəhrəmanlıq və rəşadət 30 illik işğala birdəfəlik son qoydu, cənab Prezidentin apardığı ədalətli müharibə ədalətin təntənəsi ilə başa çatdı, 2023-cü ildə həyata keçirilən birgünlük antiterror tədbirləri ilə Azərbaycanın tam ərazi bütövlüyü və suverenliyi təmin olundu”.

44 gün ərzində Qarabağda gedən müharibə həm döyüş cəbhəsindəki qələbə, həm də informasiya cəbhəsindəki böyük intellektual bacarağı ilə Azərbaycan Prezidentinin qüdrətini, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətini nümayiş etdirdi. Bu gün biz dünya qarşısında alnıaçıq şəkildə qalib xalq kimi tanınırıq!”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA-nın müşaviri akademik Yaqub Mahmudov isə çıxışı zamanı Azərbaycanın dövlətçilik tarixinin və əldə edilən Zəfərin izahını elmi faktlarla nəzərə çatdırıb. Alim torpaqları dəfələrlə bölüşdürülən Azərbaycan üçün bu tarixi qələbənin mühüm rolunu bildirərək, Qələbənin bünövrəsini qoyan Ulu Öndər Heydər Əliyevin siyasətini Prezident İlham Əliyevin böyük əzmlə davam etdirərək xalqımızı Şanlı Zəfərə apardığını vurğulayıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov “Qələbənin fəlsəfəsi və siyasi lider amili” mövzusunda çıxış edərək bildirib ki, Heydər Əliyev dühası sübut etdi ki, dövlət güclü olmalıdır və yalnız güclü dövlət hər şeyə qadirdir. “Bunu nəzəriyyədə və praktikada Ulu Öndərdən əvvəlki dövlət başçıları edə bilmədi. Və Ulu Öndər sübut etdi ki, güclü ideologiyanın cəmiyyətə sirayət etməsi, Vətən təəssübkeşliyinə sağlam düşüncəli vətəndaş yetişdirmək bu siyasətin hərəkətverici qüvvəsidir. Bunların vəhdəti qələbədir. Bu gün Qalib lider və uğurlu siyasi varis İlham Əliyevin timsalında açıq görürük ki, siyasi lider amili çox önəmlidir və həlledicidir”, - deyə Sənan Həsənov vurğulayıb.

Tədbirdə iştirak edən Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı şəhid atası Zahir Bağırov, şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə çıxış edərək bu Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Çıxışları zamanı şəhid ailə üzvləri dövlət tərəfindən onlara göstərilən qayğıdan danışıblar.

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Roksana Səfərzadə də öz növbəsində kitabxananın tarixi Zəfərə olan töhfəsindən danışıb. Rəhbəri olduğu fondun yerinə yetirdiyi missiyanı nəzərə çatdırıb.

Tədbir ərzində tarixi Zəfərə aparan dövlət siyasətindən bəhs edən videoçarx, eləcə də MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda mühafizə edilən nəşrlərin elektron və ənənəvi sərgisi nümayiş olunub.

Chosen
63
3
sesqazeti.az

10Sources