EN

“Kredit büroları haqqında” qanuna dəyişiklik son oxunuşda təsdiqlənib

Milli Məclis mobil telefon operatorları müştərilərinin kredit tarixçələrini onların razılığı olmadan kredit bürolarına təqdim etməsi ilə bağlı dəyişikliyi son oxunuşda təsdiqlənib.

“Report” xəbər verir ki, bununla bağlı “Kredit büroları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər. Bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.

Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.

Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaq.

Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.

Qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.

Layihə səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Chosen
6
49
far.az

10Sources