EN

Ömrü gilizə sığan oğlanların bir hissəsi şəhid oldu

II Qarabağ müharibəsi qazisi, hazırda Kürdəxanı təcridxanasında saxlanılan vicdan məhbusu Ruslan İzzətlinin müharibə xatirələri...

III hissə  


Mayor İsgəndərov bizə dedi ki, mən də Qarabağdanam, sizin qədər mən də döyüşə qatılmaq istəyirəm. Amma əmr gəlməlidir. Kor-peşman qayıtdım cəmləşmədə hər bölüyün özü üçün hazırladığı düşərgəyə... 

Cəmləşmədə hər əsgər özü üçün "ev" qurmuşdu. 2 kv metr ərazidə hər kəs torpağı məzar kimi qazıb, içinə saman töküb orada yaşayırdı. Hər qazdığımız "məzara" girəndə düşünürdüm ki, öz əli ilə 19 yaşlı gənc məzarən qazıbsa, onu ölümdən nə qorxusu ola bilər? 

Gecə o "məzar" içinə uzananda ulduzları seyr edərək düşünürdüm - 1993-cü ildən qalan Qarabağ problemin artıq 2001, 2002-ci illərdə doğulan gənclər həll edir... O gənclər ki, onların xəyalı, arzuları var idi... 

Cəmləşmədə yan-yana yatdığımız əsgərlərdən kimisi şəhid oldu, kimisi qazi... 

Gecələr dəhşət soyuq olurdu. Şeh üstümüzə düşəndə tək qoruyacağımız silahımız idi. Çünki düşünürdük ki, silaha şeh düşərsə döyüşdə bizi yarı yolda qoyar. Özümüzdən çox silahımızı, qələbəni düşünürdük... 

Düşmən tərəfindən atılan minamyot yaxınlıqlara düşürdü. Artıq o səsə öyrəşmişdik. Gecə soyuqdan ocaq qalaya bilmirdik. Çünki Qarakənd istiqamətindən düşmən ocağı görüb bizə hücum edə bilərdi. Gecə tam zülmət, yalnız qırıq radiomuzdan qələbə xəbərləri dinləyiridik, paraleldə də minamyot səsləri... 

Bizim yaxınlığımızda hərbi hissə komandirimizin müşahidə məntəqəsi var idi. O zaman komandirimiz polkovnik-leytenant Vüsət Xanıyev idi.
 
Savadlı və cəsur hərbçi idi. Bronojiletsiz düşmən üzərinə qorxmadan gedən komandirim haqda sizə gələcək yazılarımda danışacam. Danışacam, bilin ki, ordu yalnız Nəciməddin Sadıkovlardan ibarət deyil, Vüsət kimi cəsur hərbçilərimiz də var...
 
Artıq ölümün bir addımlığındayıq. Çünki çay içib söhbət etdiyin dostunu 1 saniyə sonra düşmən gülləsi səndən alırdı. O zaman öz-özümə hesabat verdiyim saatlar çox olurdu. Ən çox azyaşlı oğlumla çox vaxt keçirə bilmədiyimə üzülürdüm... Axı mən nə bilərdim ki, həyatda ölümlə göz-gözə gəlmək də olurmuş... 

Ailəmlə danışırdım. Soruşurdular ki, hardasan? Deyirdim ki, Beyləqanda xəstəxanada yaralılara kömək edirəm, döyüş ərazisindən uzağam. Anam, yoldaşım hər dəfə deyirdi ki, əməliyyatdan təzə çıxmısan, üstünü ört, özünü soyuqdan qoru...
 
Onlar hər bunu deyəndə mənim döşəyim saman qırıqları, yorğanım isə qolsuz kitel idi. 

Yoldaşımla danışanda xəyallar qurardı. Xidmətdən gəl bunu edərik, onu edərik deyirdi...
 
O, 1-2 ilin belə xəyalın qururdu, mən isə 1 dəqiqə sonra nə olacağın bilmirdim... 

Bir gecə durdum ki, gənc bir əsgər dostumuz təlaşla nə isə axtarır. Soruşdum ki, nə axtarırsan? İlk düşündüyüm o oldu ki, yəqin, hərbi nə isə itirib. Çünki əsgər ona təhkim olunan hərbi sursatı itirməyi cinayət idi.
 
Dedi ki, boyunbağımı itirmişəm. Boyunbağı da içində ad-soyad yazılan giliz idi. Dedim, boş ver bir şeyə yaramır. Qayıtdı ki, axı mən tanınmaz hala düşsəm, məni neçə tanıyacaqsınız? 

19 yaşlı, həyata yeni addım atan gəncin ailəsinə qovuşmaq üçün son ümidi idi o giliz. Tapa bilmədi. Ondan gizli bir giliz tapıb adını, soyadını yazıb içinə qoyub ip bağlayıb ona təqdim etdim ki, tapdım sənin boyunbağını. Onun o andakı sevincimi nə yazıq ki, sizə sözlə ifadə edə bilmirəm...  

Bir ömrü gilizə sığan oğlanların bir hissəsi şəhid oldu, bir hissəsi də indi problemlər içində əzilir... 

Öz məzarımızı qazaraq ya şəhidliyə gedəcəyik, ya qalib əsgər kimi evə dönəcəyik... 

Bunu isə zaman göstərəcəkdi... 

Davamı olacaq...
Chosen
14
arqument.az

1Sources