EN

Şolts naziri işdən çıxardı, hakim koalisiya dağıldı

Almaniya kansleri Olaf Şolts hakim koalisiyaya daxil olan Azad Demokrat Partiyasına rəhbərlik edən maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şolts parlamentdən erkən seçkilərə səbəb ola biləcək etimad səsverməsi istəmək niyyətindədir.

Almaniyanın Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşılların hakim koalisiyası kansler Olaf Şoltsun maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etməsindən sonra dağılıb.

Lindner FDP-yə rəhbərlik edir. Eyni partiyaya mənsub daha üç nazir - nəqliyyat, ədliyyə və təhsil nazirləri könüllü olaraq hökuməti tərk edib.

Şolts deyib ki, o, Lindneri büdcə mübahisələrində maneə törədən davranışına görə işdən çıxarıb, naziri partiyanın maraqlarını ölkənin maraqlarından üstün tutmaqda və qeyri-ciddi səbəblərə görə qanunvericiliyi bloklamaqda ittiham edib.

“Federal nazir Lindner çox vaxt əhəmiyyətsiz səbəblərə görə qanunları bloklayır. O, çox vaxt partiyalı-siyasi fəaliyyət göstərirdi, etibarımı zədələyirdi. Gələcək əməkdaşlıq üçün heç bir etimad əsası yoxdur. Beləliklə, ciddi hökumət işi mümkün deyil", - Şolts deyib.

Lindner öz növbəsində kanslerin onu konstitusiyada təsbit edilmiş, borc əyləci kimi tanınan xərcləmə limitini pozmağa məcbur etməyə çalışdığını və o, bunu dəstəkləməkdən imtina etdiyini bildirib.

Şolts yanvarın 15-də hökumətə etimad səsverməsi tələbi ilə Bundestaqa müraciət etmək niyyətində olduğunu açıqlayıb. Deputatlar mənfi səs verərsə, 2025-ci ilin martında ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Federal kansler jurnalistlər qarşısında keçirdiyi mətbuat konfransında deyib: "Bizim ölkəmiz üçün lazımi qərarlar qəbul etmək gücünə malik, hərəkətə keçə bilən bir hökumətə ehtiyacımız var".

Hakim koalisiyanın dağılması ölkənin 2025-ci il büdcəsi və durğunluğun ikinci ilini yaşayan Almaniya iqtisadiyyatını ən yaxşı şəkildə necə xilas etmək barədə aylarla davam edən müzakirələrdən sonra baş verir.

“Röyter” qeyd edir ki Almaniya üçün Alternativ (AfD) partiyası da daxil olmaqla, populist hərəkatlar vəziyyətdən faydalana bilərlər.

Musavat.com

Chosen
15
musavat.com

1Sources