EN

COP29 zamanı Bakının nəqliyyat mənzərəsi: Yollarda və ictimai nəqliyyatda dəyişikliklər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə  APA COP29 günlərində paytaxtda fərdi nəqliyyat vasitələri və ictimai nəqliyyatın hərəkətinin necə təşkil ediləcəyini araşdırıb.

Paytaxta girişdə qismən məhdudlaşma olacaq

COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq.

Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər. Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.

Şəhər daxilində hərəkət dəyişdiriləcək

Şəhər daxilində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdiriləcək. Mərkəzdən Hava Limanı istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Nizami küçəsindən istifadə etməklə Yusif Səfərov küçəsi, İzzət Orucov küçəsi, Fəzail Bayramov küçəsindən keçməklə sola doğru hərəkət edərək 8 Noyabr prospektinə çıxıb oradan Zığ yolu ilə Hava Limanı istiqamətində gedə biləcəklər. Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət edənlər "Koroğlu" metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov küçəsi, Yavər Əliyev küçəsi və oradan da sola doğru Asif Əsədullayev küçəsindən keçməklə “Komsomol” körpüsünün altından Sabunçu-Zabrat yoluna çıxa biləcəklər. Koroğlu Rəhimov və Əbdüləzəl Dəmirçizadə küçəsindən mərkəz istiqamətində hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçəsindən istifadə etməklə Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasının arxası ilə hərəkət edib Dilarə Əliyeva küçəsinə, oradan da Rəşid Behbudov küçəsinə çıxa biləcəklər.

Bilgəh kardioloji sanatoriyası tərəfdən, həmçinin Maştağa qəsəbəsi "Albalılıq" kimi tanınan ərazidən Hava Limanı istiqamətində gəlmək istəyənlər Mərdəkandan keçərək Şüvəlan istiqamətindən Qala dairəsinə, oradan da Zığ şosesinə çıxmaqla hərəkət edə biləcəklər. Hava Limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 noyabr prospektinə keçməklə Afyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və Mehdi Mehdizadə küçəsi ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə istiqamətlənən sürücülər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə şimal istiqamətinə və mərkəzə gedə biləcəklər.

COP 29 günlərində Bakının Mətbuat, Hüseyn Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Tbilisi, Azərbaycan, Parlament prospektləri, Fətəli Xan Xoyski, Cəfər Cabbarlı, Abbasmirzə Şərifzadə və İstiqlaliyyət küçələri nəqliyyatın hərəkətinə tam açıq olacaq. Tbilisi prospektində yalnız Şəfaət Mehdiyev küçəsi ilə İzmir küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Avtobusların hərəkət sxemi dəyişdiriləcək

COP29 günlərində Bakıda 57 marşrut üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bakı metrosunun “Koroğlu” stansiyasının ətrafından "Piramida" adlanan ərazidən yalnız 163, 184 və 214 nömrəli avtobus marşrutları fəaliyyət göstərəcək. Bu marşrutlar paytaxtın Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində sərnişindaşımanı təmin edəcəklər. Yolun əks tərəfi isə COP29 əməliyyatları üçün istifadə olunacaq. Şəhərin mərkəzi hissələrindən “Koroğlu” metro stansiyasına gələn təqribən 12-ə yaxın marşrut üzrə avtobuslar metronun "Ulduz" stansiyası istiqamətinə, qalan marşrutlar isə "Qara Qarayev" və digər metrostansiyalara doğru yönəldiləcək. COP29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandıralacaq. Dəyişikliklərin tərkib hissəsi olaraq artıq noyabrın 4-dən paytaxtda sərnişindaşımanı həyata keçirən 33 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Bunlar 1, 24, 93, 163, 60, 13, 184, 197, 198, 7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8, 15, 148, 162, 166, 38, 62, 70, 184, 214 nömrəli marşrut xətləridir. 9-24 noyabr tarixlərində COP29 iştirakçıları üçün avtobuslardan istifadə ödənişsiz olacaq.

Metro necə işləyəcək?

Bakı metrosunun stansiyaları 11-13 noyabr tarixlərində səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, metroda qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gündə Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

“Həzi Aslanov-28 May” sahəsində interval günorta vaxtı 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2,5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək. Bənövşəyi xətt üzrə qatarlar arasında intervallar “Avtovağzal-8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən-Avtovağzal” yol mənzilində isə əsasən, 16 dəqiqə təyin edilib. "Bakmil" stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək. COP29-un keçiriləcəyi digər günlərdə metroda qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək. 6-22 noyabr tarixlərində COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsiz olacaq.

Dəmir yolu reysləri dəyişdirilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin bütün strukturları, 1 noyabr tarixindən etibarən gücləndirilmiş iş rejiminə keçib. 11-23 noyabr tarixlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafikinə dəyişiklik edilib. Belə ki, Bakıdan saat 08:10, 17:50 və 19:05, Sumqayıtdan saat 07:20, Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri müvəqqəti olaraq ləğv edilməklə qeyd olunan tarixlərdə (17 noyabr həftəsonu istisna olmaqla) qatarlar iş günü qrafiki əsasında hərəkət edəcək. Xırdalan istiqamətində və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən digər qatarların hərəkət qrafiki dəyişiklik edilmədən qüvvədə saxlanılır. 9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.

Hava limanından daşımalar necə olacaq?

Tədbirin ilk üç günündə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından şəhərin mərkəzinə şəxsi nəqliyyat vasitəsi ilə gəlmək mümkün olmayacaq. Xaricdən Bakıya gələn yerli və əcnəbi vətəndaşlar aeroportda fəaliyyət göstərəcək H1 və H2 nömrəli avtobuslardan istifadə etməli olacaqlar. H1 xətti üzrə marşrut 10 dəqiqəlik intervalla hava limanı - "28 may" ərazisini, H2 xətti üzrə marşrut isə 15 dəqiqəlik intervalla hava limanı - "Əhmədli" metrosu stansiyasını əhatə edəcək. Lakin nəqliyyat vasitələri aeroportun ərazisinə daxil ola, insanları düşürə biləcəklər. 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər.

Tədbir iştirakçılarını gedəcəkləri ünvana çatdırmaq üçün 16 nəqliyyat qovşağı fəaliyət göstərəcək. Qovşaqlar hotellərin və iştirakçıların yerləşdirildiyi yaşayış komplekslərin olduğu sahələrdə yaradılacaq.

COP 29 zolaqları

Qeyd edək ki, COP29-la əlaqədar paytaxt yollarında xüsusi hərəkət zolaqları təşkil edilib. 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağan olunub. COP29 zolaqlarından yalnız xüsusi xidmət və tədbir avtomobilləri, qırmızı elektriklə işləyən taksilər və ictimai nəqliyyat vasitələri istifadə edə bilər. Bunun üçün xüsusi xidmət və tədbir avtomobillərinə müəyyən stikerlər, nəqliyyatın buraxılış və parklanma icazəsi vərəqələri verilib. Bununla yanaşı təcili tibbi yardım avtomobilləri də COP 29 zolaqlarından istifadə edə biləcəklər.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Chosen
16
8
avtosfer.az

9Sources