EN

İstanbulda alış-veriş terapiyası...

Image

Noyabrda İstanbul alış-veriş sevənlər üçün ideal məkandır. İstanbul hər biri özünəməxsus tərzi ilə seçilən müxtəlif alış-veriş məkanları ilə zəngindir. Dəbli butiklərdən rəngarəng bazarlara, məşhur dizaynerlər tərəfindən hazırlanmış geyimlərdən, ənənəvi suvenirlərə qədər hər şey tapmaq mümkündür.

İstanbulun ən autentik şəhər təcrübələrindən biri də onun tarixi bazarlarını kəşf etməkdir. Bu bazarlardan ən məşhurları Böyük və Ərzaq bazarlarıdır. Burada görəcəyiniz unudulmaz mənzərələri, səsləri və rəngləri başqa heç bir yerdə tapmaq mümkün deyil. Böyük bazar nəhəng bir labirintə bənzəyir, dünyanın ən qədim və ən böyük alış-veriş mərkəzlərindən biridir. Bazarda gəzərkən, sənətkarlıq ənənələrinin gücünü hiss edəcək, yüksək keyfiyyətli məhsullar alacaqsınız. Bu məhsullar arasında Anadolu xalçaları, dəridən hazırlanan əşyalar, əl işləri olan lampalar və ipək paltarlar da var. Həmçinin, dükan sahibləri ilə söhbət edərkən, armudu stəkanlarda türk çayı içmək fürsəti əldə edəcəksiniz. Sonra bazarın arxa küçələrində yerləşən, qədim ənənəyə malik “esnaf lokantası” adı verilən türk restoranlarında orijinal dadları sınaya bilərsiniz.

Ərzaq bazarı isə rəngarəng məhsulları ilə gözəllik və qeyri-adi qoxular dünyasına səfər etməyə imkan verir. Burada ədviyyatlar və türk ləzzətləri xüsusilə diqqət çəkir.

Böyük bazarda bacarıqlı sənətkarlar tərəfindən hazırlanan çoxsaylı nadir əşya tapa bilərsiniz. Burada çoxəsrlik qızıl ustalığı ənənəsi yaşanır, buna görə də səfərinizdən unikal və xüsusi hazırlanmış zərgərlik parçası almağınızı tövsiyə edirik.

Daha müasir alış-veriş təcrübəsi üçün İstanbulun dəbli ticarət mərkəzlərinə baş çəkməlisiniz. Şəhərin ticarət mərkəzləri kondisioner, park yeri və əlillər üçün xüsusi şəraitlə təchiz olunub və saat 10:00-dan 22:00-a qədər açıqdır, bu da ziyarətçilərə istənilən vaxt rahat alış-veriş etmək imkanı verir. Ticarət mərkəzlərində lüks brendlər daxil olmaqla, saysız-hesabsız məhsul tapmaq mümkündür. Bununla yanaşı, restoranlar, kafelər və kinoteatrlar da mövcuddur, beləliklə burada ailə və ya dostlarınızla bütün gününüzü keçirə bilərsiniz. Əlavə olaraq, uşaqlar üçün oyun sahələri və tematik parklar kimi əyləncə imkanları, həm uşaqların, həm də ailələrin alış-verişi daha rahat və stressiz etmələrini təmin edir.

Həftə sonları sıx ola biləcəyindən, daha rahat bir təcrübə üçün ticarət mərkəzlərinə həftə içi baş çəkməyinizi tövsiyə edirik.

İstanbul, həmçinin kiçik butiklərdən tutmuş lüks brend mağazalarına qədər geniş çeşidli təcrübələr təklif edən canlı alış-veriş küçələri ilə məşhurdur. Bu küçələr yalnız alış-veriş deyil, eyni zamanda mədəniyyətin, dizaynın və qastronomiyanın da kəsişdiyi nöqtələrdir.

İstanbulun ən tərzli və dəbdəbəli bölgələrindən biri olan Nişantaşı yerli dizaynerlərin mərkəzi olaraq diqqət çəkir. Nişantaşının əsas alış-veriş küçəsi olan Abdi İpekçi isə dünya səviyyəli lüks markalar və butiklərlə yanaşı, restoranlar, kafelər və sənət qalereyaları ilə doludur.

Bağdat prospekti İstanbulun Anadolu tərəfini əhatə edən ən gözəl alış-veriş bulvarlarından biridir. Bu küçə həm yerli, həm də beynəlxalq lüks brendlərin, eksklüziv dizayn mağazalarının cəmləşdiyi məkandır. Bağdat prospekti daha çox yüksək statuslu müştərilər üçün nəzərdə tutulmuş premium alış-veriş və mədəniyyətlərarası bir təcrübə təklif edir.

İstiqlal prospekti Taksim meydanından Beyoğlundakı tünelə qədər uzanır və təkcə bir alış-veriş küçəsi olmaqla qalmır, eyni zamanda İstanbulun tarixi və mədəniyyətini yaşadan məkandır. Bu küçə mağazaları, qeyri-adi tapıntılar təklif edən butiklərin, geyim və zərgərlik mağazalarının yerləşdiyi mərkəzdir. İstiqlal həm də daha rahat bir atmosferə sahibdir, burada müxtəlif  mağazalar, kitab dükanları və neoklassik arkaadlardakı dükanlar sizi çoxsaylı maraqlı tapıntılarla qarşılayır.

Abdi İpəkçi, Bağdat və İstiqlal küçələrində yalnız alış-veriş deyil, həm də əla restoran və kafelərlə qarşılaşacaqsınız. Alış-veriş zamanı burada bir ara verərək, hər biri özünəməxsus atmosferə malik olan bu məkanlarda zövq alacağınız bir nahar fasiləsi etməyi unutmayın.

İstanbulun bu canlı alış-veriş küçələri, ticarət və mədəniyyətin iç-içə olduğu, həm əyləncəli, həm də zövqlü bir təcrübə yaşamaq istəyənlər üçün ideal seçimlərdir.

İstanbul həm də antikvar və ikinci əl əşyaların alqı-satqısı üçün ideal bir məkandır. Əgər kolleksiyaçısınız və ya davamlı alış-veriş təcrübələrini dəyərli hesab edən bir səyahətçisinizsə, Çukurcuma məhəlləsinə baş çəkin. Galatasaray və Cihangir arasında yerləşən bu məkanda əsl xalçalardan 20-ci əsrə aid zərif mebellərə qədər gizli xəzinələrlə dolu mağazalar küçə boyunca sıralanıb.

Bir başqa əla antikvar və ikinci əl mağazalarının yerləşdiyi məkan isə Balatdır. Bu çoxmədəniyyətli bölgə Qızıl Buynuz sahilində yerləşir və Osmanlı dövründən bəri antikvar ticarətinin mərkəzi sayılır.

SAMİRƏ





Chosen
7
17
baki-xeber.com

10Sources