EN

"Olmayan xidmətə görə aylıq pul ödəyirik" - Sakinlər şikayətçidir VİDEO

Bakı şəhəri, eləcə də Abşeron rayonunun bəzi ərazilərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur, amma sakinlər illərdir ki, ödəniş edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Məmmədli kəndi, Bəxtiyar Vahabzadə küçəsi, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kamran Əliyev küçəsi, Xəzər rayonu, Binə qəsəbəsi, "Savxoz yolu" adlanan ərazilərdə yaşayan sakinlər belə deyirlər.

Onların sözlərinə görə, kanalizasiya xətti olmadığı üçün sadəcə işlətdikləri suyun pulunu, yəni hər kubmetr suya görə 70 qəpik ödəməlidirlər, ancaq onlardan 1 manat alınır.

Sakinlər deyirlər ki, onlardan hər kubmetr suya görə alınan əlavə 30 qəpik tullantı sularının axıdılması xidmətinə görə nəzərdə tutulub. Halbuki onların yaşadıqları ünvanda mərkəzləşdirilmiş kanalizasiya sistemi əvvəldən olmayıb.

Sakinlər bildirirlər ki, ödədikləri pul bir yana, kanalizasiya xəttinin olmaması onları əlavə də xərcə salır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, Xəzər rayonu, Binə qəsəbəsi, Savxoz yolu, Abşeron rayonu, Məmmədi kəndi, Bəxtiyar Vahabzadə küçəsi ünvalarında xidmətin şəbəkəsi yoxdur, oradakı vətəndaşlar isə kanalizasiya xəttinə görə pul ödəmirlər. Ancaq kimdəsə bununla bağlı konkret problem varsa, o zaman məsələ ilə bağlı müvafiq sukanal idarələrinə müraciət etsinlər, orada araşdırma aparılsın ki, nəyə görə məhz həmin abonent 1 manat ödəyir.

O ki qaldı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kamran Əliyev küçələrinə, burada tullantı su xətləri vətəndaşlar tərəfindən pərakəndə üsulla çəkilsə də, həmin xətlər İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş kanalizasiya şəbəkəsinə qoşulub. Bu səbəbdən abonentlərin aylıq ödənişinə tullantı sularının axıdılması üçün nəzərdə tutulan xidmət haqqı da daxil edilir. "Bundan əlavə, abonentlərin pərakəndə üsulla çəkdikləri kanalizasiya xətlərində tutulmalar baş verdiyi hallarda da, rayon sukanal idarələrinin qəza briqadası tərəfindən xəttin fəaliyyətinin bərpası ilə bağlı işlər görülür",-deyə Xidmətdən bildirildi. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
27
1
xezerxeber.az

2Sources