EN

Tramp Cənubi Qafqaz siyasətini dəyişəcək- ermənilər bərk məyus olublar...

Image

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbə münasibətilə təbrik edib. Harris, həmçinin, Trampla hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini müzakirə edib.

Burada qeyd edək ki, Donald Trampın Ağ Evə qayıdışı ABŞ-ın xarici siyasətini yenidən formalaşdırmağı, dünyada müharibə kimi çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Çünki Tramp ABŞ tarixində prezidentlik postu uğrunda mübarizədə çoxsaylı ilklərə imza atan şəxsdir. Məsələn, 5 noyabr seçkilərini udan Donald Tramp Respublikaçılar partiyasındakı fikir ayrılıqlarını aşa bildi. O, 2017-2021 illərdəki ilk prezidentlik dönəmindən ona miras qalan məhkəmə işlərini və sui-qəsd cəhdini də adlamağı bacardı. “Radio Free Europe”nin eksperti Maykl Skollonun yazdığına görə, Demokratların namizədi Co Baydeni vitse-prezident Kamala Harris əvəzləyəndən sonra Tramp rəqib partiya tərəfdaşlarının qəzəbinə tab gətirdi. Yaşı 78-i haqlayan Tramp ABŞ prezidentliyini qazanan ən yaşlı şəxsdir. Dörd il əvvəl ona qalib gələn Baydenin 77 yaşı vardı. Gələn il yanvarın 20-də gerçəkləşəcək andiçmə mərasimindən sonra Trampın adı ABŞ-ın 45-ci və 47-ci prezidenti kimi tarixə düşəcək. Ondan öncə ancaq bir ABŞ prezidenti - Qrover Klivlend 132 il öncə 22 və 24-cü prezident kimi ardıcıl olmadan Ağ Evin başçısı seçilib. Klivlend 1885-1889-cu illər arasında prezident olub, növbəti seçkidə isə uduzub. O, 1892-ci ilin seçkilərində Respublikaçı prezident Benjamin Harrisonu məğlub edərək 4 illik fasilədən sonra yenidən prezident vəzifəsinə qayıdıb. Tramp haqqında iki dəfə impiçment elan edilmiş ilk prezident olmaqla yanaşı, cinayət törətməkdə təqsirli bilinən ilk ölkə başçısı kimi də ad çıxarıb. İkinci dönəmini başlayacaq Trampın iki cinayət işi üzrə istintaqı hələ də davam edir. O, hakimiyyətin Baydenə dinc yolla təhvilini pozmaq cəhdində və 2020-ci ildə Corciya ştatında seçkilərə müdaxilə etməkdə suçlanır. Trampın məxfi sənədləri qanunsuz saxlamasına dair üçüncü işə iyulda xitam verilib. Bir çox tərəfdaşı Trampın Baydenə ötən seçkiləri uduzmasını qəbul etməyib. Onun siyasi rəqiblərinə qarşı alovlu ritorikası və “ifritə ovu” üzündən hüquqi problemlər yaşadığını iddia etməsi də verilən dəstəkdə rol oynayıb. Seçicilər arasında aparılan ənənəvi sorğularda Tramp ən güvənli namizəd kimi önə çıxıb. İmmiqrasiya, inflyasiya kimi problemləri məhz onun çözəcəyinə inanıblar. Öz seçki kampaniyasında qanunsuz mühacir köçünü, ölkə içində durğunluğu və xaricdəki uğursuzluqları dilə gətirən Tramp Amerikanı kölgə hökumət məmurları ilə bürokratların “dərin dövlət”inin yönəltdiyini iddia edib və özünü bu problemləri çözəcək ən uyğun namizəd kimi göstərə bilib. O, 2016-cı il kampaniyası zamanı “Amerikanı yenidən möhtəşəm et” vədləri ilə seçicilərin ürəyini fəth etdi, daha yaxşı ticarət sazişləri bağladı və dünyada ABŞ-a sayqını bərpa etmək üçün ABŞ ordusuna ayrılan maliyyəni artırdı.

Trampın adı bütün dünyada dəbdəbəli qüllələri bəzəyib. Televiziya tamaşaçıları onun realiti-şousunda “İşdən çıxarıldın” deyiminə bayılırdılar. Çoxları Trampı “bataqlığı quruda bilən” adam sayırdı. Belə deyərkən, paytaxt Vaşinqtondakı korrupsiyaya eyham vurulurdu. Bu dəfə Tramp daha siyasi autsayder deyil, tam tərsi, özünü dünya səhnəsində sərt lider kimi təsdiqləmiş bir insan kimi görünür. Ukrayna və Yaxın Şərqdəki savaşların fonunda seçkilərin taleyini çözən tərəddüdlü 7 ştatda seçicilərin əksəriyyəti məhz Trampın ölkəyə rəhbərlik etməyə ən uyğun adam saydı. Tramp ilk prezidentlik dönəmində birtərəfli qaydada ABŞ-ı İranla bağlanan nüvə sazişindən çıxardı və iqtisadi rəqibi Çinlə ticarət savaşı başlatdı. O, həmçinin ABŞ-ı əlverişsiz saydığı qlobal anlaşmalardan geri çəkdi və NATO müttəfiqlərinə basqı göstərərək onların çoxunu güvənliyə ayrılan maliyyəni artırmağa vadar etdi. Tramp administrasiyası ən mübahisəli razılaşmalarından birini “Taliban”la bağlamışdı. O bağlaşmaya görə, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması üçün şərtlər müəyyənləşdirilmişdi. Trampın əleyhdarlarının fikrincə, razılaşma “Taliban”a hakimiyyəti ələ keçirməsi üçün zəmin yaratdı. Bayden və Harrisin ölkə idarəçiliyində səhvlərə yol verdiyini deyən Tramp iddia edir ki, belə səhvlər ucbatından Rusiya 2022-ci ildə Ukrayna ərazilərini işğal etməyə başladı. Tramp ilk prezidentliyi dönəmində rəsmi Vaşinqtonun Rusiya ilə münasibətlərini yenidən formalaşdırmağa çalışmışdı. Bir tərəfdən Vladimir Putinlə əlaqələrini yaxşılaşdıran Tramp, o biri yandan Moskvaya qarşı neçə sanksiyanın tətbiqinə nail olmuşdu. İndi də o deyir ki, Putinlə şəxsi münasibətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı savaşını bitirməyə yardım göstərəcək. Trampın qayıdışı ABŞ-dakı erməni diaspor qüvvələrini və lobbisini də məyus edib. Ümumiyyətlə, Trampın qələbəsi Ermənistanda narahatlığı artırıb.Erməni politoloqlar Trampın qələbəsinin İrəvan üçün uğurlu olmayacağı qənaətindədirlər. Politoloq Suren Sarkisyan deyib ki, Tramp dönəmində Bayden dövründən fərqli olaraq ABŞ-la münasibətlərdə passivlik olacaq. Politoloq Stepan Daniyelyan isə Ermənistanın yenə yanlış seçim etdiyini deyib: “Gürcüstan və Azərbaycan Trampa ümid edirdi, “Vətəndaş müqaviləsi” partiyası isə demokratlara güvənirdi. Həmişəki kimi Paşinyan yenə səhv yatırım etdi. Amerika xalqı dəyişiklik istəyir. Ermənistan xalqı isə təslim olub, artıq taleyini həll etmir”. Politoloq Armen Ayvazyan isə Trampın seçkidən sonra ermənilərə verdiyi vədləri unudacağını söyləyib: “Trampın qələbəsi beynəlxalq məsələlərdə ciddi nəticələrə gətirib çıxaracaq. Seçkidən bir neçə gün əvvəl o, bütün erməniləri Azərbaycandan qoruyacağını demişdi. Lakin seçkidən sonra o, böyük ehtimalla bunu unudacaq”. Rusiyalı politoloq Yevgeni Mixaylov isə qeyd edir ki, Tramp pulları saymağı çox yaxşı bilir: “Bu durumda Ermənistan siyasi isteblişmentini dəstəkləmək üçün ayrılan büdcələr, məncə, azalacaq, çünki Tramp regionda daha güclü oyunçuların olduğunu nəzərə alaraq, bunun faydasız xərc olduğunu yaxşı bilir. Bunlar Azərbaycan, Rusiya, Türkiyədir. Amerikalıların isə orada xüsusi bir işi yoxdur. Məncə, erməni tərəfinin özü də, Zelenski kimi, artıq şokdadır, çünki onlar Amerika Birləşmiş Ştatlarının, daha doğrusu, Demokratlar Partiyasının vədləri və dəstəyi ilə qidalanırdılar. Buna görə də siz başa düşməlisiniz ki, Trampın gəlişi Cənubi Qafqazda regional siyasətin fundamental vəziyyətini dəyişəcək. Və çox güman ki, Rusiya və Azərbaycanın şərtləri ilə sülh müqaviləsinin imzalanması nəhayət ki, yaxınlaşacaq”. Hesab edilir ki, gələn il ABŞ-ın Cənubi Qafqaz siyasətində mühüm dəyişikliklər olacaq.

Nahid SALAYEV





Chosen
65
50
baki-xeber.com

10Sources