EN

Zəfər tariximizə qızıl hərflərlə YAZILAN GÜN – 8 NOYABR

Tarixi günlər yaşayır, tarixi hadisələrə şahidlik edirik. Xalqımız növbəti Zəfər Gününü təntənə ilə qeyd edir. Halbuki, düz 36 il əvvəl erməni ultramillətçiləri Xankəndinin baş meydanında “miatsum” deyə bağırırdı. “Dənizdən-dənizə Böyük Ermənistan” “xəritəsi”ni tirajlayan balayanlar, aqenbekyanlar təkcə Azərbaycana yox, bütövlükdə sivilizasiyaya meydan oxuyurdular.

Çünki Qaregin Njdenin xəstə ideyaları ilə beyinləri dumanlanmış erməni millətçiləri Orta Avropadan Orta Asiyaya qədər böyük bir əraziyə sahiblik iddiasına düşmüşdülər. Guya nə vaxtsa bu ərazidə “Böyük Ermənistan” dövləti olub.

Ermənilərin bu sərsəm çağırışları qlobal güclərin də işinə yarayırdı

Qərb SSRİ-nin dağılmasında əsas vasitə kimi milli-etnik münaqişələri görürdü. Ona görə də ermənilərin qonşu Azərbaycan, Gürcüstan və digər respublikalara torpaq iddiası SSRİ-ni sarsıdan səbəblərdən biri idi. Nəzərə alaq ki, Qərbin pulla satın aldığı Mixail Qorbaçov da Qərbin maraqlarına uyğun hərəkət edərək SSRİ ərazisində milli münaqişələrin qızışdırılmasına öz töhfəsini verdi. Beləcə, 35 il əvvəl başlanan çirkin kampaniya təkcə SSRİ-nin dağılması ilə yekunlaşmadı, həm də bir çox respublikaların köksündə yaralar açdı.

Azərbaycan, Gürcüstan, Moldova uzun illər bu cür etnik münaqişələrdən əziyyət çəkdi. Və təbii ki, bu çirkin plandan ən çox əziyyət çəkən Azərbaycan xalqı və Azərbaycan dövləti oldu. Hətta tarixin müəyyən məqamlarında Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə qaldı. Ancaq Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan tamamilə məhv olmaqdan xilas edildi.

Lakin Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal edildi. Bir milyon insan dədə-baba ocağından qovuldu. Bundan əlavə Qərbi Azərbaycan torpaqlarından 250 mindən artıq soydaşımız Moskvanın təşkilatçılığı və Qərbin ssenarisi ilə deportasiya edildi.

Qərb SSRİ-nin dağılması ilə kifayətlənmədi

Dağılmış imperiyanın yerində formalaşan dövlətləri öz nəzarət zolağında saxlamaq üçün Qərb hərəkətə keçdi. Bunun üçün hər cür iqtisadi və siyasi rıçaqlardan istifadə edildi.

Yada salaq ki, Ermənistan-Azərbaycan münaqişəsini “həll etmək” üçün 1997-ci ildə ABŞ, Rusiya və Aİ qurama bir təşkilat da təsis etdilər. ATƏT-in Minsk qrupu adlanan bu qurum münaqişənin həllinə yox, daha çox Azərbaycanı təzyiq altında saxlamağa xidmət edirdi. Çünki fəaliyyətdə olduğu 23 il müddətində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransa açıq şəkildə Ermənistanın maraqlarından çıxış etdilər və münaqişəni sonsuza qədər uzatmağa çalışdılar.

Azərbaycan təkcə Ermənistanla yox, bütövlükdə qlobal güclərlə üz-üzə qaldığının fərqində idi. 23 il ərzində Azərbaycan dövləti boş dayanmadı. Ötən hər ildə ölkənin iqtisadi və hərbi gücü bir qədər də artırıldı və torpaqlarımızın işğaldan azad olunması üçün tarixi məqamın gəlməsi naminə gerisayım başladı.

Belə bir məqamsa 2020-ci ilin payızında yarandı.

2020-ci ilin sonlarına yaxın Qərb və Rusiya bir növ əlini Ermənistanın üzərindən çəkdi. Bunu görən Paşinyan Azərbaycana qarşı müharibə ritorikalarını durmadan gücləndirdi. Sanki öz ayaqları üstündə dayandığını Qərbə və Rusiyaya sübut etmək istədi. Amma Paşinyan kiminlə üz-üzə qaldığını dərk etməkdən çox-çox uzaq idi.

Məhz belə tarixi bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev qəti qərar verdi. Ermənistanın təşkil etdiyi növbəti silahlı təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Təbii ki Qərbin və Rusiyanın dəstəyindən məhrum olan Ermənistan Azərbaycanın qarşısında duruş gətirə bilməzdi.

Və bilmədi də...

Cəmi 44 günə Azərbaycan nəinki, torpaqlarını işğaldan azad etdi. Noyabrın 9-də isə Şuşaya üçrəngli bayrağımız sancıldı. 2 gün sonra, Paşinyanın yalvarışlarından sonra Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-a keçən gecə üçtərəfli bəyanat imzalandı. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtləri ən qısa zamanda yerinə yetirəcəyinə söz verdi.

Lakin tipik erməni kimi Paşinyan öz imzasına hörmət etmədi və yenidən siyasi manipulyasiyaya başladı. 3 aya reallaşdırılması nəzərdə tutulan sərhədlərin delimitasiyasi və demarkasiyasını, silahlı dəstələrin Qarabağdan çıxarılmasını və digər məsələlərin həllini 3 il uzatdı. Lakin Azərbaycan Ermənistanın nazı ilə daha 30 il oynamaq fikrində deyildi.

Ona görə də sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirləri həyata keçirildi. 23 saat ərzində Azərbaycan Ermənistan və Rusiya sülhməramlılarının 3 ilə edə bilmədiklərini reallaşdırdı. Ermənistanın silahlı hərbi birləşmələri bircə gün ərzində Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan nəhayət ki, hər qarış torpağında suveren hüquqlarını bərpa etdi.

Və bu gün xalqımız tarixə qızıl hərflərlə yazılan Zəfərini həmin zəfərin qazanıldığı müqəddəs torpaqlarda qeyd edir...

Surxay Atakişiyev, Bizim.Media


 

Chosen
39
50
bizim.media

10Sources