EN

Tahir Gözel: “Çox çətin oyunda vacib qələbə qazandıq”

“Xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edirəm. Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuzun qazandığı qələbənin ildönümü ərəfəsində “Qarabağ” növbəti qalibiyyətini əldə etdi”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel deyib.

O, Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Qlimt” – “Qarabağ” matçına münasibət bildirib. Gözel xalqımızı 8 noyabr – Zəfər Günü, komandasını Avropa Liqasının yeni formatda keçirilən əsas mərhələsində ilk qələbə münasibətilə təbrik edib: “Bodo Qlimt”ə qarşı səfərdəki matç çox ağır oldu. Rəqibin nə qədər güclü komanda olduğunu Avropa Liqasının liderləri sırasında yer alması da göstərir. “Bodo Qlimt” güclü rəqabətin olduğu Norveç çempionatında da liderdir. İlk üç turda uduzmayan, “Porto” kimi adlı-sanlı bir klubu məğlub edən klubla qarşılaşırdıq. “Bodo Qlimt” ilk məğlubiyyətini komandamızdan aldı. “Qarabağ”la fəxr edirəm. Üstəlik, süni meydanda oynadıq. Lakin rəqibin kimliyindən asılı olmayaraq, həmişəki kimi, komandamıza inamımız böyük idi. Möhtəşəm mübarizə və qələbəyə görə futbolçularımıza təşəkkür edirəm. Çətin şimal səfərində komandamızı tək qoymayan azarkeşlərə də minnətdaram. Çox çətin oyunda vacib qələbə qazandıq”.

Klub rəhbəri komandasına inamının sonsuz olduğunu da deyib: “Mərhələnin sonuna qədər daha 4 oyunumuz var. Əminəm ki, komandamız gözəl oyunu ilə azarkeşlərimizi sevindirməkdə davam edəcək. Nəticələrdən asılı olmayaraq, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Chosen
24
12
idman.biz

10Sources