EN

Qarabağ Zəfərinin dərsləri

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi Qarabağda işğalçı Ermənistan üzərində qazandığı qələbə çoxəsrlik Azərbaycan tarixinin ən mühüm hadisəsidir. Azərbaycan tarixində Qarabağ Zəfəri ilə müqayisə edilə biləcək böyük tarixi hadisə göstərmək mümkün deyildir. Müzəffər Ali Baş Komandan Qarabağ Zəfəri ilə tarixdə ədalətli müharibə aparmağın nümunəsini göstərmişdir.

Qarabağ savaşı işğalçılıq nəticəsində zəbt edilmiş tarixi Azərbaycan torpaqlarının xalqımıza qaytarılmasını təmin edən ədalətli hərbi-siyasi hadisədir.

Heç şübhəsiz, 20 sentyabr 2023-cü il tarixdə uğurla həyata keçirilmiş bir günlük lokal antiterror əməliyyatı Qarabağ savaşının – Vətən müharibəsinin möhtəşəm yekunudur. Məhz bu hadisə ilə Qarabağ müharibəsi özünün ali məqsədinə çatdırılmışdır. Beləliklə, Qarabağ – Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan xalqının tarixində və taleyində ən möhtəşəm hadisədir. Qarabağ Zəfəri həm Azərbaycan və türk dünyası miqyasında böyük siyasi-tarixi və hərbi hadisə olmaqla bərabər, həm də bunun ədalətli müharibə kimi ümumdünya tarixi əhəmiyyəti vardır. Bu mənada, Qarabağ Zəfərinə Azərbaycan hadisəsi olmaqla yanaşı, həm də beynəlxalq miqyasda baxıb dəyərləndirmək lazımdır. Fikrimcə, artıq II Qarabağ müharibəsi və tarixi Zəfər mövzusuna həmin müharibənin gedişinin, təkrarsız qəhrəmanlıq nümunələrinin, hərbi taktikasının, döyüş səhnələrinin dərindən tədqiq edilməsi ilə yanaşı, həm də geniş mənada türk dünyasındakı yeri və rolu, ümumdünya tarixi əhəmiyyəti haqqında da ciddi tədqiqatlar aparılmalı, elmi-siyasi ümumiləşdirmələr edilməlidir.

Beləliklə, həmin istiqamətdə ilk addımlardan biri kimi, Qarabağ Zəfəri bizə nə verdi sualı ətrafında fikir və mülahizələrimi çatdırmaq istəyirəm.

1. İkinci Qarabağ – Vətən müharibəsi, hər şeydən əvvəl, Azərbaycan xalqına dünyada heç nə ilə müqayisə edilməsi mümkün olmayan qeyri-adi Zəfər sevinci yaşatdı. Bu, uzun zaman övladı olmayan bir ananın nəhayət oğul dünyaya gətirməsindən də böyük sevinc hissi idi. Çünki burada 30 illik işğaldan sonra Azərbaycan yenidən doğulmuşdu.

Bu, sovet hakimiyyəti illərində Sibirə sürgün olunmuş bir adamın və uzun müddət bütün ümidlər kəsiləndən sonra gözlənilmədən doğma Vətənə qayıtmasından da böyük sevincdir. Həmin mühüm mənəvi hadisələrin də qiymətini heç də aşağı salmadan Qarabağ Zəfərində geniş mənada Vətənin böyük bir parçasının, yüz minlərlə qaçqın ailələrinin Qayıdışının sevincinin miqyasını göz önünə gətirmək istəyirəm.

Bütün bunlara görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə bəyan etdiyi «Şuşa, Sən azadsan! Biz qayıtmışıq!» sözlərinin doğurduğu sevincin, həyəcanın əvəzi yoxdur.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqına, dünya azərbaycanlılarına qazandırdığı bu böyük sevinc duyğuları üçün Ali Baş Komandan İlham Əliyevə xalqımız əbədi minnətdardır.

2. Qarabağ savaşı – II Vətən müharibəsi Azərbaycan xalqında itirilmiş Vətən torpaqlarının qaytarılmasına inam hissləri yaratmışdır. Çünki çar Rusiyasının Azərbaycanı işğal etdiyi XIX əsrin əvvəllərindən başlayaraq ta ulu öndər Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə gələnədək zaman-zaman torpaqlarımız, ərazilərimiz itirilmiş, sərhədlərimiz dəyişdirilmiş və heç vaxt geri qaytarılmamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə Sovet Azərbaycanının rəhbəri vəzifəsinə başladıqdan sonra torpaq itkisi anlayışına birdəfəlik son qoyulmuşdur.

Müstəqil Azərbaycanın Prezidenti kimi də Heydər Əliyev Qarabağın bir hissəsi olan Horadiz döyüşlərinə rəhbərlik etməklə Füzuli rayonu ərazisində bir çox kəndləri düşmən işğalından azad etmiş, gələcək Zəfərin əsasını qoymuşdur.

Bununla belə, Ermənistan dünya ölkələrindəki tərəfdarlarının vasitəsi ilə Qarabağ məsələsini “dondurulmuş münaqişə” kimi elan etməklə hərbi-siyasi gündəmdən çıxarmağa, yeni nəsillər tərəfindən unutdurulmağa çalışmışdır. Müstəqillik illərində dövlət səviyyəsində aparılan sülh danışıqları, edilmiş cəhdlər də təəssüf ki, Ermənistan tərəfinin və Minsk Qrupunun ikiüzlü və məkrli siyasəti nəticəsində heç bir nəticə verməmişdir. Xalqda Qarabağda itirilmiş torpaqların geri qaytarılacağına ümidsizlik sindromu formalaşdırmağa çalışmışlar.

Belə bir siyasi-tarixi şəraitdə əslində müharibə etməkdən başqa, heç bir çarə qalmamışdır. Ali Baş Komandanın “Mən nəyi, nə vaxt edəcəyimi hamıdan yaxşı bilirəm” sözləri xalqımızın qəlblərinin dərinliklərində Qarabağ torpaqlarının qaytarılmasına ümid qığılcımları yaratmışdır. Və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan müharibə nəticəsində cəmi 44 gün ərzində 30 il Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqları geri qaytarılmışdır. Bu, son 200 il ərzində Vətən torpaqlarının qaytarılması sahəsində ilk və möhtəşəm qələbədir. Bu tarixi Zəfər Azərbaycanın itirilmiş torpaqlarını həmişəlik geri alınmasına xalqımızın inam hissinin qaytarılması baxımından da əvəzsiz hadisədir. Çünki məhz həmin dərin inam hissi Azərbaycan xalqının bir daha öz torpaqlarının kimlərinsə tərəfindən işğal edilə biləcəyi qorxusunu, torpaq itirmək xofunu qəti olaraq aradan qaldırmışdır.

3. İkinci Qarabağ müharibəsi özünün xarakterinə görə ədalətli müharibədir. Çünki bu müharibə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizə məxsus olan əzəli-əbədi ərazilərimizin, dədə-baba torpaqlarımızın işğaldan azad edilməsi naminə baş vermişdir. Dünyanın müxtəlif ölkələrində haqsız, ədalətsiz müharibələrin və münaqişələrin davam etməkdə olduğu bir dövrdə müzəffər Ali Baş Komandanımız İlham Əliyev ədalətli müharibə aparmağın əsl nümunəsini göstərmişdir. Bu isə öz növbəsində, dünyada Prezident İlham Əliyevə ədalətli siyasi lider, xalqımıza isə ədalətli xalq imici qazandırmışdır.

4. Vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi baxımından da İkinci Qarabağ müharibəsi çox əhəmiyyətli olmuşdur. Əslində vətənpərvərlik hissi Azərbaycanda ən qədim dövrlərdən, “Kitabi-Dədə Qorqud” epoxasından mövcuddur. Bununla belə, müstəqilliyin başlanğıcıyla ölkəmizdə baş vermiş xaos, I Qarabağ müharibəsindəki məğlubiyyətdən doğan ümidsizlik və bazar iqtisadiyyatının ön mövqeyə çəkdiyi kommersiya maraqları vətənpərvərlik hissini bir qədər arxa plana keçirmişdir. Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə aparılmış məqsədyönlü siyasət nəticəsində bu boşluğun aradan qaldırılması istiqamətində addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidentinin ardıcıl olaraq həyata keçirdiyi gənclər siyasəti, könüllülər hərəkatı ölkəmizdə yeni nəsil vətənpərvər gəncliyin yetişib formalaşdırılması ilə nəticələnmişdir. İnkişafın bu mərhələsində meydana çıxmış bu yeni vətənpərvər nəsli İlham Əliyevin vətənpərvərlik andı qəbul etmiş gənc qvardiyası adlandırmaq olar. II Qarabağ müharibəsinin çətin və məsuliyyətli imtahanında İlham Əliyev dövrünün vətənpərvər gəncliyinin Vətən və Torpaq sevgisi döyüş səngərlərində isbat olunmuşdur. Postmüharibə dövründə isə döyüş cəbhəsində möhkəmlənmiş vətənpərvərlik əqidəsi qazanılan tarixi Zəfərdən doğan milli qürur və iftixar hissi ilə birləşərək əbədi dəyər və sərvətə çevrilmişdir.

5. İkinci Qarabağ müharibəsində Böyük Zəfərin qazanılmasında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin övladları vahid Vətən uğrunda eyni eşq ilə dönmədən döyüşmüşlər. Qarabağ müharibəsi şəhidləri arasında ölkəmizin əbədi sakinləri olan ayrı-ayrı xalqların üçrəngli Azərbaycan Bayrağı və müzəffər Ali Baş Komandan ətrafında mətin sıralarla birləşmiş azərbaycanlı vətənpərvər gənclər vardır. Müharibədə vahid amal uğrunda göstərilən şücaət və qəhrəmanlıq nəticə etibarilə ölkəmizdə azərbaycançılıq ideyasını qüvvətləndirmişdir. İkinci Qarabağda qazanılan tarixi Zəfər döyüş meydanında daha da möhkəmləndirilmiş azərbaycançılıq idealının qələbəsi və təntənəsidir. Bu baxımdan Azərbaycan Respublikasının dövlət ideologiyası olan azərbaycançılıq II Qarabağ müharibəsində əsl imtahanlardan qabiliyyətlə çıxaraq həm də müqəddəs anda çevrilmişdir.

6. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş birlik və həmrəylik ideyası da İkinci Qarabağ savaşında əməldə təsdiq olunmuşdur. Vətən müharibəsi başlanan kimi Azərbaycanda fəaliyyət göstərən 50-dən çox siyasi partiyadan ikisini çıxmaq şərtilə hamısı birmənalı şəkildə fəaliyyətini dayandıraraq, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ətrafında birləşdiklərini elan etmişlər. Xalqımız arxa cəbhədə müzəffər Ali Baş Komandan ətrafında möhkəm birlik nümayiş etdirmişdir. Dünya azərbaycanlılarının planetimizin müxtəlif qitələrində küçələrə, meydanlara çıxaraq beynəlxalq təşkilatların, səfirliklərin qarşısındakı mütəşəkkil mitinqlərə göstərdikləri həmrəylik hərəkatı da daha geniş mənada xalqımızın birliyinin gerçək bir əks-sədası idi. Beləliklə, İkinci Qarabağ müharibəsi ölkəmizdə mövcud olan xalq–iqtidar birliyini daha da möhkəmləndirmiş birlik və həmrəyliyin hansı böyük gücə və imkanlara malik olduğunu nümayiş etdirmişdir. Xalqımız həmin möhtəşəm birliyi 20 sentyabr 2024-cü ildə Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş bir günlük hərbi əməliyyatda da eyni səviyyədə göstərmişdir. Bu ilin 7 fevralında Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçkilərdə də Azərbaycan xalqı mütəşəkkil şəkildə iştirak etməklə və vahid mövqe nümayiş etdirməklə müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini əyani şəkildə bəyan etmişlər. Beləliklə, İkinci Qarabağ müharibəsində nümayiş etdirilmiş siyasi-mənəvi birlik ölkəmizdə əqidə bütövlüyü səviyyəsinə yüksəlmişdir.

7. Əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış “Bir millət – İki dövlət” strategiyası İkinci Qarabağ müharibəsi dövründə daha da möhkəmləndirilmişdir. Qardaş Türkiyə Cümhuriyyətinin İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi siyasi və mənəvi dəstək xalqımıza və qəhrəman ordumuza böyük dayaq olmuş, özünəinam hissləri yaratmaqda mühüm rol oynamışdır. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın və qardaş türk xalqının Azərbaycanla həmrəyliyi dünya güclərinin də dərindən düşünmələrinə, Qarabağ müharibəsinin xalqımızın haqq işi olmasına beynəlxalq səviyyədə dəstək verilməsinə səbəb olmuşdur. Etiraf etmək lazımdır ki, tarixi minilliklərə gedib çatan Azərbaycan–Türkiyə qan qohumluğu İkinci Qarabağ müharibəsində məslək qardaşlığı səviyyəsinə qalxmışdır.

8. İkinci Qarabağ müharibəsi türk dünyasının da möhkəm birlik və həmrəyliyinin vahid gücə çevrilməsinə əhəmiyyətli dərəcədə ciddi təsir göstərmişdir. Azərbaycanın haqq işi uğrunda apardığı müharibə türk dünyasında yeni bir mənəvi oyanış dalğası yaratmışdır. Bu, türk dövlətlərinin bir-birlərinə daha da yaxınlaşmasına təkan vermişdir. Qarabağın işğaldan azad edilmiş ərazilərində Özbəkistan, Qazaxıstan, Qırğızıstan respublikalarının, Tatarıstan Respublikasının Böyük Qayıdış hərəkatına qoşulmaları postmüharibə dövrünün inteqrasiya proseslərinin göstəriciləridir. Azərbaycanın Türkiyə və Özbəkistanla, Özbəkistanın Qazaxıstanla imzaladıqları müttəfiqlik müqavilələri həm də türk dünyasında İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı tarixi Zəfərin oyatdığı ideyalar əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixdə Milli Məclisdə keçirilmiş Andiçmə mərasimində “Türk dünyası ailəsi” haqqında irəli sürdüyü mühüm strateji əhəmiyyətə malik olan fikirlər türk dünyasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi ideyasının türk respublikalarında dövlət siyasəti səviyyəsinə qaldırılmasını zərurətə çevirmişdir.

9. Əlbəttə, müharibə etmək, qan tökmək heç bir xalq üçün, Azərbaycan xalqı üçün də arzuolunan deyildir. Lakin müharibə qaçılmaz bir şəkildə baş verdikdə beynəlxalq qaydalara uyğun olaraq müharibə aparmaq mədəniyyəti göstərmək həmin xalqın yüksək dəyərlərinin göstəricisi kimi səslənir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Qarabağ savaşında qarşı tərəfin sivil əhalisinə zərər verməmək, yaralıları təhvil vermək, ağ bayraq qaldıranlara şərait yaratmaq və sair kimi böyük humanist prinsiplərə axıradək sadiq qalmışdır. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərinə raket zərbələri endirərək dinc əhalinin qanını axıtmış, faciələr törətmişdir.

Əsl müharibə mədəniyyəti göstərmək ən çətin anlarda humanizm nümayiş etdirməyi bacarmaq Azərbaycan xalqının ən ali mənəvi dəyərləri kimi dünyaya bəyan edilmişdir. Bu ali keyfiyyət xalqımızın və dövlətimizin dünyada imicini yüksəltmişdir.

10. İkinci Qarabağ müharibəsi xarakterinə görə yeni tipli müharibə idi. Qarabağ müharibəsində üzü-üzə döyüşən ordu qüvvələrindən çox yeni hərbi texnikanın fərqli və yüksək imkanları əsasında aparılan döyüş əməliyyatları üstünlük təşkil edir. Bu isə Azərbaycan ordusunun yüksək texniki hazırlığa malik olduğunu da nümayiş etdirmişdir. Azərbaycan Ordusu ən müasir hərbi texnikanı Qarabağ savaşında uğurla sınaqdan çıxarmışdır. Tarixi Zəfərin qazanılmasında müharibədə yeni hərbi texnikadan bacarıqla istifadə edilməsi, döyüşən qüvvələrin müasir hərbi texnologiyaya dərindən bələd olması qarşı tərəfi döyüş meydanından qaçmağa məcbur etmiş, dünyanın böyük marağına səbəb olmuşdur. Bu, müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətinin təntənəsidir.

11.Böyük Qayıdış Qarabağ Zəfərinin övladıdır, davamıdır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış hərəkatı böyük vüsətlə davam etdirilir. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində dağıdılaraq xarabalığa dönmüş ərazilərdə gülüstana çevrilmiş yeni Qarabağ qurur. Böyük Qayıdış – yeni Qarabağ yeniləşməkdə davam edən müstəqil Azərbaycanın müasir inkişafının simasıdır, Prezident İlham Əliyevin dünya qarşısındakı sülhsevər quruculuq hesabatıdır.

12. Müasir dövrdə neokolonializm hərəkatının genişlənməsinin də mənbəyində İkinci Qarabağ müharibəsi dayanır. Azərbaycanın ədalətli mühafizə apararaq, düşmən qüvvələri öz torpaqlarından qovaraq, 30 illik işğala son qoyması dünyada müstəmləkəçilik siyasətinə böyük zərbə vurmuşdur. Fransanın müstəmləkələri kimi mövcud olan dövrlərdə milli azadlıq uğrunda yeni mübarizə hərəkatının başlanması Qarabağ müharibəsindən sonra dünyada baş verən yeni hərbi-siyasi proseslərdir. Afrika qitəsində də eyni proses yaşanmaqdadır. Milli azadlıq mübarizəsinə qalxmış xalqların Azərbaycanın üçrəngli dövlət bayraqlarını dalğalandırmaları, Azərbaycana üz tutmaları Qarabağ savaşından sonra baş vermiş oyanışın əks-sədasıdır. Bu faktlar Qarabağ müharibəsinin ümumdünya tarixi əhəmiyyətə malik olduğunu göstərir.

13. Prezident İlham Əliyevin “dəmir yumruğ”u ilə Qarabağ Zəfəri və bir günlük antiterror əməliyyatı ilə Azərbaycan ərazisində separatizmə və terrorçuluğa son qoyulmuşdur. Bu, dünyada separatçılığa, terrorizmə Azərbaycanın vurduğu zərbədir. Bu mühüm fakt da Qarabağ müharibəsinin ümumdünya tarixi əhəmiyyətini nümayiş etdirir.

14. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ 17 oktyabr 1990-cı ildə Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd kimi Naxçıvan Muxtar Respublikasının Nehrəm seçki dairəsində seçicilərlə görüşü zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinin dövlətçilik baxımından ən mühüm vəzifələrdən biri, bəlkə də birincisi olduğunu bəyan edərək demişdir: “Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”.

Azərbaycan Respublikası müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi və onun davamı olan 20 sentyabr 2023-cü ildə keçirilmiş 1 günlük uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünə nail olmuşdur. Beləliklə, Prezident İlham Əliyev müstəqil dövlətimizin ən mühüm strateji hədəfi olan ərazi bütövlüyünü təmin etməklə böyük qürurla bəyan etdiyi kimi “ata vəsiyyətini” yerinə yetirmişdir.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müstəqil dövlətimizin suverenliyinin əsasını təşkil edir. Prezident İlham Əliyev müstəqil Azərbaycan Respublikasına tam dövlət suverenliyi və ərazi bütövlüyü qazandırmış qüdrətli liderdir.

Bu cəhətdən tam ərazi bütövlüyü və dövlət suverenliyi kimi müqəddəs dəyərlər müzəffər Ali Baş Komandanın və İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərin tarixi-siyasi nailiyyətləridir.

15. Qalib lider və qalib xalq anlayışları da Azərbaycanın İkinci Qarabağda qazanılan tarixi Zəfərlə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti Qarabağ müharibəsində həm Ali Baş Komandan missiyasını ən yüksək səviyyədə həyata keçirməklə və həm də informasiya cəbhəsində apardığı qətiyyətli mübarizə ilə dünya liderliyi miqyasında qüdrətli bir dövlət xadimi olduğunu isbat etmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixə Qarabağ Zəfəri yazmış qalib liderdir. Qalib lider olaraq İlham Əliyev 44 günlük müharibədəki şanlı Zəfərlə Azərbaycan xalqına qalib xalq adını qazandırmışdır.

Ümumiyyətlə, İkinci Qarabağ – Vətən müharibəsi Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı hadisəsidir. İkinci Qarabağ müharibəsinin və tarixi Zəfərin ibrətamiz siyasi-tarixi dərsləri və ideya-mənəvi nəticələri Azərbaycan xalqının daha da yetkinləşməsinə, mətinləşməsinə, dünyada tanınmasına və irəliyə doğru ayıq-sayıq baxmasına, gələcək hədəflərin düzgün müəyyən edilməsinə qiymətli, düşündürücü töhfələr vermişdir. Müasir dünyada gedən hərbi-siyasi proseslərdə də xalqlara və dövlətlərə ədalətli mövqe tutmaq və qələbəyə nail olmaq üçün Qarabağ Zəfəri canlı bir nümunədir.

 

Chosen
16
xalqqazeti.az

1Sources