EN

GÜNDƏM: Zəfər Günü qeyd edilir: Prezident və Mehriban Əliyevanın paylaşımı, Şuşa zəfərinin dördüncü ildönümü, ölkədaxili və xaricdə təntənəli tədbirlər

Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fins.az xəbər verir ki, paylaşımda deyilir:

“8 Noyabr - Zəfər Günü

#ZəfərGünü”.

* * *

Prezident İlham Əliyev Şuşanın Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib.

Fins.az xəbər verir ki, paylaşımda qeyd olunub:

“Zəfər tariximiz - Şuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür.

#ZəfərGünü
#QarabağAzərbaycandır
#KarabakhisAzerbaijan”.

 

* * *

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.

Fins.az xəbər verir ki, paylaşımda deyilir:

"08.11.2024. Zəfər Gününüz mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə güc və səbir versin. Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!"

 

* * *

Azərbaycanın Xarici İşlər Nazirliyi 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanat yayıb.

Fins.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.

Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.

Lakin, Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.

Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - zəfərə aparan yolun başlanğıcı oldu.

Qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almaq təcrübəsini davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətdi.

Bununla belə, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti olan Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. 8 noyabr tarixində əldə olunan Şuşa zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi.

Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.

Lakin, Ermənistan tərəfinin üçtərəfli bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.

Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.

Hal-hazırda, ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.

Eyni zamanda, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır. Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir.

Ermənistan tarixdən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.

8 Noyabr – Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır, müharibə qəhrəmanlarımıza möhkəm cansağlığı, ölkəmizə, xalqımıza inkişaf və firavanlıq, bölgəmizə, dünyamıza sülh və əmin-amanlıq arzu edirik.

Zəfər Günümüz mübarək!".

* * *

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Fins.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təbrikin mətnində deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Ölkəmizin suverenliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan nailiyyətlər, uğurlu döyüş əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirdi və 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında qalmış tarixi torpaqlarımızı azad etdi. Ölkə başçısının müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.

Bu gün rəşadətli Ordumuz Azərbaycan Respublikasının Dövlət Bayrağının dalğalandığı ərazilərdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsinə, o cümlədən Böyük Qayıdışa layiqli töhfə verir.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 8 Noyabr – Zəfər Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Şəhid hərbi qulluqçularımızın ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram".

* * *

Azərbaycanın Perudakı Səfirliyinin təşəbbüsü və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Perunun paytaxtı Lima şəhərinin ən populyar "Circuito Mágico Del Agua" mərkəzi parkının musiqili fəvvarələri xüsusi lazer işıqlandırma texnologiyası ilə Zəfər Gününə həsr olunmuş videoproyeksiya nümayiş olunub, park Azərbaycanın bayrağının rənglərinə bürünüb.

Fins.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, parkı ziyarət edən minlərlə şəhər sakininə Azərbaycanın Zəfər Günü, işğaldan azad edilmiş torpaqlarında aparılan genişmiqyaslı bərpa işləri, "Xarıbülbül" beynəlxalq musiqi festivalı, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə videoçarxlar nümayiş etdirilib. Azərbaycan bəstəkarlarının musiqiləri səsləndirilib.

Nümayiş parkın çoxsaylı qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

* * *

8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Fins.az-ın məlumatına görə, yürüşlərdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, hərbi yürüş beş marşrut üzrə keçiriləcək:

1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay;

2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gür heykəli;

3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti;

5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.

Bundan əlavə, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərində də hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

* * *

8 noyabr - Zafər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilir.

Ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.

Həmçinin bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edir.

Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.

Fins.az yürüşdən görüntüləri təqdim edir:

Chosen
118
50
fins.az

10Sources