EN

Əqli mülkiyyət və innovasiyalar “yaşıl” gələcək naminə

Müsahibimiz Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur.

(əvvəli https://www.xalqqazeti.az/az/ekologiya/201076-eqli-mulkiyyet-innovasiyalar-yasil-gelecek)

BRICS ölkələrinin ən iri firmaları arasında keçirilən yaşıl energetikanın 3 növünə aid (enerjinin bərpa olunan mənbələri, yanacağın yanmasında tullantıları azaldan texnologiyalar və nüvə texnologiyaları) araşdırmasının göstərdiyi kimi, lider – Çindir və onun payı enerjinin bərpa olunan mənbələrə aid patentləri 94%, kombinə olunan sistemlərdə isə 89%-dir.

Araşdırma göstərir ki, karbon qazının (CO2) emissiyası artmaqla kompaniyaların mənfəəti azalır və kompaniyanın bazardakı kapitallaşmasına mənfi təsir göstərir. Belə ki, karbon qazının tullantılarının 1% artımı kompaniyanın 2% rentabelliyini azaldır, investisiyaların rentabelliyi isə 5-7% azalır. Lakin yaşıl energetikaya aid qeydə alınan patentlərin sayının artması, kompaniyanın mənfəətini 0,7% artırır və ən çox vəziyyəti yaxşılaşdıran atom enerjisi sahəsinə aid olan patentlərdir – 1,6%. İnvestisiyaların rentabelliyi o zaman 2-3% artmış olur.

Xüsusi qeyd etməliyəm ki, suallara verilən cavablarda dünya üzrə iqlim dəyişiklikləri, “yaşıl patent”lərə aid olan məlumat və materiallar müxtəlif açıq beynəlxalq mənbələrdən götürülüb və icmal şəklində tərtib olunub.

– Azərbaycanda patent fəaliyyətinin nəticələri barədə fikirləriniz də oxucularımız üçün maraqlı olardı.

– Patent və faydalı modellərə dair iddiaların sayı (ixtira fəallığı) illər üzrə aşağıdakı kimi olmuşdur:

Ümumi iddia sənədləri:

Cəmi: 1464

“Yaşıl inkişaf” göstəriciləri üzrə statistik məlumatlar

Cəmi: 114 Faiz: 7,8%

Diqqəti mövcud sahədəki vəziyyətin ifadəsi olan statistik göstəricilərə yönəltmək istərdim. Belə ki, Əqli Mülkiyyət Agentliyi fəaliyyətə başladığı 2019 - 2020-ci illlər istisna olmaqla (COVİD dövrü) hər il patent sayına görə artım qeydə alınıb və 2023-cü ildə rekord (268 ədəd) həddə iddia sənədi qəbul edilib. Xatırladım ki, “yaşıl patent”lərin artımı da nəzərə çarpıb və 2024-cü ilin 9 ayında 30-a çatdırılıb. Bunların (114 ədəd) patentlərin ümumi sayına görə nisbəti (1464 ədəd) 7,8 faiz təşkil edib.

Patentlər

Cəmi: 896

“Yaşıl inkişaf” göstəriciləri üzrə statistik məlumatlar

Cəmi: 80

Faiz: 8,9%

Göründüyü kimi, “yaşıl patent”lərə diqqət artıb, bunların ümumi saya nisbət faizi daha üstün (7,8 faizə qarşı 8,9 faiz) olub.

Aşağıdakı məlumatda iddiaların “yaşıl patent”lərin istiqamətlər üzrə paylanması verilir:

2018-2024-cü illər (yanvar-sentyabr ayları) üzrə:

Patent sahəsində Agentliyin əldə etdiyi yekunlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsidir. Bununla bağlı bəzi məsələləri diqqətə çatdırmaq istərdim. Belə ki, ixtiraçıların və sahibkarlıq subyektlərinin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi məqsədilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üçün iddia sənədlərinin qəbulu Agentlikdə yaradılan “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi vasitəsilə həyata keçirilir. 24/7 rejimində fəaliyyət göstərən PƏNAH rəqəmli sistemi qeydiyyatın istənilən yerdən və istənilən vaxt təşkilini reallaşdırır.

Şəffaflığın və məlumatlara əlçatanlığın təmin olunması sahəsində növbəti addım olaraq Sənaye Mülkiyyəti Obyektlərinin Reyestri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair “Açıq reyestrlər” yaradılmışdır. Hər kəs “Açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər. Yeni infrastruktur layihələri sırasında yaradılmış “Çağrı Mərkəzi”nə orta hesabla il ərzində 24 mindən çox müraciət daxil olur.

ÜƏMT müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərinin yaradılmasına aid təlimatların hazırlanması məqsədilə dünya üzrə 204 ofis arasından 15 ölkənin mükəmməl idarəetmə strukturuna və inzibatçılıq mexanizmlərinə malik olan ofisləri sırasına Azərbaycan Əqli Mülkiyyət Agentliyini də daxil edib.

MDB məkanında fəaliyyət göstərən Avrasiya Patent Təşkilatı (APT) əqli mülkiyyət sahəsində Azərbaycanın müsbət təcrübəsini nəzərə alaraq “Müasir əqli mülkiyyət ofisinin formalaşması və fəaliyyəti” mövzusunda geniş prezentasiya və məqalə sifariş edərək, onu Moskvada nəşr olunan tanınmış peşəkar “Əqli mülkiyyət: Sənaye mülkiyyəti” jurnalının xüsusi buraxılışında (2023, №5) dərc etdirmiş və Avrasiya Patent Təşkilatının rəhbəri tərəfindən həmin təcrübədən geniş istifadə etmək tövsiyə olunmuşdur.

İxtiralar üzrə iddia sənədlərinin ekspertiza müddəti ümumi qaydaya görə 12 ay təşkil etdiyi halda orta hesabla 8-9 aya endirilmiş, MDB məkanında ilk olaraq ixtira, faydalı model və sənaye nümunələrinə dair iddia sənədlərinin 3D formatında qəbuluna başlanılmışdır.

Əmtəə nişanına dair iddia sənədinin mahiyyət üzrə ekspertiza prosedurlarının müddəti orta hesabla 3 ay təşkil etmişdir (beynəlxalq təcrübədə 6-12 ay).

Sürətli ekspertizanın müddəti iddia sənədinin baxılmağa qəbul edildiyi tarixdən bir ay əvəzinə 15-20 gün təşkil edir.

Onu da qeyd edək ki, Qİİ-2024 Hesabatında ƏMA-nın bilavasitə sərəncamında olan göstəricilər artmışdır, patentlərlə bağlı Cənubi Qafqazda liderlik əldə edilmişdir.

Ədəbiyyatda “yaşıl” innovasiyalar anlayışı icra üsulundan və mümkün olan nəticələrdən asılı olaraq üç növə bölünür:

– məhsulların təkrar istifadəsi və emalı yolu ilə müəssisələrin ətraf mühitə olan təsirinin azaldılması;

– zərərli komponentlərin istifadəsini azaltmaqla, təşkilatların ekoloji problemlərinin həllinə yönəldilməsi;

– ekoloji cəhətdən təmiz məhsulların istehsalına və belə məhsulların istehsalı zamanı daha az təbii resurslardan və enerjidən istifadə etməklə, səmərəli üsullardan (vasitə-lərdən) istifadə.

“Yaşıl” innovasiyaların kifayət qədər geniş tipologiyasını nəzərə alaraq, “yaşıl” (ekoloji cəhətdən təmiz) texnologiyaların inkişafı üzrə əqli mülkiyyət alətlərinin çox ölçülü istifadəsini qeyd etmək olar.

Belə ki, “Dentsu International” və “Microsoft Advertising” şirkətlərinin apardığı araşdırmalara əsasən, istehlakçıların 90%-dən çoxu əmtəə və xidmətlərin ekoloji dayanıqlığına üstünlük verən brendlərlə maraqlanır. Məlum olduğu kimi, “coğrafi göstəricilər, əmtəə nişanları” kimi fərdiləşdirmə vasitələri, bazara malların yeridilməsi üzrə mühüm rol oynayır. Son illərdə “yaşıl“ innovasiya sahəsi üzrə “yaşıl” əmtəə nişanları anlayışı xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ilin mart ayında Avropa İttifaqının Əqli Mülkiyyət üzrə Qurumu 1996-cı ildən 2021-ci ilə qədər olan, qeydə alınmış “yaşıl” əmtəə nişanlarının sayının artımını göstərən araşdırmanın nəticələrini dərc etdi. Aparılan tədqiqatlar göstərir ki, 2021-ci ildə Avropa İttifaqının Əqli Mülkiyyət üzrə Qurumuna 18726 “yaşıl” adı ilə əmtəə nişanı müraciəti olunub, bu da bütün zamanların ən yüksək göstəricisi hesab olunur. Bundan əlavə, müraciətlərin ümumi həcmində “yaşıl” adı ilə Avropa nişanlarının qeydiyyatı üçün müraciətlərin payında 12%-dək artım müşahidə olunub. Eyni zamanda, əmtəə nişanının “yaşıl” kimi təsnifləşdirilməsi qeydə alınmış nişanlarda “ekoloji”, “ekoloji cəhətdən təmiz”, “yaşıl” və s. kimi sözlərin işlədilməsini nəzərdə tutmur. Üstəlik, bu halda çox güman ki, nişanın təsviredici xarakterə malik olması və ya istehlakçıda yanlış təsəvvür yarada bilməsi səbəbindən qeydiyyatından imtina ediləcəkdir. Avropa İttifaqının Əqli Mülkiyyət üzrə Qurumu hesab edir ki, əmtəə nişanının “yaşıl” olub-olmamasının müəyyən edilməsi əmtəə sinfindən (Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatına uyğun olaraq) və əmtəə nişanının qeydiyyata alındığı müəyyən əmtəələrin növündən asılı olmalıdır. Xüsusilə, Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 7-ci sinfinə aid olan əmtəələr üzrə məsələn “külək turbinləri” və “külək turbin generatorları” üzrə qeydiyyata alınan əmtəə nişanları, Avropa İttifaqının Əqli Mülkiyyət üzrə Qurumunun fikrincə, "yaşıl” əmtəə nişanı anlayışına uyğun hesab edilə bilər.

Bununla belə, iqlim dəyişikliyinin azaldılması üzrə əqli hüquqlar sistemində ən mühüm rolu patent hüquqları oynayır. Əvvəla, “yaşıl” texnologiyaları ixtira və ya faydalı model kimi qeydiyyata almaq və beləliklə bu obyektlərə “yaşıl” adlanan patentlər əldə etmək mümkündür. BMT-nın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına uyğun olaraq, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı 2010-cu ildə Beynəlxalq Patent Təsnifatının “yaşıl” reyestrini nəşr etdi və bu reyestr üzrə “yaşıl patent”lərin verildiyi yeddi kateqoriya sahələri müəyyən edildi: alternativ enerji istehsalı, nəqliyyat, enerjiyə qənaət, tullantıların idarə edilməsi, kənd və meşə təsərrüfatı, inzibati idarəetmə, normativ-layihə və nüvə enerjisi. Beləliklə, “yaşıl patent” qeyd olunan sahələrdən birinə aid olan və iqlim problemlərinin həllinə yönəlmiş ixtiralara müstəsna hüququ təsdiq edir. Eyni zamanda, ədəbiyyatda “yaşıl patent” anlayışının daha qısa izahı mövcuddur – mövcud patentləşdirilmiş texnologiyalardan fərqli olaraq, iqlimə daha az təsir göstərən texnologiyalara dair patent.

Dünyada “yaşıl” texnologiyalara dair tələbat aktuallaşdıqca, bir sıra ölkələr sürətləndirilmiş patent ekspertizası sistemini tətbiq edirlər. İlk dəfə olaraq ixtiraların sürətləndirilmiş qeydiyyatı Böyük Britaniyada 2009-cu ildə tətbiq edilib. İlkin olaraq sistem iddiaçılara, yalnız ixtiranın ətraf mühitə faydalı olması təqdirində, patent müraciətlərinin sürətləndirilmiş istənilməsini tələb etməyə imkan yaradırdı. 2010-cu ildə bu sürətləndirilmiş proqramın əhatə dairəsi genişləndi və bu siyahıya 19 iyun 1970-ci ildə Vaşinqtonda imzalanmış Patent Əməkdaşlığı Müqaviləsi (PCT) proseduruna əsasən, patent qabiliyyətinə dair müsbət beynəlxalq ilkin rəy alan və daha sonra Böyük Britaniyanın milli mərhələsinə daxil olan patent müraciətləridə əlavə olundu. Eyni zamanda, “yaşıl patent” üçün müraciət edən iddiaçılar aşağıdakıları göstərməlidirlər:

a) gələcəkdə patentləşdirilmiş obyektlərin istifadəsi ekoloji cəhətdən nə dərəcədə təhlükəsiz hesab edilir;

b) qısa vaxt ərzində hansı ekspertiza proseslərinin həyata keçirilməsini istəyirlər: məlumat axtarışı, ekspertiza və ya dərc.

Bu proqramın Böyük Britaniyada icrasından göründüyü kimi, ixtiralar iddia sənədinin verildiyi tarixdən təxminən on bir ay ərzində qeydə alınır. Böyük Britaniyadan sonra ABŞ, Braziliya, Yaponiya və Çində də oxşar sürətləndirilmiş prosedur proqramları qəbul edilmişdir.

– Kamran müəllim, bəs qarşıda duran vəzifələr və həlli yolları barədə nə deyə bilərsiniz?

– Bu gün əqli hüquqlar sahəsində “yaşıl” innovasiyaların yaranmasına və təşviqinə yönəlmiş bir neçə tendesiya mövcuddur.

Əslində görülən işləri 2 böyük hissəyə bölmək olar. Birincisi, “yaşıl patent” müraciətlərinə maliyyə dəstəyi, ikincisi isə “yaşıl patent” üzrə sürətləndirilmiş kargüzarlıq işləri.

Bəllidir ki, Əqli Mülkiyyət qurumları, “yaşıl” texnologiyalar sahəsində həll yolları təklif edən şirkətlərdən daxil olmuş, patent müraciətləri üzrə rüsumları azaltmaqla, “yaşıl” innovasiyaları təşviq edirlər. Hər bir “yaşıl” innovatora kömək edəcək, bu dəstəyin ünvanlandığı subyektlər olaraq, “yaşıl” innovativ həlləri müəyyən edən, Kiçik və Orta sahibkarlıq subyektləri, həmçinin də ümumilikdə sənaye hesab oluna bilər.

İddiaçıların xərcləri iki hissədən ibarətdir – dövlət rüsumu və Nazirlər Kabineti tərəfindən fiksə olunmuş ödəniş xərcləri.

Mövqeyimiz ondan ibarətdir ki, dövlət rüsumuna dəymədən fiksə olunmuş ödənişləri “yaşıl patentlər” üçün 50%-ə qədər azaltmaq. Təkliflərimiz hazırlanır.

Bundan əlavə, patent üzrə iddia sənədlərinin verilməsi xərclərinin bir hissəsinin qarşılanması məqsədilə, rüsumları azaltmadan, ƏM “vauçerləri” verilə bilər. Bu cür proqram, xüsusən də Danimarkada mövcuddur. Proqram iqtisadiyyatın bütün sahələrini əhatə edir və iddiaçılar arasında, xüsusən “yaşıl” texnologiyaların yaradıcıları geniş şəkildə təmsil olunur. Proqramda yalnız kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilər.

Burada əsas problem “vauçer” namizədliyinə meyarların formalaşmasıdır.

Digər yanaşmaya əsasən, bu təşəbbüs, bir sıra Əqli Mülkiyyət qurumlarında, “yaşıl” texnologiya sahəsi üzrə olan patent müraciətlərinin sürətləndirilmiş şəkildə aparılmasını təmin edir. “Yaşıl” texnologiya sahəsi üzrə olan patent müraciətlərinin sürətli kargüzarlığını təmin etmək məqsədilə, bu cür müraciətlər üzrə kargüzarlıq işlərinin ilk növbədə aparılması təklif olunur. Bir sıra ölkələrdə, “yaşıl” texnologiyaların həlli üzrə patentlərə dair iddia sənədlərinə sürətli baxılması proqramları, on ildən çoxdur ki, mövcuddur.

Hazırda milli xüsusiyyətləri nəzərə alaraq, sürətləndirilmiş patent ekspertizasının bir neçə nümunəsini qeyd etmək olar:

1) “ümumi” sürətləndirilmiş patent sistemi. Bu zaman sürətləndirilmiş ekspertiza iqtisadi və ya sosial inkişaf üzrə vacib əhəmiyyət kəsb edən, ixtiralar üzrə tətbiq edilir. Yəni, söhbət təkcə “yaşıl” patentlərin alınması və qeydiyyat proseduru üçün tələb olunan vaxtın azaldılmasından getmir. Belə bir sistemi nəzərdə tutan patent qanunvericiliyinə misal olaraq, Çin qanunvericiliyini göstərmək olar. 2012-ci ilin İlkin Patent Ekspertizası Qaydalarının ümumi prinsipinə əsasən, (2017-ci ildə düzəliş edilmiş) ilkin ekspertiza, enerjiyə qənaət texnologiyaları, ətraf mühitin mühafizəsi, gələcək nəslin maarifləndirilməsi, biologiya, yüksək texnologiyalı avadanlıq istehsalı, yeni enerji, yeni materiallar və yeni enerji vasitələri kimi sahələrə aid olan iddia sənədləri üzrə tətbiq edilir. Çin qanunvericiliyinə əsasən, iddia sənədi qəbul edildikdən sonra ona dərhal baxılır və iddia sənədi verildiyi tarixdən bir il ərzində ona dair qərar qəbul edilir;

2) müəyyən növ ixtiralar üçün sürətləndirilmiş ekspertiza. Bu halda, patent qanunvericiliyi yalnız “yaşıl” texnologiyalara aid texniki həllərin müəyyən növləri üçün sü-rətləndirilmiş ekspertiza sistemini təqdim edir. Bu yanaşma, məsələn, Braziliya üçün xarakterikdir. Braziliya qanunvericiliyinə əsasən, sürətləndirilmiş ekspertiza tələb edir ki, müraciət Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Patent Təsnifatına uyğun olan “yaşıl” texnologiyalar üzrə sadalanan kateqoriyalarından birinə aid edilsin.

Oxşar yanaşma Cənubi Koreya qanunvericiliyində də istifadə olunur. Bu ölkədə, sürətləndirilmiş qeydiyyat üçün, iddia sənədləri aşağıdakı texniki kateqoriyalardan hər hansı birinə aid edilməlidir:

1) səs-küyün və vibrasiyanın qarşısının alınması, habelə səs izolyasiyası və tozdan mühafizə vasitələri və ya üsulları;

2) suyun çirklənməsinin qarşısının alınması vasitələri və ya üsulları;

3) havanın çirklənməsinin qarşısının alınması vasitələri və ya üsulları;

4) tullantıların atılması vasitələri və ya üsulları;

5) mal-qara nəcislərinin təmizlənməsi və utilizasiyası vasitələri və ya üsulları;

6) tullantıların emalı vasitələri və ya üsulları;

7) tullantı sularının qarşısının alınması üçün vasitələr və ya üsullar.

Ətraf mühitin mühafizəsi və iqlim problemlərinin həlli üzrə bu cür yanaşma ixtiraçıları və maraqlı şirkətləri müvafiq “yaşıl” fəaliyyətlərdə fəal şəkildə iştirak etməyə təşviq edə bilər. Bununla belə, patent almaq üçün sürətləndirilmiş prosedurların tətbiqi onu göstərir ki, müvafiq idarə aktları səviyyəsində “yaşıl” və “qeyri-yaşıl” texnologiyalar arasında müəyyən fərqlər qoyulmalıdır. Öz qanunvericiliklərində sürətləndirilmiş ekspertizanı nəzərdə tutan ölkələr bu məsələ üzrə iki seçim təklif edir:

1) “yaşıl” texnologiyalar anlayışına geniş yanaşma. Bu halda qanunvericilikdə “yaşıl” patent əldə etmək üçün qeydiyyata alına biləcək texniki həllərin növləri təfərrüatlandırılmır. Sürətləndirilmiş ekspertiza üçün, iddiaçı ixtiranın qeydiyyatı üzrə iddia ərizəsində texniki həllin ekoloji cəhətdən uyğun olmasına və ətraf mühitə mənfi təsirlərinin olmamasına istinad etməlidir. Bu yanaşmadan istifadə edən ölkələr, mümkün qədər çox “yaşıl” ixtiraları əhatə etmək və iddiaçılar üçün formal maneələri aradan qaldırmağı niyyətləyirlər. Məhz bu yanaşma, məsələn, Böyük Britaniya qanunvericiliyində öz əksini tapmışdır;

2) patent hüququnun məqsədləri üçün “yaşıl” texnologiyalar anlayışına dair qısa yanaşma. Bu halda, milli qanunvericilik “yaşıl” kimi təsnif edilən texnologiyaların, qapalı siyahısını müəyyən edir. Bir qayda olaraq, tam siyahı tərtib edilərkən, ölkələr öz milli ekoloji məsələləri və həll edilməli olan iqlim problemlərini nəzərə alırlar. Məsələn, Yaponiyada sürətləndirilmiş qeydiyyat proseduru, yalnız enerjiyə qənaətlə bağlı və karbon qazı emissiyalarını azaltmağa yönəlmiş texnologiyalar üçün tətbiq edilib.

Bir sıra ölkələrdə “yaşıl” ixtiraların sürətləndirilmiş qeydiyyat tətbiqinə baxmayaraq, onun zəruriliyi və mümkünlüyü ilə bağlı hələ də konsensus əldə edilməyib. Bəziləri hesab edir ki, qeydiyyat prosedurları üçün tələb olunan vaxtın azaldılması, şirkətlər üçün rəqabət üstünlükləri yaradır: şirkətlər investisiya cəlb etmək, əlavə məhsullar hazırlamaq və yeni iş yerləri yaratmaq üçün patentlərdən istifadə edə bilərlər. Bu xüsusilə startaplar üçün uyğundur. Digər müəlliflər qeyd edirlər ki, qısaldılmış qeydiyyat müddətləri patent sahibləri üçün əlverişsiz ola bilər. Belə ki, şirkətlər üçün prosedurların uzadılması daha əlverişli ola bilər, bu, ixtiranın kommersiya baxımından uğurlu olub-olmadığını müəyyən etmək və texnologiyanın bazarda tanınması üzrə lazımi şəraitin yaradılmasına imkan yarada bilər. Sürətləndirilmiş ekspertiza müddətlərinin, hər bir patent sahibi üçün uyğun olmadığını nəzərə alaraq, bu ölkələrdə “yaşıl” ixtiraların qeydiyyatı üçün adi və sürətləndirilmiş prosedurlar arasında seçim etmək hüququ hər zaman iddiaçıya məxsus olur.

Xarici alimlərin iqlim böhranının qarşısının alınması üzrə gördükləri növbəti addımı, ətraf mühiti çirkləndirən texnologiyaların qeydiyyatı ilə bağlı “yavaş” prosedurların tətbiqidir. Eyni zamanda, bu texnologiyaların izahı geniş şəkildə – tətbiqi (istifadəsi) ətraf mühitə birbaşa ziyan vuran və ya qlobal iqlim dəyişikliyinin sürətlənməsinə səbəb olan texnologiyalar olaraq izah edilir.

Lakin bu təklif əksər hallarda dəstəklənmir və buna səbəb olaraq aşağıdakıları qeyd etmək olar:

1. İddia sənədinə baxılması üçün zəruri olan vaxtın artırılması, iddiaçıların, xüsusən də patentlər üzrə investisiyalara arxalananların fəaliyyətinə mənfi təsir göstərə bilər.

2. İddiaçılar üçün mənfi nəticələr, texnologiyaların ixtira kimi qeydiyyata alınmamasına və onlara dair kommersiya sirri rejiminin tətbiq edilməsinə səbəb ola bilər. Bu halda, yeni tədqiqatlar, texniki həllər səviyyəsinə düşmür və bu da öz növbəsində onlar əsasında yeni tədqiqatların həyata keçirilməsinə imkan vermir. Bu hal isə, "qeyri-yaşıl" texnologiyaların tətbiqinə gətirib çıxara bilər.

3. Müddətlərin artırılması patent qurumları üçün mənfi nəticələrə, baxılan iddia sənədlərinin sayının artmasına səbəb ola bilər.

Əsasən milli xarakter daşıyan bu cür təşəbbüslərin xüsusiyyətləri, müəyyən bir qurumdan asılıdır. Bəzi Əqli Mülkiyyət qurumları, iddiaçılar üçün sürətləndirmək istədikləri mərhələni seçməyə imkan yaradır: axtarış, ekspertiza və ya hər ikisi. Bəzi ölkələrdə ödəniş müqabilində, sektorlardan asılı olmayaraq, sürətli proqramlar həyata keçirilir ki, bu proqramda istənilən iddiaçı, o cümlədən “yaşıl” həllərin tərtibatçıları istəyə əsasən iştirak edə bilərlər. Digərlərində isə, adətən heç bir əlavə xərc ödəmədən, “yaşıl” texnologiya həlləri üzrə xüsusi sürətləndirilmiş proqram həyata keçirilir.

Bu cür proqram iştirakçılarının müraciətləri daha tez ekspertiza predmetinə çevrilir, məsələn, adi qaydada olan müraciətlər kimi 10 aydan sonra deyil, 3 aydan sonra və onlar üzrə patentlər daha tez verilir. Bir sıra ölkələrdə, patent üzrə sürətləndirilmiş kargüzarlıq proqramları, “yaşıl” tex-nologiyalara dair patentlər üzrə iddia sənədlərinin verilməsi və patentin alınmasına qədər olan müddətin üçdə ikiyədək azaldılmasına imkan yaradır.

Bu proqramlarda iştirakla bağlı qərarlar, “yaşıl” texnologiyanın bir forması hesab edilərək, iddiaçının müraciəti əsasında qəbul edilir. İddiaçıları həvəsləndirmək məqsədilə, əksər Əqli Mülkiyyət qurumları, iştirakla bağlı, yalnız ümumi meyarlar müəyyən edir. Məsələn, bir Əqli Mülkiyyət qurumu, bir tələb irəli sürür: sözügedən texnologiyanın “ekoloji faydası”nın olması. Müvafiq olaraq, iddiaçı da həllin ekoloji faydasını nümayiş etdirməlidir.

Bu cür təşəbbüslər, müxtəlif adda ola bilər: sürətləndirilmiş kargüzarlıq proqramı, “yaşıl” həllər üzrə sürətləndirilmiş baxılma proqramı, sürətləndirilmiş ekspertiza proqramı, vacib ekspertiza və s. “Yaşıl” texnologiyalar üzrə patent müraciətlərinə baxılmanın sürətləndirilməsi məqsədilə, bir sıra ölkələr əmtəə nişanları kimi digər əqli mülkiyyət hüquqları üzrə də sürətləndirilmiş ekspertizanı təklif edirlər.

Bunlara bizim Agentlik hazır olmalı və yaxın gələcəkdə tətbiq etməlidir.

Hazırda ABŞ-da karbon qazı tullantıları dünya göstəricisinin 14,4%-ni təşkil edir ki, bu, Avropa İttifaqının 27 ölkəsinin göstəricisindən 3 dəfə (4,9%) və yer atmosferinin çirklənməsində ölkəmizin payından 1440 dəfə çoxdur, hansı ki, bu, dünya göstəricisinin yalnız 0,1%-ni təşkil edir. Biz ümumi mənafeyə yönəlmiş belə mühüm, epoxal hadisəyə məhz Vətənimiz Azərbaycanın evsahibliyi etməsi faktını böyük qürur hissi ilə qəbul edir və onun həyata keçirilməsində uğurlar arzulayırıq.

Müsahibəni apardı:
Vaqif BAYRAMOV
XQ

Chosen
20
xalqqazeti.az

1Sources