EN

Zəfərdən sonrakı hədəf: Zəngəzur dəhlizi

Tarixi Zəfərin ildönümünü qeyd edirik.

8 Noyabr həm Şuşanın işğaldan azad olunduğu, həm də Zəfər Günüdür.

Bu tarix hər bir azərbaycanlı üçün çox əhəmiyyətli və vacibdir. Bəziləri Azərbaycanın 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcəyini və Şuşanın azad edilməsi ilə kifayətlənəcəyini belə düşünürdülər. Lakin hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. 

Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, Dəmir Yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə də ağ bayraq qaldıraraq təslimiyyətə məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Zəfər bayramı bütün Azərbaycanda qürurla qeyd olunur:

"Bu bayramı hər kəs qeyd etməlidir. Artıq məişət səviyyəsində də insanlar bir-birini təbrik edirlər. Bu, bizim üçün ən vacib və əziz bayram olmalıdır”. 

Partiya sədri vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixində bənzəri görülməmiş uğurlu əməliyyat keçirdi:

"Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz çox yüksək səviyyədə əməliyyat keçirərək cəmi 44 gün ərzində Qarabağı işğaldan azad etdi. Bu, dünya praktikasında da çox nümunəvi əməliyyat oldu. Nəzərə almaq lazımdır ki, müharibə zamanı Ermənistanın heç bir mülki vətəndaşına zərər dəymədi. Hərçənd ki, ermənilər Azərbaycanın dinc əhalisini hədəf alırdı, gecə yatdıqları yerdə üzərlərinə raketlər atılırdı. Lakin Azərbaycan elə dəqiqliklə müharibə apardı ki, sadəcə hərbi hədəflər vuruldu. Yəni, unikal bir müharibə idi. Nəticədə, 200 ildən sonra böyük bir zəfər qazandıq". 

Akif Nağı qeyd edib ki, Azərbaycan müharibə bitəndən sonra da öz mövqeyini ortaya qoyaraq sülh müqaviləsi imzalamaq üçün şərtlər irəli sürdü:

"Lakin bəziləri Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin və ətraf ərazilərin işğaldan azad olunacağına şübhə ilə yanaşırdılar. Hətta ermənilər də Laçın dəhlizindən Azərbaycana qarşı təxribat vasitəsi kimi istifadə etməyə başlamışdılar. Ona görə də Azərbaycan 2023-cü ilin aprel ayında Laçın dəhlizi nəzarətə götürdü və orada məntəqə qurdu.

Bununla da separatçıların planları pozuldu. Həmin ilin sentyabr ayında isə Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı həyata keçirildi. Yumşaq güc tətbiqi ilə nəticəyə nail oldundu. Ermənilər davam gətirə bilmədi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf ərazilər işğaldan azad olundu. Antiterror əməliyyatı ilə ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa olundu". 

Müsahibimiz Azərbaycanın bundan sonrakı hədəfləri barədə də danışıb:

"Bundan sonrakı hədəfimiz  Zəngəzur dəhlizinin açılmasıdır. Dünyada hansı dəyişikliklərin baş verməsindən asılı olmayaraq, Azərbaycan öz xəttini davam etdirir. Bütün dünya da Azərbaycanın siyasəti ilə hesablaşır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağına da ürəkdən inanırıq". 

Chosen
23
cebheinfo.az

1Sources