Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
Modern.az AzərTac-a istinadən xəbər verir ki, qədim tarixə malik şəhərdə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayiəti ilə hərbçilərin yürüşü keçirilib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın məğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilə nəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpaqlarının azad olunması ilə nəticələnən bu Qələbə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzində Azərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, o cümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsində Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxs şəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.
Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.
Dörd ildir Azərbaycan xalqı onun üçün mədəniyyət, milli irs və qürur mənbəyi olan Şuşanın işğaldan azad edildiyi tarixi – 8 Noyabrı Zəfər Günü kimi qeyd edir.