“Qarabağ” cari avrokubok mövsümündə bəlkə də ən ağır oyuna çıxacaq.
Rəqib ad-sana görə hər nə qədər “Tottenhem”lə “Ayaks”dan geri qalsa da, ötən ildən bu yana beynəlxalq arenalarda əldə etdiyi nəticələr bu komandanın gücündən xəbər verir.
2020, 2021 və 2023-cü illəri ölkə çempionu kimi başa vuran kollektiv 2023-cü ilin yayından bu yana avrokuboklarda keçirdiyi 23 oyunun yalnız 4-də məğlub olub. İki halda “Brügge”yə uduzub, hərəsində 1 dəfə olmaqla “Ayaks” və “Srvena Zvezda”ya boyun əyib.
Ötən yay Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən start verən “sarı-qaralar” qrup mərhələsinə qədər yüksələrək, oradan pley-offa adlayıblar.
“Ayaks”la Niderlanddakı qarşılaşma 2:2, Norveçdəki duel 1:1 hesabı ilə başa çatıb. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Ayaks” cütün taleyini xeyrinə həll edib.
2023-cü ilin Noveç çempionu 2024/25 “futbol ili”nə Çempionlar Liqasında start verib. II mərhələdə Latviya RFS-ni meydana çıxmağa peşman edib – 4:0, 3:1.
III mərhələdə Polşa “Yagelloniya”sı da “Bude Qlimt”in göstərdiyi oyun və vurduğu qolların qarşısında mat qalıb – 4:1, 1:0.
Pley-offda “Srvena Zvezda”nı öz meydanında 2:1 məğlub etməsinə baxmayaraq, Belqraddakı 0:2 hesablı yenilgi norveçliləri Avropa Liqasında “Qarabağ”a rəqib edib.
Avropa Liqasının əsas mərhələsində keçirdiyi 3 oyunun heç birində məğlub olmayan kollektiv “Portu”yla (3:2) “Braqa”nı (2:1) udub, Belçika “Union”u ilə qolsuz bərabərə qalıb.
Daha bir maraqlı fakt “Bude Qlimt”in cari avrokubok mövsümündə öz meydanında keçirdiyi 4 görüşün heç birində məğlub olmamasıdır. Ümumiyyətlə, bu komanda 2023-cü ilin yayından bu yana Norveçdə baş tutan 11 oyunda cəmi 2 yenilgi ilə üzləşib.
Noyabrın 7-də “Aspmira” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ