EN

Xarkovda Azərbaycanın Zəfər Gününə həsr edilən tədbir keçirilib

Azərbaycan Respublikasının dövlət bayramı olan 8 Noyabr - Zəfər Günü ərəfəsində fəxri konsulluğun təşəbbüsü ilə Xarkov şəhərində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə qonaqlar “Qarabağın dirçəlişi” fotosərgisi ilə tanış olublar.

Tədbir Ukrayna Milli Qvardiyasının 5-ci Sloboda Briqadasının Hərbi Orkestrinin ifasında Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Sonra Qarabağ şəhidlərinin və Ukraynanın müstəqilliyi uğrunda canlarından keçmiş müdafiə qüvvələrinin əsgərlərinin xatirəsi ehtiramla anılıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxışında 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2020-ci ilin noyabr ayının 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağın Şuşa şəhərini işğaldan azad edib: “Bütün dünya Azərbaycanın öz doğma torpağını necə qətiyyətlə müdafiə etdiyini, erməni separatçı qrupuna necə layiqli cavab verdiyini gördü. Qələbə – təkcə güc deyil, həm də ruhun Zəfəridir. Bu, ölkənin tarixində gələcək nailiyyətlərə, inkişafa və tərəqqiyə ruhlandıran yeni səhifədir”.

Əfqan Salmanov əlavə edib ki, Ukrayna hərtərəfli irimiqyaslı humanitar yardıma, energetika sektorunun bərpası üçün texniki avadanlıqlara və humanitar minatəmizləmə işlərinə yardıma, habelə ukraynalı uşaqların Azərbaycanda istirahəti və reabilitasiyadan keçməsi imkanına görə Azərbaycan Respublikasının rəhbərliyinə minnətdardır.

Bayram tədbiri “Haqq-hesab günü” filminin nümayişi ilə davam edib.

Chosen
3
2
ikisahil.az

3Sources