EN

Məhkəmə Ülvi Həsənlini həbsdə saxlayıb

Noyabrın 7-də Bakının Xətai Rayon Məhkəməsində Abzas Media nəşrinin direktoru Ülvi Həsənlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb.

Dinləmələr iş günündən sonra, saat 19.15-də keçirilib, bu barədə vəkil Zibeydə Sadıqova bildirib. Bu, Həsənlinin prosesdə onlayn iştirak etməkdən imtina etməsi və prosesdə iştirak etməkdə israr etməsi səbəbindən baş verib.

Məhkəmə vəkili bu barədə məlumatlandırmayıb, o, prosesə gələ bilməyib və onlayn formada iştirak edib.

Sadıqova ev dustaqlığına keçirilmə haqqında vəsatətlərə onlayn formada baxılmasının qanunsuz olduğunu bildirib. "Təqsirləndirilən şəxs prosesdə şəxsən iştirak etməlidir və vəsatət təmin edilsə, o, dərhal azad edilməlidir. Deməli, məhkəmə iclası onlayn formada keçirməklə əvvəlcədən vəsatətin təmin edilməməsi haqqında qərar qəbul edir", deyə vəkil bildirib. O qeyd edib ki, son vaxtlar Abzas Media-nın işi üzrə həbs olunan şəxslər məhkəmələrə gətirilmir.

Həsənli də işin fiqurantlarına əvvəlcə sabah məhkəməyə aparılacaqlarının deyilməsi, sonradan isə aparılmaması ilə bağlı etirazını bildib.

Ev dustaqlığına keçirilmə haqqında vəsatətə gəlincə, o, istintaqın artıq başa çatması və vəkilin və Həsənlinin özünün işin materialları ilə tanış olması ilə əsaslandırılıb.

Digər tərəfdən, Həsənlinin Bakıda daimi yaşayış yeri var, o, özünü təqsirli hesab etmir, buna görə də gizlənmək niyyətində deyil. Lakin məhkəmə vəsatəti təmin etməyib. Vəkil apellyasiya şikayəti verəcək.

Dünən bu işin digər fiqurantlarının - Sevinc Vaqifqızı və Elnarə Qasımovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatətlər də təmin edilməyib.

* Ülvi Həsənli 2023-cü ilin noyabr - 2024-cü ilin yanvar aylarında "Abzas Media"nın işi üzrə həbs edilmiş altı jurnalistdən biridir. Sonradan bu iş üzrə iqtisadçı Fərid Mehralızadə də həbs olunub.

Əvvəlcə onlar hamısı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

Lakin 16-19 avqust tarixlərində  jurnalistlərə qarşı daha ağır ittihamlar - CM-in 192.3.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə eetməklə törədildikdə), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 və 320.2 (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə), 213.2.1 (vergilərdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.

Bu ittihamlara görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər bütün ittihamları rədd edirlər.

Chosen
11
turan.az

1Sources