EN

44 günlük müharibədən sonra Türk dünyasının inteqrasiyası daha da güclənib


Bu gün ölkəmizdə bayram bayrama qarışıb. Noyabrın 8-i həm Zəfər Günü, həm də əziz Şuşamızın işğaldan azad edildiyi gün - Şuşa Şəhəri Günüdür. 2020-ci ilin bu günü, düz 28 illik həsrətdən sonra üçrəngli Bayrağımız Şanlı Ordumuz tərəfindən yenidən Şuşa səmasında ucaldıldı. Tariximizə qızıl hərflərlə yazılmış Böyk Zəfərimizin dördüncü ili tamam olur. 8 Noyabr – ilahi ədalətin və milli haqqımızın bərqərar olduğu, ərazi bütövlüyümüzün bərpa olunduğu müqəddəs gündür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu rəhbərliyi və Ordumuzun misilsiz şücaəti ilə qazandığımız 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə bütün həmvətənlərimizi, o cümlədən şuşalı soydaşlarımızı ürəkdən təbrik edir, xalqımıza daim xoş və firavan günlər arzu edirik.

Biz 4 il əvvəl erməni işğalçılarından təmizlənən Şuşanın mərkəzinə igid əsgərlərimiz, xüsusi təyinatlılarımız tərəfindən Azərbaycanın üçrəngli şanlı bayrağının sancıldığı anları yaxşı xatırlayırıq. Həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edəndə, hamımız bu tarixi xəbəri ayaqda qarşıladıq. Sevincimizin həddi-hüdudu yox idi. Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyinin həll olunması, düşmənin başına sözün əsl mənasında Dəmir Yumruğun vurulması demək idi. Mədəniyyət paytaxtımızın düşmən tapdağından azad edilməsi “Dəmir Yumruq” əməliyyatının zirvə nöqtəsinə, Böyük Zəfərimizin möhürünə çevrildi.

Azərbaycan xalqı beynəlxalq hüququn işləməməsi ucbatından 30 ilə yaxın torpaqlarımızın işğaldan azad edilməsini gözləməli oldu. Lakin bu işğal əbədi davam edə bilməzdi. Ötən 30 il ərzində nə xalqımız, nədəki dövlətimiz işğal faktı ilə barışmadı. Hərçənd ki, təcavüzkar Ermənistan və onun havadarları, xüsusən də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan xalqını işğal reallığı ilə barışdırmaq üçün əllərindən gələni edirdilər. Lakin Azərbaycan dövləti və onun müdrik lideri bu mənfur planları puça çıxarmağı bacardı. Ulu Öndərimizin layiqli varisi, Prezident İlham Əliyevin 2003-cü ildən 2020-ci ilə qədər apardığı ordu quruculuğu siyasəti və uğurlu diplomatiyası erməni işğalının legitimləşdirilməsinə, “status-kvo” deyilən xain planın əbədiləşdirilməsinə yol vermədi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı təxribat və hücumlarına cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən müharibəsinə başladı. Bu, ən yeni tariximizin ən parlaq səhifəsinin yazılmasının başlanğıcı idi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad etdi. Şuşanın azad olunması ilə düşmənin beli tam olaraq qırıldı.

Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri və strateji əhəmiyyəti olan Şuşa şəhərinin düşmən tapdağından azad edilməsi Dövlətimizin və Ordumuzun prioritet vəzifəsinə çevrilmişdi. Prezident İlham Əliyevin məşhur ifadəsi ilə desək, Şuşasız bizim Qələbəmiz həqiqətən də yarımçıq olardı. Ona görə də bu şəhərin işğaldan azad edilməsi sözün əsl mənasında “olum, ya ölüm” məsələmizə, haqq davamıza çevrilmişdi. Şuşa şəhərinin strateji yüksəkliklərinin ələ keçirilməsi və Azərbaycan Ordusunun şəhərə girişi həqiqətən də ən böyük müharibə romanlarının və tarixi filmlərin mövzusu ola bilər. Vətən müharibəsinin 38-ci günü (noyabrın 3-dən etibarən) Azərbaycan Ordusu Şuşanın azad olunması uğrunda döyüşlərə başlayıb. Qarabağımızın baş tacı olan bu şəhər məhz Ali Baş Komandanın qətiyyətli iradəsi, xalqımızın həmrəyliyi və döyüşçülərimizin əfsanəvi igidliyi hesabına işğaldan azad edildi. Əsgərlərimiz çətin hava şəraitində, sıldırım qayaları dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil olub, düşmənlə əlbəyaxa döyüşə girdilər və Qarabağın döyünən ürəyi olan Şuşanı işğalçılardan təmizlədilər. Məhz bu əməliyyatdan sonra düşmən hərbçiləri kütləvi şəkildə təslim olmağa başladılar. Döyüşdən qaçan düşmənin fərari əsgərlərinin sayı 10 mini ötmüşdü, 20 minə yaxın Ermənistan hərbçisi isə ön cəbhədə mühasirədə idi. Təslim olmaq, kapitulyasiya sənədinə imza atmaq Ermənistanın yeganə xilas yolu idi.

Şuşa döyüşləri 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən uğurlu əməliyyatlar zəncirinin sonuncu və həlledici həlqəsi oldu. Şuşa zəfəri Vətən müharibəmizi taclandırdı. Şuşa döyüşlərindən sonra Ermənistan rəhbərliyi tam olaraq məğlubiyyətə düçar olduqlarını anladı və müharibənin dayandırılması, mühasirədəki qoşunların xilası üçün dünya liderlərinə yalvarmağa, onların vasitəsilə Azərbaycandan aman diləməyə başladı. Beləliklə, Şuşadakı qələbəmiz işğal altında olan digər üç rayonun - Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən dinc yolla ölkəmizə qaytarılmasını təmin etdi.

Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr bütövlükdə Azərbaycan xalqının və dövlətinin Zəfər Gününə, Zəfər Bayramına çevrilib. Və bu bayram dövlət səviyyəsində rəsmiləşdirilib, ən yeni tariximizin, milli təqvimimizin qalibiyyət rəmzinə çevrilib. Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sözügedən sərəncama əsasən, artıq dörd ildir ki, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra isə separatçı rejim ləğv edilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün Şuşa ilə yanaşı, Xankəndi və Xocalıda da Azərbaycan Bayrağı dalğalanır.

Şuşa ikinci azadlığına qovuşandan sonra digər ərazilərimizdə olduğu kimi bu şəhərdə sürətli bərpa-quruculuq işlərinə start verilib. 44 günlük müharibədən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamı (2021-ci il 7 may tarixli Sərəncam) ilə Şuşa həm də rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilib. Ötən 4 il ərzində biz Şuşanın Türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə də şahidlik etmişik. Bu il Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçirilib. Mədəniyyətimizin beşiyi sayılan bu şəhər Türk dünyasını birləşdirən şəhərə çevrilib. Azərbaycanın tarixi Zəfəri Türk dünyasında da böyük ruh yüksəkliyi yaradıb. 44 günlük müharibədən sonra Türk dünyasının inteqrasiyası daha da güclənib.

Son dörd ildə aparılan bərpa və yenidənqurma işləri nəticəsində Şuşa nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın və dünyanın ən gözəl, unikal şəhərlərindən birinə çevrilib. 30 ilə yaxın davam edən işğal müddətində erməni vandalları Şuşanın adını və simasını dəyişməyə cəhd göstərsələr də, lakin onlar buna nail ola bilməydilər. Onlar bu şəhərdəki tarixi-mədəni irsinimizin bir çox nümunələrini – muzeyləri, abidələri, məscidləri, məqbərələri dağıtmağa, talamağa müvəffəq olsalar da, ancaq ümumilikdə Şuşanın tarixi-milli simasını “erməniləşdirə” bilmədilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.

Erməni vandalları işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurun hər yerində olduğu kimi Şuşa şəhərində də əsl barbarlıq və vandalizm davranışı nümayiş etdirib. Bu gün Qarabağa və Şərqi Zəngəzura səfər edən əcnəbi qonaqlar, turistlər erməni işğalının dəhşətli izlərini də, Azərbaycan xalqının və dövlətinin quruculuq işlərini də əyani surətdə müşahidə etmək imkanını qazanırlar. İndi dünya birliyinin erməni vandalizmi ilə azərbaycanlıların qurucu ruhunu müşahidə və müqayisə etmək imkanı var. İstənilən şəxs Qarabağa səfər edib, ermənilərin “ikinci Xirosima”ya çevirdiyi Ağdamdakı və ya Füzulidəki, Cəbrayıldakı vandalizm izləri ilə və bu gün orada həyata keçirilən təmir, yenidənqurma işləri ilə yaxından tanış ola bilər.

Hazırda Qarabağ və Şərqi Zəngəzurun erməni işğalının dağıntılarından təmizlənməsi və dirçəlişi istiqamətində “Böyük Qayıdış” Dövlət Proqramı sürətlə icra olunur. İşğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya hazırkı mərhələdə 30 minə yaxın insanın qayıdışı təmin olunub. Şuşaya, Laçına, Füzuliyə, Cəbrayıla, Zəngilana keçmiş məcburi köçkünlərin qayıdışı proses davam edir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə məktəblər açılır. Xankəndi şəhərində bu ildən fəaliyyətə başlayan Qarabağ Universitetində yüzlərlə Azərbaycan gənci təhsil alır. Bir sözlə, Azərbaycan bütün addımları ilə quruculuq və sülh örnəyi nümayiş etdirir. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edən ilk tərəf oldu. Hazırda da məhz Azərbaycanın siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində Ermənistanla yekun sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunmaqdadır. Ermənistanın Fransa, Kanada, Hindistan və sair kimi havadarlarının qızışdırıcı davranışlarına və sülh danışıqlarının irəliləməsinə cürbəcür maneələr törətmələrinə baxmayaraq, Bakı İrəvanı sülhə məcbur etməyi bacaracaq. Qalib Azərbaycan sülh prosesini uğurla yekunlaşdıracaq.

Biz Milli Qürur Günümüz olan Zəfər Günündə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi dərin hörmət və şükranlıq hissilə anır, qazilərimizə möhkəm cansağlığı diləyirik. Müzəffər Ali Baş Komandanımızı və qüdrətli Ordumuzu tariximizə qızıl hərflərlə yazılan Zəfər bayramı münasibətilə təbrik edirik. Ölkəmizə, bölgəmizə və dünyamıza isə qalıcı sülh və əmin-amanlıq arzulayırıq. Tanrı xalqımızı və bütün insanlığı faşizmin bütün təzahürlərindən, o cümlədən erməni faşizmindən qorusun.

Zəfər Günümüz mübarək olsun! Yaşasın Azərbaycan!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Chosen
36
newscenter.az

1Sources