EN

"Karvan" uduzdu, "Qəbələ" və "İmişli" qələbə qazandı - YENİLƏNİB

Srağagün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 7-ci tura start verildi.

Millinin oyunlarıyla bağlı fasilədən əvvəl keçirilən oyunlarda ilklə yanaşı, davam edən uğurlu seriya da var. Detallı danışsaq, noyabrın 6-da keçirilən açılış matçında “Qaradağ Lökbatan” “Difai”ni əli ətəyindən uzun yola saldı. Bir saata yaxın müddətdə ardıcıl dörd qol vuran meydan sahibləri mövsümdə ilk qələbəsinə qovuşdu. Görünür, komandanın ölkə kubokunun 1/16 final mərhələsinə vəsiqə qazanması həm özünəinamı bərpa edib, həm də düşərgədə ruh yüksəkliyi yaradıb. Belədə növbəti oyunlarda daha əzmkar “Qaradağ Lökbatan” görə bilərik. Ağsu təmsilçisi də autsayder sırasında qərarlaşmağa davam edir. Kollektiv heç cür sabit şəkildə yaxşı nəticələr qazanmağın yolunu tapa bilmir.

Dünən keçirilən oyunlardan birincisində gözlənilməz halla qarşılaşdıq. Daha dəqiqi, “Karvan” “doğma divarlar” arasında “Cəbrayıl”a uduzdu. Bu, “Karvan”ın mövsümdəki ilk məğlubiyyəti oldu ki, ardınca baş tutan matçda “Qəbələ”nin MOİK-i darmadağın etməsi yevlaxlılarla “qırmızı-qaralar” arasındakı xal fərqini birə endirdi. Düzdü, Kənan Kərimovun komandasının hardasa büdrəyəcəyi bəlliydi. Lakin əksəriyyəti bunun “İmişli” və “Qəbələ” kimi daha iddialı və güclü rəqiblərlə mübarizədə yaşanacağını düşünürdü. Maddi çətinliklər yaşayan Qarabağ təmsilçisinin 2500 tamaşaçının gözü önündə lideri büdrətməsi nəticənin, sadəcə, pul, azarkeş dəstəyi kimi amillərdən asılı olmadığını bir daha sübut etdi. Təbii ki, belədə “Qəbələ” qələbəsini daha yaxşı ab-havada qeyd etdi. Üstəlik “qırmızı-qaralar” yenə qapısını toxunulmaz saxladı. Onlar nə 1-ci liqada qol buraxıb, nə də ölkə kubokunda! Beləliklə, komanda 7 oyunluq məğlubiyyətsizlik seriyaya malikdi.

Tura bu gün keçiriləcək matçlarla yekun vuruldu. Eyni saatda başlayacaq oyunlarda “Zaqatala” “İmişli”ni, “Mingəçevir” “Baku Sportinq”i qəbul etdi. İlk görüşün prinsipiallığı komandaların qonşu pillələrdə qərarlaşmasından ibarət idi. Daha doğrusu, çempionluq yarışından uzaq düşən “İmişli” səfərdə üç xal qazanmaqla ilk “üçlüy”ə daxil olmalıydı. Belə də oldu. Paytaxt təmsilçisi isə qələbə qazanaraq yuxarı pillələr uğrunda mübarizədə xal ehtiyatını artırdı.

6 noyabr
Qaradağ Lökbatan – Difai 4:2

Ramin Məhərrəmli, 29. Ceyhun Muxtarlı, 41; 45+1; 56 - Xəyyam Məmmədli, 87. Əli Mürsəlov, 88.

7 noyabr
Karvan – Cəbrayıl 1:2

Bəhruz Teymurov, 2 - Okan Təhməzli, 68. Zeynəddin Abdurahmanov, 71.

Qəbələ - MOİK 3:0
Elşad Tağıyev, 50; 76. Abdullahi Şuaybu, 64.

8 noyabr
Zaqatala – İmişli 1:4

Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Mingəçevir – Baku Sportinq 1:2
Mingəçevir, Yaşar Məmmədzadə adına şəhər stadionu. Saat 14.00.

Xal durumu: Karvan – 18, Qəbələ - 17, Cəbrayıl, İmişli – 13, Zaqatala – 11, Baku Sportinq – 10, MOİK – 5, Mingəçevir, Difai, Qaradağ Lökbatan – 4.

Bombardirlər: Bəhruz Teymurov (Karvan) – 8, Seyxan Fərəcov (İmişli), Emil Qasımov (Karvan) – 4.

KƏNAN BAHADIR

Chosen
36
football-plus.az

1Sources