Dünyada ərzaq qiymətləri son 18 ay ərzində ən yüksək səviyyəsinə çatıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən "Qiymət İndeksi"ndə deyilir.
Qeyd edilir ki, oktyabr ayında şəkər və süd məhsullarının maya dəyərində artım olub. Beləliklə, dünyada ərzaq qiymətləri oktyabrda 18 ayın ən yüksək səviyyəsinə çatıb.
Ərzaq qiymətləri indeksi oktyabrda orta hesabla 127,4 bənd təşkil edib ki, bu da sentyabr ayına nisbətən 2% artım deməkdir. Son 1 il yarımda ən sürətli artım sentyabr ayında qeydə alınıb.
Məlumata görə, bitki yağı və dənli bitkilərin qiymətində kəskin artım müşahidə olunub. FAO-nun bitki yağı qiymətləri indeksi 7,3% artıb. Bu qiymət artımı əsasən istehsalla bağlı narahatlıqlarla əlaqəlidir.
Oktyabrda FAO taxıl qiymətləri indeksi 0,9% artıb. Buna buğda və qarğıdalı üçün ixrac qiymətlərinin artması səbəb olub. Qlobal qarğıdalı qiymətləri də qismən güclü daxili tələb və Braziliyada nəqliyyat problemləri sayəsində artıb.
Oktyabr ayında şəkər və süd məhsullarının qiymət indeksində də artım müşahidə olunub.
"Cebheinfo.az"