EN

Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinə həsr edilən “Zəfər qalereyası” adlı ekspozisiya sərgilənir

Dövlət Bayrağı Muzeyi təmir-bərpa işlərindən sonra yeni tərtibatda fəaliyyətə başlayaraq istifadəyə verilib. Artıq burada işlər tamamlanıb. Muzeyin giriş hissəsində Vətən müharibəsinə həsr edilən “Zəfər qalereyası” adlı ekspozisiya qurulub. Ümumiyyətlə, muzeydə qədim və zəngin dövlətçilik tarixinə həsr olunan qiymətli eksponatlar, rəmzlər nümayiş olunur.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva deyib.

O bildirib ki, qalereyada Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir.

Direktor qeyd edib ki, muzey altı sərgi salonundan ibarətdir.

A Sərgi salonunda ölkəmizin qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar və XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində 1918-ci il dekabrın 7-də asılan Dövlət Bayrağı, həmin dövrə aid fotoşəkillər, pul əsginasları, poçt markaları, eləcə də keçmiş Azərbaycan SSR-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunan konstitusiyaları, pul əsginasları və poçt markaları təqdim edilir.

C Sərgi salonundakı eksponatlar isə müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Prezidentinin ştandartı, dövlətimizin orden və medalları, Azərbaycan Konstitusiyası, eləcə də Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrinə sancılmış Dövlət Bayrağı nümayiş etdirilir. Salonda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” 2009-cu il 17 noyabr tarixli sərəncamlar, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 17 noyabr tarixli Qərarından ibarət stend yerləşdirilib.

Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları isə muzeyin D salonunda sərgilənir.

E və F salonlarında Azərbaycanın hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb. Sonra Prezident İlham Əliyev meydanda və Dövlət Bayrağı Muzeyində yaradılan şəraitlə tanış olub.

Chosen
5
26
ikisahil.az

10Sources