8 Noyabr - Zəfər Günü münasibətilə Bolqarıstan Respublikasında silsilə tədbirlər həyata keçirilmişdir.
Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əldə etdiyi şanlı Zəfərlə bağlı məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılmışdır. Məlumatlarda tarixi qələbənin ölkə rəhbərliyinin seçdiyi müdrik və müstəqil xarici siyasi kurs və xalqımızın sarsılmaz əzmi hesabına qazanıldığına diqqət çəkilmişdir. Dünya azərbaycanlılarının hər il noyabrın 8-də qeyd etdiyi bu qələbənin yalnız milli zəfər deyil, həm də beynəlxalq hüquq və ədalətin təntənəsi olduğu və bu xüsusda, bütün sülh və ədalətsevər xalqlar üçün əlamətdar olduğu qeyd edilmişdir.
Zəfər Günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin kollektivi Azərbaycanlı soydaşlarımızla birgə Sofiya şəhərinin mərkəzi parklarından olan Vrana parkında “8 noyabr Zəfər Günü”nə həsr edilməklə inşa edilmiş Xarı-Bülbül gül kompozisiyasını ziyarət etmişlər.
Azərbaycan diasporunun nümayəndələri, həmçinin Azərbaycanın Bolqarıstanlı dostları Zəfər bayramını Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyində keçirmişlər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov xalqımızın qürur mənbəyi olan bu şanlı qələbənin tarixindən və əhəmiyyətindən bəhs etmişdir. Ermənistanın otuz ilə yaxın davam edən hərbi işğal dövründə yerlə yeksan etdiyi ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı yenidənqurma işlərinin bu torpaqların əsl sahiblərinin kim olduğuna bariz cavab olduğunu bildirmişdir. Bayram tədbirində ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaq görən siyasət, həmçinin şəhid və qazilərimizin canı və qanı hesabına əldə edilmiş tarixi qələbədən bəhs edən videoçarxlar nümayiş etdirilmişdir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən Zəfər Gününə həsr olunmuş “Şərq mədəniyyəti və dilinin inkişafında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın rolu” mövzusu üzrə Bolqarıstan tələbələri və gəncləri arasında inşa müsabiqəsi elan edilmişdir