Bakıdakı hotellər COP29 ərəfəsində 80 faiz dolub. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ümumilikdə 17 500 hotel otaqlarının 80 faizi artıq satılıb.
"Qonaqların yerləşdirilməsi üçün yaşayış komplekslərindən də istifadə ediləcək", - Anar Ələkbərov bildirib.
O əlavə edib ki, bu günə kimi Bakıda 67 min nəfər COP29 üçün qeydiyyatdan keçib.
"Çox sayda qonaq gözləyirik. Bu, Azərbaycan tarixində ən böyük tədbirdir. Bütün COP29 məkanı istifadə olunacaq, boş yer qalmayıb", - A.Ələkbərov bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.//Trend