EN

Ərdoğandan mühüm anonslar – Turan ordusu yaradılır?

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında qeyd edib ki, ortaq türk əlifbasının hazırlanması ilə bağlı çox ciddi işlər görülür.

Vahid bayrağın ardınca vahid əlifba yaradılır. Digər tərəfdən TDT-nin vahid ordusunun yaradılması barədə də fikirlər səsləndirilir.

Bu baş tutarsa, Qərb ölkələrinin münasibəti necə olar?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının son toplantısında Türkiyə prezidenti aktual fikirlər səsləndirdi:

“Ortaq türk əlifbası ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Bu istiqamətdə xeyli irəliləyişlər əldə olunub. Türk əlifbasının qəbulundan sonra digər istiqamətlərdə də əməkdaşlığın və əlaqələrin gücləndirilməsi prioritet olacaq. Bu baxımdan son dövrlərdə TDT-yə daxil olan ölkələr arasında yalnız mədəni, iqtisadi, ticarət əlaqələri deyil, eyni zamanda siyasi, hərbi-texniki elm tutumlu sahələrdə ciddi əlaqələr qurulmaqdadır.

Birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində istehsal sahələrinin qurulması və s. inteqrasiyanın formalarıdır. Əlaqələrin gücləndirilməsinə imkan yaradacaq faktorlardır”.

 
Politoloqun sözlərinə görə, TDT-nin gerbi, ortaq əlifbası qəbul edildikdən sonra digər istiqamətlərdə də addımlar atıla bilər:

“Bu gün həmin fikirlər bir qədər fantastik səslənə bilər. Hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, Türkiyə müdafiə sənaye məhsullarının, türk dövlətlərinin orduları tərəfindən istifadə olunması, bəzi ölkələrin birlikdə hərbi təlim keçməsi və s. gələcəkdə sözügedən prosesin baş tutması üçün zəmin yaradır. Gələcəkdə TDT-yə daxil olan dövlətlər ortaq müdafiə sisteminin yaradılması ilə bağlı qərarlar qəbul edə bilərlər”.



O.Qasımov qeyd edir ki, TDT-nin güclənməsini istəməyən qüvvələr də var:

“Prosesə qısqanclıqla yanaşan, narahat olan dövlətlər mövcuddur. Onlar bizim qonşuluğumuzdadır. Qərbdə də sözügedən vəziyyətdən narahat olan qüvvələr var. Ona görə də bu istiqamətdə atılan addımlara əngəl törətməyə çalışacaqlar. Biz bunlara hazır olmalıyıq. Lakin Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin hazırkı əlaqəsinin dinamikası onu deməyə əsas verir ki, yaxın onillikdə bir çox ideyalar gerçəkləşə bilər”.  

Chosen
52
referans.az

1Sources