EN

Azərbaycanın Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqda “8 Noyabr – Zəfər Günü”nə həsr olunan tədbir keçirilib.

SIA xəbər verir ki, Fransanın Strasburq şəhəri və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov çıxış edərək işğal dövründə Azərbaycan xalqının məruz qaldığı əzab-əziyyət, sarsıntı və çətinlikləri xatırladıb, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsindən danışıb. Diplomat minlərlə günahsız azərbaycanlının həyatını itirməsindən söz açaraq, millətimizin yaddaşında unudulmaz dərin izlər buraxdığını söyləyib. Bildirib ki, beynəlxalq ictimaiyyətin gözü qarşısında 30 il davam edən bu haqsızlığa Prezident, Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycanın rəşadətli Ordusunun əzmi, əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində son qoyulub. Bu əzəmətli Zəfərin davamı olaraq ötən ilin sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyi tam şəkildə bərpa olunub.

Sonra F.İsmayılov dövlət başçısının birbaşa diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərindən danışıb və bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtdığını qeyd edib. Daimi nümayəndə çıxışına Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılışında söylədiyi “bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır” fikirlərini sitat gətirməklə yekun vurub.

Daha sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbir musiqi proqramı ilə davam edib.

Chosen
35
2
sia.az

3Sources